Qazaxıstan Respublikasının Milli Məclisi plenar iclasında Uşaq Hüquqları Konvensiyasına kommunikasiya proseduru ilə bağlı Fakültativ Protokolu ratifikasiya edib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Sənəddə vurğulanır ki, qanun layihəsinin məqsədi BMT Baş Assambleyası tərəfindən 2011-ci il dekabrın 19-da qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiyaya kommunikasiya proseduru haqqında Fakültativ Protokolun ratifikasiyasıdır.
Fakültativ Protokol isə Qazaxıstanın 1994-cü il iyunun 8-də ratifikasiya etdiyi BMT-nin Uşaq Hüquqları Konvensiyasına əlavə sazişdir.
Protokola uyğun olaraq, uşaqlar və ya onların nümayəndələri hüquqlarının pozulması ilə bağlı birbaşa olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə şikayət verə bilərlər. Komitə öz növbəsində, hər bir işi nəzərdən keçirir və iştirakçı dövlətlərə xüsusi tövsiyələrdən ibarət qərarlar qəbul edir.
“Bu sənədin imzalanması Qazaxıstanın uşaq hüquqlarının təmin edilməsinə və uşaqların hüquqi müdafiəsi mexanizmlərinin genişləndirilməsinə sadiqliyini bir daha təsdiqləyir. Təsdiq edilmiş protokolda insan və vətəndaşın respublikanın Konstitusiyası və qanunları ilə təmin edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıran normalar yoxdur. Qazaxıstanın protokola qoşulması uşaq hüquqlarının müdafiəsi səviyyəsini artırmağa kömək edəcək”, - sənədin yekununda deyilir.
Xatırladaq ki, Azərbaycan Respublikası 1992-ci il 21 iyul tarixində BMT-nin ―Uşaq hüquqlarına dair‖ Konvensiyasına, həmçinin sonradan həmin Konvensiyanın müvafiq protokollarına qoşulub. Azərbaycan Respublikası, həmçinin 2 oktyabr 2008-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş ―Əlillərin hüquqları haqqında‖ Konvensiyaya və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli 361 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən dövlət orqanı - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Onu da xatırladaq ki, bütün dünyanın gözü qarşısında uzun illər Ermənistanın işğalçılıq siyasəti nəticəsində həm Qərbi Azərbaycandan, həm də Azərbaycanın Qarabağ bölgəsindən qovularaq məcburi köçkünə, qaçqına çevrilmiş on minlərlə azərbaycanlı uşağın hüquqları pozulub. Bu hüquqları pozanlar barədə isə müxtəlif adda fəaliyyət göstərən beynəlxalq qurumlar susaraq görməzdən gəliblər…
Y.MƏMMƏDLİ