Fəaliyyətlərini “İslami Cihad”la əlaqələndirən Fələstinin HƏMAS hərəkatı humanitar atəşkəsin uzadılması üçün başqa qruplaşmalar tərəfindən saxlanılan daha 40-a yaxın girov, qadın və uşaq haqqında Təl-Əvivə məlumat verməlidir.
Bu barədə Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Financial Times-a (FT) bildirib.
Onun sözlərinə görə, HƏMAS münaqişədəki fasilədən istifadə edərək, digər qruplaşmaların götürdüyü girovları tapmaq üçün istifadə edərsə, atəşkəs uzadıla bilər.
Nəşr Qətərin baş nazirindən sitat gətirir: "Hərəkət bu qadın və uşaqlar haqqında məlumat alarsa, fasilə uzadılacaq".
"Onların neçə girov tapa biləcəyi barədə hələ dəqiq məlumatımız yoxdur", - qəzetin mənbəsi qeyd edib.
Qətər naziri vurğulayıb ki, HƏMAS-ın hələ də azad edilməli olan qadın və uşaqların olduğuna dair “dəlilləri varsa” İsrail müvəqqəti atəşkəsi uzatmağa hazırdır. İsrailin “istənilən fasilə və ya atəşkəs”lə bağlı danışıqlara hazır olması girovlarla bağlıdır.
“Əgər işlər düzgün istiqamətdə getsə, biz digərləri (girovlar) üçün danışıqlara başlaya bilərik”, - o, vurğulayıb.
Onu da qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığından sonra Qəzza zolağında hər gün əlavə 10 girovun azad edilməsi şərti ilə dörd günlük humanitar atəşkəsin uzadılması imkanını müsbət qiymətləndirdiyini bildirib.
Baş nazir "X" sosial media hesabında yayımlanan videomüraciətində ABŞ Prezidenti Co Baydenlə telefon danışığı apardığını, həmçinin "Həmas" tərəfindən azad edilən hər 10 israilli məhbus üçün humanitar fasilənin bir gün uzadılması məsələsinə də müsbət yanaşıldığını qeyd edib.
Y.MƏMMƏDLİ