İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ikitərəfli və regional məsələləri müzakirə ediblər.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Ə.Şamhani rəsmi danışıqlar aparmaq üçün paytaxt Tehrana gedən A.Qriqoryanla görüşüb.
Şamhani bəyan edib ki, ölkəsinin xarici siyasətinin daimi prinsiplərindən biri qonşularla əməkdaşlıq və qarşılıqlı fəaliyyətin inkişafıdır və İran regional problemlərin sülh yolu ilə həlli üçün bütün tərəflərə “yaxşı qonşuluq və birgə səylər” təklif edir. O bildirib ki, regional problemlərə son qoymaq üçün daim dialoqda olmaq və hər hansı sərt yanaşmadan çəkinmək lazımdır.
Tehran və İrəvan arasında iqtisadi əlaqələrə toxunan Əli Şamhani bildirib ki, şimal-cənub nəqliyyat dəhlizi iki ölkə arasında ticarət əlaqələrinin dərinləşməsi üçün perspektiv təklif edir.
Qafqaz regionunun həssas dövr yaşadığına diqqət çəkən Şamhani Azərbaycan və Ermənistanın təmkinlə gərginliyi idarə və həll edə biləcəyinə ümid etdiyini bildirib.
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Qriqoryan da deyib ki, iki ölkə arasında elektrik enerjisinin nəqli layihəsi və Ermənistanla Türkmənistan arasında qaz mübadiləsi Tehran-İrəvan münasibətləri baxımından mühüm məsələlərdir. O bildirib ki, iki ölkə arasında iqtisadi layihələrin icrası sürətləndirilməlidir.