Ötən gün Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqların növbəti raundu başa çatıb.
TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, görüşün yekunlarından sonra hökumət nümayəndə heyətlərinin başçıları Kamçıbek Taşiyev və Saymumin Yatimov “Region” telekanalı üçün bəyanatla çıxış ediblər.
Belə ki, Qırğızıstanın MTDK rəhbəri qeyd edib ki, tərəflər dövlət sərhədinin bəzi hissələri ilə bağlı prinsipial razılığa gəliblər.
“Xüsusən də, Məqsət kəndindən sərhəd boyu “görüş” ərazisinə qədər. Təxminən 15 kilometrdir. İndi yalnız komissiyalarımızın razılaşdırılmış sərhədləri təsvir etmələri qalır. Biz danışıqlarımızın nəticəsindən razıyıq”, - deyə Kamçıbek Taşiyev bildirib.
Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) rəhbəri də həmkarının sözlərini təsdiqləyib. O, mühüm məqamların müzakirə olunduğunu bildirib.
“Bu, Kulundu, Məqsət, Arka, Xistərvaz istiqamətləridir. Onlarla bağlı fundamental razılıq əldə olunub.
Biz protokol hazırlamışıq. Bütün tərəflər tam razıdırlar. Biz irəliyə doğru mühüm addım atacağıq. Biz dövlət başçılarımızın tapşırıqlarını və xalqlarımızın sərhədlərin delimitasiyası prosesinin başa çatdırılması ilə bağlı iradəsini inamla yerinə yetiririk”, - deyə Saymumin Yatimov bildirib.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Qırğızıstan və Tacikistan sərhədində atışma baş vermişdi. Qarşıdurma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanmışdı.
Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirmişdi.
İki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəlinsə də münaqişə bitmirdi.
Və artıq məsələ öz həllini tapır.
Y.Məmmədli