“İndi bizim küçə və meydanlarda torpaqlarımızın düşmənlərdən azad edilməsində yardımçımız olan türk “Bayraktarı”nın abidəsi olmalıdır”
...Hər dəfə keçmiş “orta bulvar” küçəsindən keçəndə burda məşhur rus kəşfiyyatçısı Rixard Zorgeyə qoyulmuş abidə diqqətimi cəlb edir. Sovet DTK-nın mənhus simasını sərgiləyən, görkəmi ilə adamların rahatlığını pozan bu abidənin niyə buraya qoyulduğunu və indiyədək götürülmədiyini fikirləşirəm. Burda quraşdırılmış bu “xatirə-memarlıq kompleksi” təkcə zövqləri korlamır, həm də keçmiş kommunist diktaturası dövrünün-sovetlər birliyinin müstəmləkə siyasətinin hələ də üzərimizdə qaldığını yada salır. Burdan keçən, parkda istirahətə gələn uşaqlar da R.Zorgenin qaba baxışları ilə qarşılaşırlar. Ata-analarının əlindən tutub bağı dolanan uşaqlar bu abidənin kimliyi və niyə burda qoyulduğu ilə də maraqlanırlar. Valideynlər isə uşaqların suallarına cavab tapa bilmirlər. Axı, necə desinlər ki, gördüyünüz abidə sovet imperiyasından qalan mənhus bir xatirədir?
1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə heykəltaraş V.Siqal və arxitektor M.Hüseynov tərəfindən hazırlanıb Bakının mərkəzi hissəsinə pərçimlənən bu abidənin indiyədək qorunub saxlanılmasına təəccüb etməyə bilmirsən. Axı, bu gərəksiz abidənin azad Azərbaycan üçün nə önəmi var? Zorgenin atası vaxtı ilə Azərbaycanda neft sahəsində işləyib və balaca Zorge doğulduqdan sonra Almaniyaya qayıdıb. Zorgenin doğulduqdan sonra ailəlikcə Bakını tərk etmələri də göstərir ki, onun Bakı həyatı ilə heç bir bağlılığı yoxdur. Onun casusluq fəaliyyəti də bizim müstəqilliyimizi əlimizdən alan, uzun müddət bizi müstəmləkə boyunduruğunda saxlayan sovet hökuməti üçün olub. O sovet hökuməti ki, xalqımız üçün zindana çevrilib. Sərvətlərimizi talayıb, milli ziyalılarımızı Sibirin qazamatlarında qətlə yetirib. Bizim üzərimizdə erməni ağalığını bərqərar edib. Qədirbilməz sovet hökuməti sonda ona xidmət edən Zorgenin də qəniminə çevrilib.
Böyük işğal illərində-sovet dövründə məruz qaldığımız məhrumiyyətlərin təşkilatçılarına məxsus xeyli heykəl və digər atributlar hələ də ölkəmizdə qalmaqdadır. Onların varlığı isə, onu göstərir ki, hələ də keçmiş müstəmləkənin boyunduruğundan tam azad ola bilməmişik.
***
Arzuolunmaz heykəllərdən biri də bulvara yaxın ərazidə rus istilaçılığının alovlu tərənnümçüsü Puşkinə qoyulmuş abidədir. Hər dəfə ordan keçəndə işğal şairi Puşkinin “Qafqaz, təslim ol, Yermalov gəlir!” misraları qulaqlarımda səslənir. Bu misralar hamımıza yaxşı tanışdır. Orta məktəb illərində şeirləri bizə zorla əzbərlətdirilən Puşkini rus ədəbiyyatının zirvəsi edən də onun belə şovinist şeirləri idi. Rus ideologiyasına uyğun olaraq, bu, uşaqlıqdan bizi rus istilası ilə qorxutmağa hesablanmış siyasət idi. Puşkinin Yuri Orexov tərəfində hazırlanmış heykəli 2001-ci ilin oktyabrında buraya qoyulub. Hər il bizə yad olan bu adamın Azərbaycanda ad günü qeyd olunur. Rus şovnizminin carçısı olan Puşkini sovet dövründə bizə dünya ədəbiyyatının dahisi kimi təqdim edirdilər. Halbuki Rusiyanın Puşkindən qat-qat yüksəkdə dayanan M.Lermantov, Nekrasov və digəri kimi böyük şairləri də var. Böyük korifeylər A.Çexov, L.Tolstoy, F.Dostoyevski və onlarla başqaları Puşkin qədər təbliğ olunmurdu. Çünki bu yazıçıların əsərləri rus istilasını təbliğ etmirdi. Puşkinin heykəlinə Bakının axar-baxarlı guşəsində yer verdiyimiz halda dərdimizin qalası olan Xocalı soyqırımına aid olan abidəni metronun Xətai stansiyasına yaxın, ancaq gözdən-könüldən uzaq bir ünvana atmışıq. Yaramızı tam əhatə edə bilməyən, rus-erməni hərbiçilərinin xüsusi amansızlıqla törətdiyi qətliamı heç də tam əks etdirməyən həmin abidəni lazımi səviyyədə hazırlayıb bolşeviklərin yadigarı Ayna Sultanovanın heykəlinin yerinə qoya bilmərikmi? Əlbəttə, bu barədə ciddi düşünməliyik. “Şəhidlər xiyabanı”nın girişi də oraya gələnlərə bələdçilik etmir. Soyqırımı törədən rus hərbiçilərin adı çəkilmir. İnsanları qanına qəltan edən sovet tanklarının tırtılları altında qalan yollar-rizlər vətənpərvər bir heykəltaraşın yaradıcılığına ehtiyac duyur. Xiyabanın ortasında tikilmiş, kənardan baxanda rus əsgərinin əcaib alətinə oxşayan rəmz də dəyişdirilməlidir. Onun yerində zalım düşmənin qətl etdiyi bir azadlıq sevərin tank tırtılları altında əzik-üzük olmuş bədəninin abidəsi qoyulmalıdır ki, ziyarətçilər yaşadığımız ağrıları duya bilsinlər. Müdafiə Nazirliyində işlədiyim vaxt Puşkinin heykəlinin Bakıda açılışı günü bir rus zabitinin dediyi sözləri heç vaxt unuda bilmirəm. O deyirdi ki, biz işğal etdiyimiz, ələ keçirdiyimiz ölkələrdə həmişə Puşkinin heykəlini qoymağa çalışırıq. Belə bir bəşəri xəyanətkarın, saysız-hesabsız günahsız insanların qanını tökən, Qafqazı istila edən rus ordusuna şeir-marş yazan puşkinlərin heykəlləri bizə lazımdırmı? Həmin heykəl, 20 Yanvarda, Dağlıq Qarabağ və ona bitişik ərazilərdə erməni adı altında bizi qətl edən rus hərbiçilərini üstümüzə səsləmirmi? “Azərbaycan, təslim ol, rus ordusu gəlir!”-demirmi? Müstəqilliyə qovuşduğumuz vaxtan xeyli zaman ötsə də hələ də bizi istismar edən sovet hökumətinin atributları və kadrlarının təbliğindən qurtula bilməmişik. Təəssüflər olsun ki, İH Başçıları, bələdiyyə rəhbərləri vəzifələrini sərvət toplamaq azarı ilə icra etdiklərinə görə ərazilərində qalmaqda olan sovet “yadigarları”nı təmizləmirlər. Məsələn, adı Bakının mərkəzindəki küçələrdən birinə verilmiş Əlövsət Quliyev alovlu kommunistlərdən biri olub. Azərbaycan KP MK-nın nəzdində olan partiya tarixi institunun direktoru idi.
Yaxud, Neft daşlarında işləyən, Azərbaycan neftinin Moskvaya daşınmasının nəzarətçilərindən biri olan Kaveroçkinin adına verilən küçənin hələ də onun “şərəfini” daşımasına ehtiyac varmı? Nəsimi RİH binasının qarşısında İkinci dünya müharibəsinə ehtiram əlaməti kimi rus silahının şərəfinə qoyulmuş “katyuşa” abidəsi də zamanını çoxdan adlayıb. İkinci dünya müharibəsində işğalçı rus ordusunda (bəzi Avropa ölkələri, o cümlədən Baltikyanı respublikalar işğal edildi) zorla müharibəyə aparılmış vətəndaşlarımızı da yeri gələndə Sovet zabitləri özləri öldürürdü. Onları həm aldadıb, həm də zorla ölümə məcbur edirdilər. Halbuki sovetlər birliyi deyilən ölkə elə Rusiya idi. O Rusiya ki hələ də bizim qanımızı axıtmaq və ərazilərimizi işğal etməklə məşğuldur. Mən, bu yazıda xainlərin adını daşıyan küçələrdəki sökülüb atılması lazım olan bütün küçə və heykəllərin hamısından bəhs etmirəm. İndi bizim küçə və meydanlarda torpaqlarımızın düşmənlərdən azad edilməsində yardımçımız olan türk “Bayraktarı”nın abidəsi olmalıdır. Ölkəmizdə qatil sovet ordusunun kəşfiyyat ocağı qədər təhlükəli olan Respublika Veteran təşkilatı deyilən bir qurum fəaliyyət göstərir. Bu təşkilatı saxlamaq üçün büdcəmizdən hər il xeyli maliyyə ayrılır. Həmin təşkilata bir vaxtlar rəhbərlik edən rus general-polkovniki Tofiq Ağahüseynov pensiyaya çıxanadək rus ordusunun tərkibində Ermənistanın səmasını Azərbaycan və Türkiyədən ola biləcək hər hansı bir hücumdan qorumaq vəzifəsini icra edirdi. Belə adamların və ya digər rusist zabitlərin bu təşkilata rəhbərlik etməsi Rusiyaya xidmətin növbəti davamı deyilmi? Ermənistanı sonadək qoruyan rus ordusuna sədaqət nə vaxta kimi davam edəcək? Bu gərəksiz təşkilatın qorunmasına çalışanlar arasında keçmiş sovet “zampolitləri” xüsusi fəallıq göstərirlər. Biz, təəssüflə deməliyik ki, hələ də rus kəşfiyyatının təsir dairəsindən uzaqlaşa bilməmişik. Prezidentin keçmiş köməkçisi Əli Həsənovun xeyir-duası ilə formalaşmış bu qurumun tezliklə milliləşdirilməsi, onun əvəzində Azərbaycanın öz qazilərinin təşkilatını yaratmaq çox vacibdir. Ordumuzun şərəfini qorumaq və gənclərimizdə milli vətənpərvərlik hissini gücləndirmək üçün bunu etməliyik. Təəssüflər olsun ki, kommunist ideologiyası əsasında təhsil almış adamların çoxu milli təəssübkeşə çevrilə bilmirlər.
Yəqin ki “su parkı” kimi tanınan istirahət guşəsinə gələndə orada ucaldılmış abidəni çoxunuz görübsünüz. Bu abidə qədim eposumuz “Dədə Qorqud”un şərəfinə heykəltəraş Göyrüş Babayev tərəfindən hazırlanaraq qoyulub. Ancaq, təəssüflər olsun ki, müəllif abidəyə aid olduğu məzmunu verə bilməyib. Dastanın bizə təlqin etdiyi qəhrəmanlıqdan, sözün qüdrətindən əsər-əlamət duyulmayan abidənin niyə belə sönük olması adamın qəlbini göynədir. Balalarımızda döyüşkənlik ruhunu oyada biləcək Qazan xandan, onun qılıncından, sözün qalası olan ozançılıqdan, qopuzdan heç bir əsər-əlamət nəzərə çarpmır. Bu abidənin açılışında iştirak edən adamlar arasında bizim milli ideologiyaya yaxınlığı ilə seçilən, qüsurları görə biləcək qədər səviyyəyə malik olan adamların olmaması təəssüf doğurur. “Dədə Qorqud” abidəsində gizlədilmiş qəhrəmanlıq əlamətləri sovet dövründə hazırlanmış ədəbiyyat dərsliklərimizi yadıma saldı. “Akademik” adları daşıyan, əslində isə milli duyğulardan məhrum olan keçmiş ədəbiyyatçılar klassik əsərlərimizin belə təhlillərində bizi bağımsızlığa səsləyən qəhəramanların hamısını “əməkçi insan” obrazına çevirmişdilər. Onlara akademik demək, elə bilirəm ki, doğru deyil. Çünki öz xalqı və ölkəsi üçün xidmət edə bilməyənin bu xalqın övladı olmağa haqqı yoxdur.
Bu yaxınlarda Nizami Gəncəvi ilə əlaqədar keçirilən tədbirlər nəticəsində çox dəhşətli bir faktın şahidi oldum. Keçmişdən qalma filoloq-alimlər “Xosrov və Şirin” poemasının qədim əlyazmalarında erməni-fars müdaxiləsinə dərindən fikir verməmiş, hətta Bərdə hökmdarı Məhin Banunun və onun qardaşı qızı Şirinin, guya, erməni oluğunu iddia etmişlər. Mən, bu barədə geniş fikir söyləmək istəmirəm. Əlbəttə, müasir filoloqlarımız poemanın əsil nüsxələrini tapıb nəyin doğru, nəyin yalan olduğunu söyləyəcəklər. Ancaq, onu söyləməyi lazım bilirəm ki, məgər, Nizaminin dövründə Ermənistan adlı dövlət olub? “Bu günkü tarixi dünənki daşlara yazıb basdıran” ermənilərin mövcudluğu rus tarixçilərinin zor gücünə yazdığı əllamələrdir. Şirinin istirahətə getdiyi “ərmən dağı” deyilən yermi mövcuddur? Yaxud da, Bərdə hökmdarı Məhin Banu necə erməni ola bilər ki, Bərdənin tarixində orada ermənilərin yaşaması faktına rast gəlinmir.
Belə bir qənaətə gəlmək olar ki, erməni-fars xəyanətkarları əlyazmaya müdaxilə edərkən Ermənistan deyilən “dövlətin” tarixini qədim əsirlərə daşımaq istəyiblər. Təəssüf ki, belə bir faktın araşdırılması bizim sovet dövrü akademiklərimizi heç düşündürməyib də. Sovet dövründə humanitar sahədə elmi ad almış xeyli alimlər var ki, onlar bu gün ali məktəblərdə gənclərimizə dərs deyirlər. Bolşeviklərin işğalına qədər mövcud olan Demokratik Cümhuriyyətimizlə bağlı heç bir bilgisi olmayan müstəmləkə dövrünün alimlərindən qurtulmağın zamanı gəlmişdir. Onlar təhsil sahələrində, akademiyada qaldıqca bizim gənclər keyfiyyətli təhsilə nail ola bilməyəcəklər. Ötən üç yüz il ərzində Rusaiyanın törətdiyi cinayətlər hesabına qanamayan yerimiz qalmayıb.
Uzun illər Bakıdakı qəsəbələrdən birinin dələduz Stepan Razinin adını daşıması, onun əsil simasının xalqdan gizlədilməsi də faciələrimizdən biridir. Körpə uşaqları əsir kimi ələ keçirib zorlayan və sonrada Volqa çayında gəmilərdən atılaraq vəhşicəsinə öldürən Razin və onun dəstəsi ilə Qarabağda ermənilərə qoşulub bizi qıran rus hərbiçilərionin nə fərqi var? Azərbaycan tarixçiləri hələ də çar Rusiyası dövründə başımıza gətirilən müsibətləri yazmırlar. Onlar xalq ac qalsın deyə taxıl zəmilərini, meşələri yandırır və mal-qaranı öldürürdülər. Bu, genetik bir düşmənçilik idi. Avarları zorla xristianlaşdırmaq üçün məscidləri kilsəyə çevirir, tabe olmayanları qırırdılar. Axı, nə vaxta kimi bunları xalqdan gizlətməliyik? Misraları bir-birinə uyuşmayan, məna ardıcıllığı olmayan şeirləri dərsliklərə salırıq, ancaq xalqın ayıqlığını qoruya biləcək tarixi faktları gizlədirik. Öz tarixini, dərdini gizlədənlərin ziyanı böyük olur.
Ədalət Teymurov
"Təzadlar"ın xüsusi müxbiri
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır)