Pakistan İranın hücumundan sonra Tehrandakı səfirini geri çağırıb.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç İslamabadda verdiyi açıqlamada İranın heç bir səbəb olmadan Pakistanın suverenliyini pozmasından sonra Tehrandakı səfiri geri çağırdıqlarını və bu ölkəyə planlaşdırılan bütün səfərlərin ləğv edildiyini bildirib.
TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, Baluç bu qanunsuz hərəkətin tamamilə qəbuledilməz olduğunu və heç bir əsası olmadığını diqqətə çatdırıb.
"Pakistan bu qanunsuz hərəkətə cavab vermək hüququnu özündə saxlayır. Nəticələrə görə məsuliyyət birbaşa İranın üzərinə düşəcək",- deyə Mümtaz Zəhra Bəluç qeyd edib.
Mümtaz Zəhra Bəluç bildirib ki, bu mesaj İran hökumətinə çatdırılıb.
“Biz onlara Pakistanın Tehrandakı səfirini geri çağırmaq qərarına gəldiyini və hazırda İranda səfərdə olan İranın Pakistandakı səfirinin bir müddət geri qayıtmaya biləcəyini bildirdik”, - deyə Mümtaz Zəhra Bəluç vurğulayıb.
Bəluç qeyd edib ki, Pakistan və İran arasında yaxın günlərdə davam edən və ya planlaşdırılan bütün yüksək səviyyəli səfərlər ləğv edilib.
Pakistan Xarici İşlər Nazirliyinin dünən verdiyi açıqlamada İran tərəfindən ölkənin hava məkanının səbəbsiz şəkildə pozulması şiddətlə pislənilib və hücumda 2 uşağın həyatını itirdiyi, 3 qızın isə yaralandığı bildirilib.
Açıqlamada Pakistanın suverenliyinin bu cür pozulmasının qəbuledilməz olduğu və bunun ciddi nəticələrə səbəb ola biləcəyi ifadə olunub.