Novruz Bayramında çoxları istirahət günlərindən istifadə edərək bölgələrdəki istirahət mərkəzlərinə üz tutmaq istəyir.
Lakin qiymətlərlə bağlı vəziyyət həmişəki kimi “əl yandırır”. Bu hal isə istirahətə getmək istəyənlərin də bayram əhval-ruhiyyəsini korlayır...
Qeyd edək ki, istirahət məkanlarındakı bayram qiymətlərinin Azərbaycan vətəndaşlarının əksəriyyətinin büdcəsinə uyğun olmaması, həddən artıq şişirdilmiş olması insanları narahat edən məsələlərdəndir. Və uzun illərdir ki, ümumiyyətlə, ölkəmizdə turizm xidmətlərinin, otel qiymətlərinin çox baha olması barədə danışılır, yazılır... Amma heç bir faydası yoxdur...
Millət vəkili Vüqar Bayramov da məsələ ilə bağlı narazılığını bildirib.
O, qeyd edib ki, Novruz Bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar.
“CESD-nin qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq. Regionlarda turizmin inkişafı vacibdir və bu, valyutanın ölkədə qalması baxımdan da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır”, - o, diqqətə çatdırıb.
Vüqar Bayramovun sözlərinə görə, turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır.
Onun fikrincə, buna görə çoxulduzlu hotellərlə bərabər, 1 və 2 ulduzlu otellərin tikilməsi oludqca vacibdir.
“Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4 və 5 ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər.
Buna görə də, az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir”, -deyə millət vəkili vurğulayıb.
***
Məlum olduğu kimi, ölkəmizdə ev otelçiliyi, yaxud ucuz otellər çox azdır. Lakin məsələ ondadır ki, bayram günlərində sahibkarlar turizm xidmətlərinin qiymətlərini qaldırmaqla daha çox qazanc əldə etmək istəyir, lakin anlamırlar ki, bayram günlərində yaxşı gəlir götürməklə büdcələri aşıb-daşmayacaq. Əsas məsələ münasib qiymətlərlə ilboyu həm daxili, həm də xarici turistləri cəlb etməkdədir. Və elə bu münasibətin nəticəsidir ki, Azərbaycan turizmçiliyin inkişafı ilə bağlı qonşu ölkələrdən dəfələrlə geri qalır. Və bu bahalığa görə yerli vətəndaşlar da Gürcüstana, Türkiyəyə və digər ölkələrə üz tuturlar. Külli miqdarda valyuta da xaricə axır....
Y.MƏMMƏDLİ