"Könlü Qubada istirahət etmək istəyənlər, ehtiyatlı olun, iştah dişlərini itiləmiş kafe sahibləri cibinizi soymaq üçün yolunuzu gözləyir".

Bunu Qəçrəş meşəsində bir günlük istirahət edən həmsöhbətimiz Bakı sakini Kamil Əliyev dedi. K.Əliyev kafe və restoranlarda qiymətlərin bahalığından və xidmətin aşağı səviyyədə olmasından şikayətlənir.

K.Əliyev deyir ki, iyunun 27-də Bakıdan 168 km məsafədə yerləşən Quba rayonuna üz tutublar: "Yol boyu sıralanan alma, qoz, albalı ağacları rayona yaxınlaşdığımızdan xəbər verirdi. Quba-Qəçrəş yolunda sıralanan istirahət mərkəzləri adlandırılan kafe-restoranlar insanların xidmətinə "hazırlıqlı" olmalarından xəbər verirdi. Qəçrəş istirahətə üz tutanların maraq göstərdiyi yaşayış məntəqələrindən bildirir. Artıq ailələrin, gənclərin, yaşlı insanların təşkil edilən yay turları ilə burada istirahət etdiyi müşahidə olunurdu.

Ancaq Qəçrəş meşəsində yolu boyu sıralanan kafe və restoranların vəziyyəti heç də ürək açan deyil. Misal üçün, Qəçrəş meşəsində dayandığımız "Gümbəz 3" kafesi. Təbii ki, bu yerə nə qədər kafe adı vermək olardısa... Xülasə... Ağacların altında pərakəndə şəkildə düzülmüş masalardan birini seçib əyləşdik. Yemək sifarişi etdik. Yemək gələnə qədər özümüz masanın üstünü təmizləməklə məşğul olduq. Çünki masanın üzərində olan toz, çirk, doğrusu, bizim yemək kefimizi pozdu. Təqribən yarım saatdan sonra ofisiant çayı, bir saatdan sonra çörəyi gətirib masaya qoydu. 10-15 dəqiqədən sonra salat, qatıq, qutab, yarım saatdan sonra isə toyuq kababı masaya gətirildi...

Hesabı istəyəndə də bizə kələk gəlmək istədilər. Elə istədiklərini də etdilər. Belə ki, mən üç şiş toyuq kababına 15, dörd stəkan qatığa 4, beş göy qutabına 10, bir kiçik çaynik çaya 4, bir xiyara 2, bir pomidora 2, iki Sirab suyuna 4, bir çörəyə 2 manat, ümumilikdə 43 manat ödədim. Sonra narazılığımı bildirərək ödədiyim pulun çekini istədim. Ofisinat isə bu qaimə fakturanı gətirib mənə verdi və dedi ki, "bizdə qiymətlər belədir, etirazınız varsa, haraya istəyirsiniz şikayət edin".

Görünən budur ki, rayondan heç də uzaq məsafədə yerləşməyən Qəçrəş meşəsində yol kənarındakı restoran və kafelərin əsas iş prinsipi müştərilərinə mümkün qədər çox pul "atmaq"dır.

Bir sözlə, əgər səyahət zamanı bu kafedə dayansanız, sizi nələrin gözlədiyini bildiniz.

Nəzərə alsaq ki, burada gün ərzində yüzlərlə insan yemək yeyir, kafe sahiblərinin gəlirləri heç də az deyil. Deməli, əgər istəsələr daha yaxşı xidmət göstərə bilərlər. Üstəlik, bu kafe-restoranlara gələnlər yalnız azərbaycanlılar deyil, həm də başqa ölkələrdən gələn turistlərdir. Onlara bu formada "xidmət" etmək olarmı?

Bir məqamı da deyim ki, kafedə əyləşən vətəndaşlar da mövcud vəziyyətdən şikayət edirdilər: "Axı belə şey olmaz. Hər şey bahadır. Bəlkə buna da dözmək olar. Amma həm bahadır, həm də natəmiz. Xidmət çox pisdir. Tamam biabırçılıqdır. Kafe və restoran sahiblərinin cibləri dolacaq deyə, biz pulumuzu havaya sovurmalı deyilik. Bura sanki istirahət üçün yox, soyulmaq üçün gəlirik".

Qonşuluqda əyləşən iki nəfər isə, sözün həqiqi mənasında, masadan peşman halda qalxdılar. Çünki onlar iki saat gözləsələr də, verdikləri yemək sifarişləri masaya gətirilməyib. Sonradan məlum oldu ki, həmin şəxslərin sifarişini ofisiant unudub…

Bəli, bir günlük Quba səfərimizdən belə anladıq ki, rayonun meşələrini işğal edən kafelər ordusu, sadəcə, adamı tez yola verib, pulunu qoparmağa çalışırlar. Narazılığını bildirəndə isə "bizdə belədir" deyib yola verirlər. Bəs görəsən, rayon rəhbərliyi, aidiyyəti dövlət qurumları hara baxır? Qulaqlarının dibində baş verən bu soyğunçuluqdan xəbərləri yoxdur? Yoxsa, niyə yoxdur. Yox, əgər varsa, niyə tədbir görmürlər? Nə vaxta qədər meşə xəlvət, kafe sahibləri bəy olacaq?!"

Məsələ ilə bağlı aidiyyəti tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN