Ukraynada rus qoşunlarının ümumi itkiləri indi 200 min nəfər təşkil edir.
Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat hesabatında bildirilir.
"Rusiya Müdafiə Nazirliyinin qüvvələri və özəl hərbi şirkətlər, görünür, Ukraynanı işğala başlayandan bəri 175-200 min insan itirib. Görünür, bura təxminən 40-60 min həlak olanlar da daxildir", - hesabatda deyilir.
Eyni zamanda, "Vaqnerlilər" arasında itkilər onların ümumi sayının təxminən 50% -nə çatır.
***
Qeyd edək ki, ötən ilin dekabrında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yaymışdı ki, müharibə başlayandan Rusiyanın 103 220 hərbçisi məhv edilib. Həmçinin Rusiyanın digər döyüş itkilərinin - 3 016 tank, 6 024 zirehli maşın, 1 998 operativ-taktiki PUA, 1 991 artilleriya sistemi, 418 reaktiv yaylım atəşi sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 16 gəmi, 267 helikopter, 653 qanadlı raket, 4 652 avtomobil və tanker, 179 xüsusi texnikadan ibarət olduğu bildirilirdi.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
Artıq 1 il olacaq ki, Ukraynada qan tökülür, insanlar həyatını itirir, ev-eşiyindən didərgin düşüb, şəhər və kəndlər xarabazara çevrilir...
Y.MƏMMƏDLİ