Fevralın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı yaradılmasının 30 illiyini qeyd edib.

Qurumdan Tezadlar.az-a verilən məlumata görə, tədbir iştirakçıları öncə Xətai rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla anıblar.

YAP Xətai rayon təşkilatında davam edən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Vüqar Rəhimzadə açıb. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Vüqar Rəhimzadə bildirib ki, ötən il  ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən,  regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 ili tamam oldu. Partiyanın keçdiyi 30 illik şərəfli yolun təhlili fonunda bu reallıq hər zaman qeyd edilir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. 1992-ci il noyabrın 21-də xalqın istəyi, zamanın tələbi ilə yaradılan YAP ilk gündən xalqın partiyasına çevrildi. Qısa zamanda partiyanın rayonlarda təsis konfransları keçirildi.  İlk yaradılan rayon təşkilatlarından biri də bu gün sıralarında 20 minə yaxın üzvü birləşdirən YAP Xətai rayon təşkilatıdır. Təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran ulu öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq  qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir.

Vüqar Rəhimzadə qeyd edib ki, son 30 ilin ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında hansı mühüm hadisələrlə yadda qaldığını sadalamaq üçün böyük zaman gərəkdir. Onların miqyası o qədər genişdir ki, bu barədə  günlərlə, aylarla danışa bilərik. Yaranma tarixi  Azərbaycanın müstəqilliyinin bərpası ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının ölkəmizin hər bir uğurunda öz payı vardır.  Bu dövr Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşması, müstəqilliyinin möhkəmləndirilməsi, dünya miqyasında böyük  hörmət və diqqət  göstərilən ölkəyə  çevrilməsi, bütün sahələri əhatə edən islahatlara, davamlı inkişafa, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunması, vətəndaş həmrəyliyinin, milli birliyin bərqərar edilməsi, ərazi bütövlüyünün təmini, işğalçılardan təmizlənmiş regionların dirçəldilməsi və nəhayət, Prezident-Xalq-Ordu birliyi kimi vacib məsələlərlə səciyyələnir.  Bu fikri böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda  qazanılan  nailiyyətlərin müəllifləri  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyev və dahi liderin layiqli davamçısı, son 19 ildən artıq dövrdə  Azərbaycanı ən yüksək zirvələrə yüksəldən  Prezident  İlham Əliyevdir. Ümummilli Liderin ideyaları uğurlarımızın əsası, stimulverici qüvvəsidir.

Vüqar Rəhimzadə daha sonra qeyd edib ki, müasir müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci  müavini Mehriban xanım Əliyevanın dövlətə, xalqa xidmət nümunəsi olan fəaliyyətini  xüsusi qeyd etməliyik. Xalqımız daim bu əminliyi ifadə edir ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində ulu öndər Heydər Əliyevin  şah əsəri olan müasir müstəqil Azərbaycan bundan sonra da  yeni-yeni-yeni hədəflərə doğru inamla addımlayacaq.

Tarixi Zəfərimizin reallıqları fonunda Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında Mərkəzi Aparatın yenidən formalaşması, yeni   qərarların qəbulu, yeni Nizamnamənin və Proqramın təsdiqlənməsi partiyanın həyatında yeni səhifə açdı.   

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev  diqqəti Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərə yönəldib. Bildirib ki, 1990-cı illərin əvvəllərində  müstəqilliyini yenidən bərpa etmiş  Azərbaycandakı təlatümlü,  təhlükəli, gərgin ictimai-siyasi durumu o illərin şahidləri,  yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar. Bir tərəfdən ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran, digər  tərəfdən isə  torpaqlarımızın  ermənilər tərəfindən  işğalı, bir milyona yaxın soydaşımızın daimi yaşayış yerindən zorla qovulması xalqın səbir kasasını doldurmuşdu.   Belə bir mürəkkəb ictimai-siyasi şəraitdə xalqı zamanın sınaqlarından şərəflə çıxmış siyasi lider ətrafında sıx birləşdirməklə mövcud vəziyyətdən xilas etmək üçün yeni siyasi qüvvəyə ehtiyac vardı. Buna görə də Yeni Azərbaycan Partiyasının yaradılması zərurəti meydana çıxdı. Azərbaycanın 91 nəfər sayılıb-seçilən ziyalısı 1992-ci il oktyabr ayında o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə müraciət ünvanladı. Ümumilikdə xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə edən həmin müraciətdə bu mühüm məqam xüsusi qeyd edilmişdi ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına  rəhbərlik  etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz. Yalnız  bu halda  yaranmaqda  olan  partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan  xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu  dolduracaq.  Ulu öndər Heydər Əliyev dövlətinə, millətinə sevgisini, hər zaman xalqının yanında olduğunu ziyalıların müraciətinə cavabı ilə ifadə etdi.  O da məlumdur ki, obyektiv səbəblərdən YAP təsis konfransını 550 nəfər təəssübkeşin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirdi və ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bütün bunları qeyd etməkdə məqsədimiz  bir daha indiki və gələcək nəsillərə  Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığını çatdırmaqdır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirməklə yanaşı, bu çağırışı da etdi ki, YAP-a xidmət etmək millətə, xalqa, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir.

Rafiq Quluyev Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs edib. Vurğulayıb ki, bu gün möhkəm təməl  üzərində qurulan müasir müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir. Bu gün, həmçinin dünya Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlardan bəhs edir. Şanlı Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. 

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  Pərvin Kərimzadə bildirib ki, məqsədi xalqa, dövlətə  xidmət etmək olan Yeni Azərbaycan Partiyası hər günü tarixinə uğur səhifəsi kimi yazır. Dövrün, zamanın tələblərinə uyğun olaraq müəyyənləşdirilən hədəflərə doğru inamla addımlayan və onlara zamanında nail olan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən YAP-ın hər bir təşəbbüsü, qəbul etdiyi qərarlar xalqımız tərəfindən rəğbətlə qarşılanır. Partiyanın devizində edilən yeniliklər də bu nəhəng siyasi qüvvənin qarşısına qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olduğunu təsdiqləyir. 2021-ci il martın 5-də tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının yeni yaradılanda devizi “Yeni Azərbaycan uğrunda!” idisə, qəbul etdiyi yeni Nizamnaməyə və Proqrama uyğun olaraq bu gün artıq “Biz birlikdə güclüyük!” şüarıdır.  Partiyanın proqramı onun fəaliyyətinin güzgüsüdür.  Sözlə əməl birliyi, tutduğu yola sadiqlik partiyanın milyonların sevgisini qazanmasında öz sözünü deyir.  1993-cü ildən başlayaraq bütün seçkilərdə YAP-a qələbə qazandıran da xalqın partiyamızın yaradıcısı ulu öndər Heydər Əliyevə  və onun bugünkü Sədri cənab İlham Əliyevə sonsuz inamı, etibarıdır.

Pərvin Kərimzadə bildirib ki,  Heydər Əliyev ideyaları Azərbaycanın uğurlu gələcəyinin əsasıdır.  Son 19 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətlərə  nəzər salanda  qürur hissi keçiririk. Qısa zamanda  əldə olunan və bütün sahələri  əhatə edən uğurların fonunda qüdrəti, gücü daha aydın şəkildə nümayiş olunan Azərbaycan 2020-ci il noyabrın 10-da tarixi Zəfərə imza atdı. Dünya Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxmasının, torpaq, Vətən sevgisinin bir daha şahidinə çevrildi.

Milli Məclisin deputatı Kamran Bayramov ölkəmizdə yaranan güclü birlikdən bəhs edib. Qeyd edib ki, bu birlik, eyni zamanda, müxtəlif millətlərin, xalqların birliyidir. Azərbaycan tolerant ölkədir. Ulu öndər Heydər Əliyev ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşamasını böyük sərvət kimi dəyərləndirib.  Bu, Azərbaycanın tarixi ənənələrə söykənən ən böyük uğurudur.  Yeni Azərbaycan Partiyasının 2021-ci ildə təsdiqlənən  yeni Proqramının əsas devizi də məhz  “Biz birlikdə güclüyük!”dür.  Bu birliyi, həmrəyliyi qoruyub saxlamaq və daha da möhkəmləndirmək  Proqramda  qarşımıza qoyulan ən başlıca vəzifələrdən biridir.

Kamran Bayramov  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında xalqımızın birliyini, həmrəyliyini xüsusi qeyd edib. Bildirib ki, ulu öndər Heydər Əliyev  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk gündən bu çağırışı etdi ki, müstəqilliyimizi, suverenliyimizi  daimi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan vahid ideya - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb edilir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin hər bir təşəbbüsü, qəbul etdiyi qərarlar xalqımız tərəfindən dəstəklənir, Onun ətrafında sıx birləşərək gələcəyə doğru inamla addımlayır.

Vətən Müharibəsi Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Anar Mirzəyev Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qalibiyyətindən, çoxəsrlik tarixinə Zəfər səhifəsini böyük qürur hissi ilə yazmasından bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu nəyə qadir olduğunu  Vətən müharibəsindən öncə,  2016-cı ilin Aprel döyüşlərində, həmçinin 2018-ci ilin  Cünnüt əməliyyatında nümayiş etdirmişdi. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirməsi tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı. Bu Zəfərdə az da olsa payımın olmasından qürur duyuram.

Çıxış edən akademik Vaqif Abbasov  ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının uğurlarından geniş danışıb. Diqqətə çatdırıb ki, dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində inamın növbəti ünvanını göstərərkən bu fikri məhz reallıqlara, əldə olunan uğurlara söykənərək bildirmişdi ki, mənim axıra çatdıra bilmədiyim işləri, planları cənab İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıracaq. Ümummilli Lider müstəqilliyimizin qarantı, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.

Vaqif Abbasov Azərbaycanın dayanıqlı inkişafında ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolunu xüsusi qeyd edərək ötən dövrdə imzalanan neft müqavilələrinə diqqəti yönəldib. Bildirib ki, bütün bunlar ölkəmizə, Heydər Əliyev siyasətinə inamın göstəricisidir.

Xətai Rayon Ağsaqallar Şurasının sədr müavini, şəhid Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid-kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov,  YAP Xətai rayon təşkilatının veteranı Kərim Ağayev, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov çıxış edərək  Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğurunda rolundan geniş bəhs ediblər. Bu fikri dönə-dönə qeyd ediblər ki, Azərbaycanı işıqlı yola çıxaran Ümummilli Liderin yaradıcısı olduğu, adını tarixə torpaqlarımızın xilaskarı kimi yazan Müzəffər Ali Baş Komandan, qalib Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən partiyanın sıralarında olmaq hər birimiz üçün böyük xoşbəxtlikdir.
 
Tədbirin sonunda YAP Xətai rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup üzvə Fəxri fərmanlar, partiyaya yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olunub.

Müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş etdirilib və xatirə şəkli çəkdirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN