Bloger “haram yoqurtlar”la bağlı videoya görə 15 sutka həbs olunub.
Özbəkistan Respublikasında “Aktivist” layihəsinin müəllifi, bloger Hociəkbər Nosirov 15 sutka həbs edilib. O, yoqurtun tərkibində karmin olduğuna görə onları "haram" adlandırdığı video yayımlayıb.
Bu barədə Daşkənd polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Daşkənd polis idarəsi bloqqerin məlumatı “ekspert rəyi almadan şəxsi dini baxışlarına əsaslanaraq” təqdim etdiyini bildirib.
Belə ki, aprelin 5-də bloger öz Telegram kanalında yoqurt məhsulları haqqında video yerləşdirib. O, internetdəki mənbələrə istinad edərək supermarketdən alınan bir neçə növ yoqurtun tərkibində karmin (E120) olduğuna görə onları "haram" (müsəlmanlara qadağan olunmuş qida) adlandırıb.
Qeyd edək ki, Karmin - koşenil adlanan torpaq böcəklərindən hazırlanmış qida boyasıdır . Onlar kaktuslarda yaşayırlar və Latın Amerikasında geniş yayılıblar. Onlar əsasən Peruda hasil edilir. Karmin müasir qida sənayesində yoqurt, dondurma, piroq, qənnadı məmulatları və sərinləşdirici içkilərə əlavə edilən ən vacib maddələrdən biridir. Kosmetika sənayesində də fəal şəkildə istifadə olunur, bir çox dodaq boyalarının tərkibində olur.
JASMİN