Avropa İttifaqı bu həftəsonu qeyd olunan katoliklərin Pasxa bayramından sonra Rusiyaya qarşı sanksiyalar paketinin tətbiqini müzakirə edəcək.
Bunu bu gün “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Üç avropalı diplomatın sözlərinə görə, aprelin 9-da qeyd olunan Pasxa bayramından sonra Brüssel Avropa Komissiyası və Aİ səfirləri arasında 11-ci sanksiyalar paketi ilə bağlı müzakirələrin yeni mərhələsini planlaşdırır.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 11-ci sanksiyalar paketinin onlardan yan keçməyin müxtəlif üsullarına qarşı yönəldiləcəyini bildirmişdi.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski də fon der Leyen ilə telefon danışığında Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin hazırlanması zərurətini müzakirə edib.
KİV-in məlumatına görə, Avropa Komissiyası həm də Rusiyanın tanınmış oliqarxlarının ailə üzvlərinə qarşı sanksiyaların tətbiqinə imkan verəcək yeni hüquqi sənəd hazırlayır.
Rusiya Prezidenti Vladimir Putin də bu günlərdə sanksiyaların uzun müddət davam edəcəyini etiraf edib. O, sanksiyalar dözmək lazım olduğunu da vurğulayıb.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 10 ağır sanksiyalar paketini işə salıb. Lakin sanksiyalar paketi elə bir nəticə verməyib...Və daha biri -11-ci paket hazırlanır...
Y.MƏMMƏDLİ