Azərbaycan xalqı ermənilərin tarixən başımıza gətirdikləri faciələri, o cümlədən  Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra Ermənistana təklif olunan sülh müqaviləsindən bəhs edərkən daim bu məqamı xüsusi qeyd edir ki, yaşadığımız faciələri, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi heç zaman unutmarıq. Çoxəsrlik tariximizin hər bir səhifəsini indiki və gələcək nəsillərə çatdırmalıyıq.  Yaşadığımız  faciələri hər an xatırlamalıyıq. İnformasiya cəbhəsində mübarizəmizi davam etdirməli, erməni vəhşiliklərini əsaslı və davamlı şəkildə dünya ictimaiyyətinə çatdırmalıyıq. Xocalı faciəsi erməni vəhşiliyinin  ən dəhşətli nümunəsidir.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Tezadlar.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, zaman-zaman erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar: “Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, misli görünməmiş qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” söyləyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etdi. Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir”.

Vüqar Rəhimzadə diqqəti Xocalı faciəsinin dəhşətli miqyasının əks etdirən  rəqəmlərə yönəldib. Bildirib ki,  həmin məşum gecədə dinc əhaliyə amansızlıqla divan tutuldu: “613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insanlar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib. Hər zaman bu gerçəklik xatırladılır ki, bir cinayətin cəzasız qalması digər cinayətlərin törədilməsinə rəvac verir. Dünya gücləri zamanında işğalçı dövlətə “dur!” desəydilər, bu faciələr yaşanmazdı. Azərbaycan 30 il haqq səsini dünyaya çatdırdı. Lakin əfsuslar olsun ki, ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən bəzi dünya gücləri bunları görməzdən və eşitməzdən gəldilər. Ən çox təəssüf doğuran hal budur ki, bəzi ölkələr ikili standartlara əsaslanan  siyasətlərini bu gün də davam etdirirlər”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər: “XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.  Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ardıcıl iş həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan sistemli iş soyqırımın dünyada tanıdılmasında müstəsna rol oynayır. Həyata keçirilən bu siyasətin nəticəsidir ki, artıq bir çox ölkələr bu soyqırımı tanıyıblar. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən insanlığa qarşı törədilmiş qətliamla bağlı müvafiq qətnamələr qəbul edilib. Xocalı faciəsi soyqırımı kimi ABŞ-ın 30-dan çox ştatında tanınıb”.

V.Rəhimzadə diqqəti ötən il  Xocalı soyqırımının 30-cu ildönümündə Prezident  İlham Əliyevin və Birinci  vitse-prezident  Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşünə yönəlib: “Hər il bu faciəni  qeyd etməklə bir daha əksər dünya güclərinə ədalətin, beynəlxalq hüququn yanında olmağa, həqiqətləri olduğu kimi qəbul etməyə  çağırış edirik. Xocalı faciəsini törədənlər tezliklə öz layiqli cəzalarını almalıdırlar”.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN