Müğənni Röya Ayxan keçmiş əri Anar Cəlilovla toyda olan şəklini paylaşıb və altından belə sözlər yazıb: “Əzizlərim, biz oğlumuzu sevirik və dost olmuşuq. Bir sözlə, nə barışıq?”

P.S. Adama deyərlər barışıq yoxdursa, onda ala qarğa kimi köhnə zibili niyə eşirsən? O, Anar Cəlilova yalvarsan da, bir də səhv edib, həyat yoldaşını ataraq, gəlib səni alan deyil. Sən isə, ay Röya, çətin ki, bir də toy görəsən. Ona görə də, köhnə xatirələri yada salıb, belə oxuya bilərsən: - Yenə o çağlar olaydı, yenə sən arvadını atıb məni alaydın, mən də dünyaya oğul gətirəydim, sonra səni qovaydım, yenə sən bizə gələydin, oğlunla danışaydın, güləydin, sonra biz dost olaydıq, sən də tost deyəydin... Eh, arzuya bax sevgilim, tellərindən incəmi, söylə, ürəyincəmi?

***

Açıq-saçıq geyimləri ilə seçilən aparıcı Nanə Ağamalıyeva öz verilişində olan qonaqlar barədə belə deyib: “Bura gələn qonaqlar mənim zövqümcə deyillər”.

P.S. Nanə xanım, elə sənin zövqün də etalon deyil axı... Məsələn, sənin geyindiyin sinəsi açıq, ayaqdan-yuxarıya qədər yarığı olan paltarlar da (əgər ona paltar demək olarsa) mənim zövqümdə deyil. Heyf, zövqsüz tikilən o paltarlara verilən pullardan. Görəsən, buna hüquq-mühafizə orqanının əməkdaşı olan rəis dostunuz necə baxır?

***

Rəqqasə Fatimə Fətəliyeva sponsor “həci”lərdən danışarkən bir sayta belə deyib: “Səhifələrdə qarşıma çıxır ki, yazırlar, şou biznesdə filankəslər “həci”lərlə tanınıblar. Elə özümdən deyim... məni heç bir “həci” Fatimə etməyib”.

P.S. Ay Fatimə xanım, Allah sənin də xasiyyətini kəssin elə. Rəhmətliyin qızı, gərək elə “həci” ola? Olmasın Həci, olsun Məşədi, Kərbəlayı, Axund,  Şeyx, nə fərqi var axı. Vallah, bu, “həci”lərin də elə Məşədilərin də, Kərbəlayıların da, lap elə Axund və Şeyxlərin də gözləri kordur ki, gül kimi Fatiməni görmürlər. Amma başqa Fatiməni, Zəhranı görürlər. Adlarını da din xadimi qoyublar. Amma imanı, dini, insafı, mərhəməti, xeyirxahlığı çoxdan unudublar. Yoxsa, rəqqasə Fatiməni sponsorsuz qoyub, belə incik salmazdılar. Ax, ax, ax bu “həci”lər , “həci”lər...

***

“Youtube”də “Azərbaycan haqqında möhtəşəm çıxış” adlı bir video qarşıma çıxdı. Avropalı deputatlardan birinin Avropa Şurasındakı “Azərbaycanı yıxıb-sürüyən” çıxışını Sevinc Osmanqızının tərcüməsində dinlədim. Deməli, Azərbaycanı tənqid atəşinə tutan və Avropa Şurasının deputatlarını Azərbaycanın əleyhinə olan qərarına səs veməyə çağıran bu çıxış, Sevinc xanımın “möhtəşəm” adlandırmaqla yanaşı, ürəyinə də yağ kimi yayılıb.

P.S. Sevinc Osmanqızının dövlətimizin və Prezident İlham Əliyevin əleyhinə olan belə çıxışları dəfələrlə sevinclə yaydığını görəndə fikirləşirəm ki, görəsən, bu xanım Azərbaycan dövlətindən və İlham Əliyevdən niyə bu qədər yanıqlıdır? Özü də nəzərə alsaq ki, İlham Əliyev 30 il işğalda olan torpaqları azad edən bir Prezidentdir. Amma Sevinc xanım bunu görməzlikdən gəlir. Xeyli düşünəndən sonra nəhayət, bu nifrətin, kinin, qərəzin səbəbini tapdım. Sən demə, Sevinc xanımın atası, dəyərli ziyalı, jurnalist, yazıçı, publisist Osman Mirzəyevin 1991-ci il noyabrın 20-də, Qarakənd səmasında, içində digər dövlət xadimləri ilə bir yerdə olan vertalyotu vurulub. Ermənilərin bu hadisədə guya heç bir günahı yox imiş. Allah Sevinc xanımın gözündəki toru götürsün və atasının qatilinin, 30 il torpaqlarımızı işğalda saxlayan və minlərlə soydaşlarımızı qətlə yetirənin ermənilər olduğunu görə bilsin. Nəhayət, atasının da qisasını alıb 30 il işğalda qalan torpaqlarımızı işğaldan azad edən Prezident İlham Əliyevə qarşı yastı-yastı etdiyi təhqirləri dayandırsın.

***

Yanvarın 27-də İrandakı səfirliyimizə edilən terror hücumu zamanı, bir nəfərin, Orxan Əsgərovun şəhid olması və iki nəfərin yaralanması ilə baş verən hadisədən 1 il ötdü. Səfirliyimizin mühafizə xidmətinin əməkdaşı qəhrəman oğlumuz, avtomatlı terrorçunun üstünə əliyalın, pələn kimi şığıyaraq, iki yerdən yaralansa da, onu zərərsizləşdirərək, faciənin böyüməsinin qarşısını alan Vasif Tağıyev isə, böyük alqışa və təşəkkürə layiqdir. Bununla belə, terrorçu Yasin Hüseynzadə həbs olunsa da, hələ də cəzalandırılmayıb.

P.S. Görünür, İranın başı Amerika və İsrail hökumətinin dilini, ağzını bağlamaq üçün dua yazmağa qarışıb. İndi də xəbər çıxıb ki, İran hökuməti terrorçu Yasin Hüseynzadənin sənədlərini dəyişdirib, həbsdən azad etmək istəyir. Onda görünür ki, bu da İranın molla rejiminin narkotikə və narkotik ticarətinə başının qarışmasının nəticəsidir.

***

Bu günlərdə Rusiyanın Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında erməni jurnalistin verdiyi “M.Ə.Rəsulzadə Hitler Almaniyası ilə əməkdaşlıq edərək SSRİ-ə qarşı çıxıb və Azərbaycan hökuməti onun anadan olmasının 140 illiyi barədə dövlət səviyyəsində sərəncam verib. Sizin bu barədə fikirlərinizi bilmək istəyirəm” sualına Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova belə cavab verib: “Biz bu barədə narazıçılığımızı Azərbaycan dövlətinə çatdırmışıq”.

P.S. Əvvəla, erməni jurnalisti faşistlərin ən cəlladı sayılan “SS”çilərə qoşulub sovet əsgərlərini kütləvi şəkildə qətlə yetirən Njdeyə heykəl qoyduqlarını niyə unudur? İkincisi isə, Mariya Zaxarova Şərqdə ilk demokratik respublikanı quran M.Ə.Rəsulzadə barədə niyə narahat olur ki? Axı M.Ə.Rəsulzadə bircə rus əsgərini belə qətlə yetirməyib. Bu Mariya Hitler Almaniyası tərəfə keçib sovet qoşunlarına qarşı döyüşərək minlərlə sovet əsgərlərini qətlə yetirən xain ruslardan niyə narahat olmur ki? Görünür, M.Ə.Rəsulzadənin daşı ermənilərin və bəzi erməni düşüncəlilərin başına elə düşüb ki, 100 ildən çoxdur hələ də altından çıxa bilmirlər.

***

Fransada Xurşud Banu Natəvanın heykəlinə, polislərin gözü qarşısında  barbarlıq edilib dağıdıldığı hamıya məlumdur. Bu günlərdə isə, Fransanın Luvr Muzeyində olan, tanınmış İtalya rəssamı Lenardo do Vinçinin zirehli şüşə altında olan məhşur Mono Liza (Cakonda) əsərinin üstünə şorba tökərək, təhqir ediblər.

P.S. Maddi-mədəniyyət abidələrinə qarşı belə barbarcasına hücum yalnız erməni millətinə və xislətinə məxsusdur. 30 il işğal dövründə bunu əyani şəkildə görmüşük. Fransaya erməni yanlısı və erməni qanlısı E.Makron prezident seçiləndən sonra qədim mədəniyyətə malik olan fransız xalqında artıq bir erməniləşmə gedir. Ona görə də, Natəvanın heykəlinə, Cakondaya olan hücum gərək heç kimi təəccübləndirməsin.

***

KİVDF-nin sabiq rəhbəri 10 il, 6 ay azadlıqdan məhrum edilmiş Vüqar Səfərli milyonlarla manat qiyməti olan mülklərini, obyektlərini və digər daşınmaz əmlakları geri qaytarmaq üçün məhkəmə davası açıb.

P.S. Yaxşı olar ki, Vüqar Səfərlinin özünü bir az geri, yəni qoltuğuna vurub qəzet satdığı günlərə qaytaralar. Onda Vüqar bəy nə həbsdə olacaq, nə də milyonlarla manat mülklərin sahibi. Sadə qəzet satan kimi, axşamlar həbsxanada yox, evində rahat yatacaq.

***

Aktrisa Kamilə Babayeva taksi sifariş etdiyini və gələn taksi maşınının “Maybach” olduğunu bildirərək, belə deyib: “Yalnız Bakıda “Maybach” taksi kimi gələ bilər. Sözüm yoxdur. Bu, Bakı reallığıdır...”

P.S. “Mercedes Maybach” maşınlarının qiymətini 200 min manatdan, 300 min manat arasıdır. Mühərrikin gücü 4,0, 4,7-dir. İndi Kamilə xanım, sən de, belə maşına benzin çatdırmaq olar? O, “yazıq” “Maybach”ın sahibi də benzini çatdırmaq üçün “taksovat”lıq edir dayna...

***

2 fevral “Gənclər Günü” ilə bağlı Əməkdar artist Gülşad Baxşıyeva belə bir açıqlama verib: “Əyin-başa fikir vermək lazımdır. Cırıq-cırıq, açıq-saçıq geyimlərin əleyhinəyəm. Bu barədə tələbə gənclərlə də müzakirələr aparıram. Onlara izah edirəm ki, bura bar, diskoteka, yaxud çimərlik deyil...”

P.S. Eh, ay Gülşad xanım, nə qoyub, nə axtarırsınız? Səhnəni, efiri, sosial şəbəkələri bar, diskoteka, çimərlik bilərək, soyunan röyalar, aygünlər, pərvinlər, afaqlar, türkanlar, şəbnəmlər, səidələr, mətanətlər, vüsalələr, rozalar, rəqsanələr və s. …lar, …lər olan yerdə gənclərin də çoxsu onlara oxşamaq istəyəcək dəə... 10 gənc qızdan biri bu soyunanlara bənzəmək istəsə, görün nə qədər gəncin mənəviyyatı pozula bilər? Hörmətli Gülşad xanım, bu şou əhlinin Azərbaycan gənclərinin mənəviyyatına vurduğu zərbəni, bəlkə heç erməni bu qədər vurmayıb. Amma bu şou əhlinə uymayan gənclərimiz də yetərincədir və onlara eşq olsun. Məhz belə gənclərin bayramını təbrik edirəm.

ELÇİN

elcinmemmedliThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN