Cənab Prezident, Qarabağdakı təşəbbüsümüzü dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm.
Bu, “ağıllı kənd” layihəsidir. Bu, çox maraqlı bir layihədir. Mən imkan düşən kimi böyük məmnuniyyətlə oraya səfər etmək istərdim və ümid edirəm ki, Siz də tez bir zamanda bizə - Slovakiyaya səfər edəcəksiniz. Orada biz bu irəliləyişlə bağlı müzakirələr apara bilərik. Eyni zamanda, biz kiçik hava limanının inşası ilə də maraqlanırıq və enerji sahəsində əməkdaşlıq da bizə maraqlıdır.
TEZADLAR.AZ xəbər verir ki, bunu ölkəmizə rəsmi səfərə gələn Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarındakı çıxışı zamanı deyib.
"Əlbəttə ki, Ukraynada baş verən müharibə səbəbindən Slovakiyanın nəqliyyat infrastrukturunun istifadəsi mürəkkəbləşib. Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var. Söhbət 20 milyard kubmetrlik həcmdən gedirsə, bu, hamı üçün maraqlı olmalıdır. Əlbəttə, mən hesab etmirəm ki, Azərbaycan xeyriyyəçiliklə məşğuldur. Biz, sadəcə olaraq, ədalətli qiymətlərə ümid edirik və sizin maraqlarınıza hörmətlə yanaşırıq.
Cənab Prezident, əminəm ki, biz Avropa səviyyəsində də müsbət ab-hava yaradacağıq. Bilirsiniz ki, Avropada hamı spekulyasiyanı xoşlayır, ən pis niyyət görməyə çalışır. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik və bu məsələdə Sizin konstruktiv yanaşmanızı çox yüksək qiymətləndirirəm", - deyə Slovakiyanın Baş naziri Robert Fitso çıxışında qeyd edib.