Avroviziya qalibimiz olan Nigar Camal bir verilişdə Avropadakı və ölkəmizdəki insanların xanıma olan reaksiyasından danışaraq belə deyib: “Hərdən gedirsən, insanların üzünə baxırsan, nəsə qəribə reaksiya verirlər. Avropada salam verirsən, danışırsan, heç kim demir ki, nömrəni ver. “Padxod” söhbəti yoxdur”.

P.S. Nigar xanım, Avropada kişilər xanıma ona görə “padxod” eləmirlər ki, orada xanımlar təmənnasız da hər şeyə hazırdırlar. Biz də isə şou əhli xanımlar təmənnasız adama heç salam da verməzlər. Bizdə nömrəni də məhz ona görə istəyirlər ki, sonrdan zəng edib, sənin ona salam verməyin üçün arzu və istəklərini öyrənsinlər. Məsələn, bilsinlər ki, sən adama salamı bahalı hədiyyələrə, maşına, yoxsa bahalı evə, villaya görə verəcəksən. Bunlarsız isə, şou əhli xanım da qabağa gedə bilmir axı.

***

Müğənni Xatirə İslam sükan arxasında oxuyub-oynadığı videosu və paylaşdığı açıq-saçıq şəkili ilə gündəmə gəlib. Sükan arxasında kəmər taxmadan maşın idarə etməsini və geyimini izləyicilər yaman qınayıblar.

***

P.S. Əlbəttə, ictimai qınaq çox yaxşı şeydır, amma təsiri olsa. Xatirə İslam görünür bir müğənni kimi artıq ictimai qınağı heç vecinə də almır. Bu səbəbdən də, ərli bir xanım olsa, da açıq-saçıq şəklini paylaşır və sükan arxasında kəməri taxmadan çalıb-oynamaqla min hoqqadan çıxır. Yəqin Xatirə xanımı kəmərə görə yol polisləri cərimələyəcəklər. Bəs açıq-saçıq şəkilinə görə, Xatirə xanımı kim cərimələyəcək, elin qınağı, doğmaları, yaxınları, yoxsa...

***

Aktrisa sayılan, lakin aktrisa sənətinin nə olduğunu yuxuda görən Pərvin Abıyeva bağ evini necə tikdirməyindən danışarkən, qonaq olduğu “Xəbərin var” verilişində belə deyib: “O ev 2-3 il ərzində başa gəlib. Başa sala bilmərəm, bunu necə, hansı əziyyətlərlə etmişəm”.

P.S. Eh, ay Pərvin xanım, əlbəttə, deməsən də biz bilirik sən o bağ evini min bir əziyyətlə, gecə-gündüz işləməklə, tər tökməklə tikdirmisən. Özü də bu tər şəfa təridir və ona görə də səfasını görmüsən. O bağ evi, Pərvin xanım, doğurudan da sənin alın tərinin, çəkdiyin çox-çox əziyyətin bəhrəsidir. Kim sənə nə deyə bilər ki? Şükür ki, çəkdiyin əziyyətlər boşa getmədi.

***

“Bakı xəbər” qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev “Facebook” səhifəsində deputat Zahid Orucun son açıqlamaları barədə belə yazıb: “Deputat Zahid Oruc məni şoka saldı. Necə yəni Ermənistanla sülh xatirinə biz müstəqillik haqqında konstitutsiya aktımızdan imtina etməliyik?! Deyir ki, əgər biz Ermənistana öz müstəqillik bəyənnaməsindən imtina etməyi şərt qoyuruqsa, özümüz də buna uyğun olaraq, bir addım atmalıyıq. Nə danışırsınız, Zahid bəy? Siz elə bu düşüncə ilə “Prezident olmaq istəyirdiniz?””.

 

P.S. Hörmətli Aydın bəy, məhz belə düşüncənin sahibi olduğu üçün Zahid Oruc Prezident olmayıb, deputat olub. Mənə elə gəlir ki, erməninin xatirinə öz müstəqillik aktından bizləri imtinaya səsləyən Zahid bəyə deputatlıq da çoxdur.

***

Qəzetlərin birində ermənilərin şərti sərhəddə törətdiyi təxribatlardan bəhs edən yazıya belə başlıq qoyulub: “Makron 12 fevralda Zəngilanda hərbçimizin yaralanması olayını “atışma” adlandırdı... Bu qədər vicdansızlıq?...”

P.S. Fransanın erməni yanlısı və erməni qanlısı olan prezidenti E.Makron heç vicdanın nə olduğunu bilirmi?

***

Mətbuatdan məlum olur ki, sabiq nazir Səlim Müslümov 22 milyon manat mənimsədiyinə görə 4,5 il şərti, jurnalist Əvəz Zeynallıya isə 20 min manat “rüşvət aldığına” görə 9 il azadlıqdan məhrumetmə cəzası verilib.

P.S. Əvəz Zeynallıya 20 min manat rüşvət aldığına görə yox, rüşvətin adını batırdığına görə 9 il iş verilib. Rəhmətliyin oğlu, 20 min manat da rüşvət olar? Əvəz bəy də Səlim Müslümov kimi milyonlarla manar rüşvət alsaydı, indi şərti cəza alıb həbsxanada yox, evində rahat yatardı.

***

Milyonların sevimli aktyoru, Xalq artisti Rasim Balayev bir qəzetə verdiyi müsahibədə öz arzusunu belə ifadə edib: “Arzum budur ki, bu yaşlı vaxtımda bir neçə rollar oynaya bilim”.

P.S. Eh, ay Rasim müəllim, getdi kinomuzun uğurlu illəri. Kinomuz indi ölüb e, ölüb, yəni “kaput”. İndi əvvəlki illərdə olduğu kimi, nə ssenari, rejissor, nə də aktyor, operatorlar var. Əlacımız səhnədə arvad paltarı geyərək hoppanıb-düşən Rəfaellə, Coşquna və düşük “Şöşü”lərə, “Fəlakət”lərə qalıb.

***

Müğənni Nura Suri “Xəzər TV”də yayımlanan “İncə səhər” verilişində qonaq olarkən, şəxsi həyatından danışaraq, belə deyib: “Kişilərə aid olan bütün işləri özüm edirəm. Neçə dəfə ailə qurmağım ayıb bir şey deyil. Xoşum gəlməyib, boşanmışam. Özümə hörmət edirəm”.

P.S. Əlbəttə, Sura Nuri xanım... Dayan görüm e, yoxsa Nura Suri? Əşi, nə fərqi var e. Həsən keçəl, ya keçəl Həsən. Əlqərəz, orada qaldıq ki, bu şou əhli xanım özünə hörmət etdiyi üçün bir neçə dəfə ərdə olub, amma xoşu gəlmədiyi üçün boşanıb. Çox düz edib. El arasında şou əhli xanım ən aşağısı 5-6 dəfə ər və 5-6 sevgili dəyişməsə, ona belə bir təhər baxarlar e... Deyərlər ki, abırlı, ismətli xanım olsaydı, neçə dəfə evlənib boşanmaqla, neçə sevgili dəyişməklə gündəmə gələrdi və hamı da bilərdi ki, belə abırlı, həyalı bir müğənni var. Ona görə də abır, həya nümunəsi göstərərək, Nura Suri xanım elin gözündə yaxşı müğənni olmaq üçün, ənənəyə sadiq qalaraq, bir neçə dəfə evlənib və boşanıb. Bu, Allah saxlamış Nura xanım tamamilə doğru deyir, burada ayıb nə var ki? Bu, şou biznesin qızıl qaydasıdır dəə...

***

Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında giley-güzar edərək deyib: “Hansı sosial şəbəkəni açırsan 3 tərbiyəsizi görürsən. Hamı onlara baxır. Bir gecədə 25 min dollar qazanan var. Soysuz, köksüz 3 dılğır cəmiyyətin başını qatır. Problemi olan qaziyə, ehtiyac sahibinə heç kim dönüb baxmır, hamı pulunu tökür bu 3 dılğıra”.

P.S. Bəli, çox ağır bir dərddir, vallah. Amma, ay Nadir Qafarzadə, daha oxu atıb, yayı niyə gizlədirsən? Şou biznesdə dılğırların sayı-hesabı yoxdur. Sən isə cəmi 3 dılğırdan danışırsan, amma adlarını çəkmirsən. Onu da bilmirik ki, bu sözləri sən güzgü qabağında, mikrafon qabağında, yoxsa kompüter, ya da telefon qabağında demisən? Hər halda harada deməyindən asılı olmayaraq, dılğırların adını açıqlamırsan. Yoxsa millət baş sındıracaq ki, şou biznesdə olan dılğırların hansından söhbət gedir?

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN