Xəbər verdiyimiz kimi, oktyabrın 7-də səhər saatlarında HƏMAS qruplaşması tərəfindən
Qəzza zolağından İsrailə raket hücumları edilib, 200-dən artıq insan girov götürülüb və bu günədək hər iki tərəfdən minlərlə insan həyatını itirib.
Daha sonra HƏMAS-ın hücumu İsraili hərəkətə keçirdi və artıq 27 gündür ki, hər iki tərəfdə qan su yerinə axır...
Tərəflər arasında müharibənin başlaması İsraildə işləyən fələstinlilərin də həyatına təsirsiz ötüşməyib. Belə ki, artıq onlar işsiz qalıblar, İsrail dövləti ərazisində fələstinliləri görmək istəmir. Həmin şəxslər Qəzzaya qaytarılacaq.
İsrailin hərbi-siyasi kabineti Qəzza zolağı ilə bütün əlaqələri kəsmək qərarına gəlib. Bu barədə baş nazirin administrasiyası məlumat yayıb.
"İsrail Qəzza zolağı ilə bütün əlaqələri dayandırır. Qəzzadan daha fələstinli işçilər olmayacaq və müharibənin başladığı gün İsraildə olan işçilər Qəzzaya qaytarılacaq", - deyə administrasiyadan bildirilir.
Həmçinin bildirilir ki, israilin hərbi-siyasi kabinet terrorçulara və onların ailələrinə ödənilən vəsaitlərin qanuni tutulmasından əlavə, Qəzza zolağı üçün nəzərdə tutulan bütün vəsaitləri Fələstin muxtariyyətinə pul köçürmələrindən tutmağa qərar verib.
Xatırladaq ki, bir neçə gün əvvəl HƏMAS girov götürdüyü qadınlardan üçünü videolentə alaraq sosial şəbəkələrdə paylaşıb. Qadınlardan biri İsrailin baş nazir Benyamin Netanyahudan nəyin bahasına olursa-olsun, onları girovluqdan azad etməsini tələb edirdi. Netanyahu qısa müddətə girovların hamısının azad ediləcəyinə söz verib.
Qeyd edək ki, artıq İsrail HƏMAS-ın sonuna çıxmaq üçün Qəzzanı tam olaraq mühasirəyə alıb…
Və “The Hill” mənbələrə istinadən xəbər verir ki, bu dəqiqələrdə İsrail ordusu Qəzzaya daxil olub. SAHAL şəhərin mühasirəsini başa çatdırıb, təyyarələr və gəmilər komanda mərkəzlərinə və raket buraxılış məntəqələrinə zərbələr endirir.
Y.MƏMMƏDLİ