Joqorku Keneşin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və reqlamentlər Komitəsi
“Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini ikinci və üçüncü oxunuşda təsdiqləyib.
Bu, ölkənin dövlət bayrağının dəyişdirilməsini nəzərdə tutur.
Sənədin təşəbbüskarları Mənzil Komitəsinin deputatları Nurlanbek Şakiyev və Ulan Primovdur.
Xalq deputatı Mirlan Samiykojo bayraq məsələsinin referenduma çıxarılmasını təklif edərək, qanun layihəsinin qəbuluna qarşı çıxıb (24kg).
Bayrağın müəllifləri Bekbosun Jayçıbekov və Jusup Mataev 1992-ci ildə təklif etdikləri bayrağın eskizlərindən danışıblar.
“Əslində, dövlət bayrağının ilk variantı səmanın mavi rəngi idi, lakin onda da narazılıqlarını bildirməyə başladılar ki, mavi rəng ölkənin bəzi cənub rayonlarında matəm rəngidir. Daha sonra bayrağın mavi, yaşıl, ağ, qızılı və qırmızı rənglərdə beş yeni variantını hazırladıq. Sonda qırmızı seçdilər, heç kim buna qarşı olmadı. Məlum oldu ki, qırmızı - güc əlamətidir”, - Bekbosun Jayçıbekov qeyd edib.
Qırğızıstanın dövlət bayrağı 1992-ci il martın 3-də Ali Şura tərəfindən təsdiq edilib. Müstəqillik tarixi boyu onu bir neçə dəfə dəyişmək istəyiblər.
2011-ci ildə “Ata Meken” fraksiyasından olan deputat Karqanbek Samakov dövlət bayrağının dəyişdirilməsi məsələsini qaldırmışdı. O zaman bayrağı açıq mavi rəngdə etmək istəyiblər, guya qırmızı “qanın və təcavüzün rəngidir”.
TEZADLAR.AZ xatırladır ki, Joqorku Keneşin deputatı Tazabek İkramov da bayrağın dəyişdirilməsi təklifinə qarşı çıxaraq, bir müddət əvvəl bəyan etmişdi ki, Qırğızıstan bayrağının dəyişdirilməsi milyardlarla xərc tələb edəcək.
“7 milyon vətəndaşın pasportlarının dəyişdirilməsi, avtomobil nömrələri, möhürlər... Bunun əvəzində uşaqlar üçün xəstəxanalar, bağçalar tikmək daha yaxşıdır. Bayrağı dəyişməyə ehtiyac yoxdur. Milyarlarla somu küləyə sovurmağa ehtiyac yoxdur. Sadə adamdan tutmuş Nazirlər Kabinetinin rəhbərinə qədər, bütün vətəndaşlar vətənini sevəndə, ölkədə vəziyyət düzələcək. Təbii, yaxşı olardı bayrağı dəyişəydik və hər şey də dərhal həll olunaydı. Amma belə ola bilməz. Xalqın problemini qaldıranda, deyirlər pul yoxdur... Mən bayrağın dəyişdirilməsinə külli miqdarda pul xərclənməsinin əleyhinəyəm”, - deyə Tazabek İkramov vurğulamışdı.
Onu da əlavə edək ki, bayraqla bağlı ölkə Prezidenti Sadır Japarov “Bayrağın dəyişdirilməsi mənim təşəbbüsümdür” demiş və niyə Qırğızıstanın bayrağını dəyişdirmək qərarına gəldiklərini də açıqlamışdı.
“İşgüzar səfərim zamanı 30-a yaxın ölkədə oldum. Xarici nümayəndələrlə görüşlərdə yəqin ki, beş dəfə bayraqla bağlı sual verilib. Deyirlər, respublikanızın prioriteti nədir? Siz aqrar respublikasınız? Günəbaxan yetişdirib, yağ istehsal edəcəksiniz? Və mən dərhal söhbətin nədən getdiyini başa düşürəm. Mən onlara yox deyirəm və bayrağın bəzi nöqsanlarla qəbul olunduğunu izah edirəm”, - deyə Sadır Japarov qeyd edib.
JASMİN