Əməliyyat şirkətlərinin fəaliyyətindəki gizlilik nəyə işarədir?
...Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin növbəti hesabat xarakterli araşdırmalarında diqqəti çəkən məqamlar çoxdur... Bu yazıda belə vacib məqamlardan birinin üzərində dayanmalı olacağıq.
Söhbətimizi Birliyin sədri Mirvari Qəhrəmanlı ilə müzakirələr əsasında etdik:
(Əvvəli ötən sayımızda)
- Mirvari xanım, sorğularda qoyulan suallara cavab verməmək dövlət qurumları üçün nə deməkdir, nəyə işarədir?
- Bilirsiniz, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) sorğumuza verilən cavabdan aydın olur ki, Azərbaycanın quruda yerləşən neft-qaz yataqlarından Fonda 2022-ci ilin sentyabr ayının sonunadək, ümumilikdə, 792 milyon ABŞ dolları, o cümlədən 2022-ci ilin 9 ayı ərzində 61 milyon ABŞ dolları məbləğində vəsait daxil olub. Cavab məktubundan sitat:”Beləliklə, 2022-ci il üzrə quruda yerləşən neft-qaz layihələri üzrə büdcənin 9 aylıq icrası 81 faiz təşkil etmişdir. Qeyd olunan layihələr üzrə Dövlətin Mənfəət Payının yaranması, bölünməsi və ötürülməsi müvafiq Hasilatın pay bölgüsü sazişlərinin (HPBS) müddəalarına uyğun şəkildə aparılır və dövlətə ödənişlər HPBS-lərdə qeyd edilən şərtlər əsasında icra edilir”.
- Soruşmaq yerinə düşər, Hasilat Sənayesində Şəffaflıq hesabatı şəffaflıq gətirirmi?
- Bir müddət əvvəl Dövlət Statistika Komitəsi Hasilat Sənayesində Şəffaflıq üzrə 2019-2021-ci illəri əhatə edən məcmu hesabatı açıqlayıb. Maraqlıdır ki, həmin hesabatda da illər üzrə hasilat həcmləri açıqlanır, lakin dövlətə çatan mənfəət neftinin həcmi deyil, yalnız dəyəri əksini tapır. Bp. Equinor və sair iri xarici şirkətlər hesabatda açıqlanması nəzərdə tutulan bütün məlumatları təqdim etdikləri halda, qurudakı yataqlarda çalışan özəl şirkətlər ümumi hasilat göstəricisi, dövlətə çatan mənfəətin həcmi istisna olmaqla, əksər məlumatları təqdim etməyiblər. Bu məsələdə “Balakhani Operating Company Limited” və “Surakhani Oyl Operating Company S.A.” xüsusilə qapalılığı ilə diqqəti cəlb edir. Bu şirkətlər hesabata daxil edilən məlumatların böyük əksəriyyətini təqdim etməyiblər. Hesabat təqdimatından isə aydın olur ki, DSK bütün şirkətlərdən eyni məlumatı istəyib, lakin cavablandırıb-cavablandırmamaq şirkətlərin öz ixtiyarında olduğuna görə cavablandırmayanlara münasibətdə hər hansı məcburedici tələb yoxdur. Bu isə o deməkdir ki, açıqlanan hesabatlar quruda yerləşən yataqlarda çalışan şirtkətlərin fəaliyyətinə demək olar ki, işıq salmır.
***
...Enerji sahəsi üzrə ekspert İlham Şaban da hesab edir ki, cəmiyyəti neft-qaz hasilatçıları ilə tanış etmək hökumətin vəzifəsidir: “Əvvəla ondan başlayaq ki, hökumət ümumiyyətlə cəmiyyəti neft və qaz hasilatçıları ilə tanış edirmi? Yəni hökumət hansısa hesabatında bildirirmi ki, Azərbaycanda 01.01.2022 tarixinə neft və qaz hasilatı ilə neçə hüquqi şəxs məşğul olub? Və bu hüquqi şəxslərin neçə səhmdarı olub, onlar neçə ölkəni təmsil ediblər və sair. Nə Energetika Nazirliyinin illik hesabatında, nə SOCAR-ın illik hesabatında (orada işlənən yataqların sayı açıqlanır, amma neçə əməliyyat şirkəti tərəfindən işlədildiyi qeyd edilmir), nə AR Dövlət Neft Fondunun illik hesabatında (orada yalnız mənfəət ödəyən əməliyyat şirkətləri yer alır) və.. nəhayət, nə də hər ilin mart ayında Hökumətin Milli Məclisə təqdim etdiyi hesabatında (maraqlıdır ki, həmin hesabat heç hökumətin saytında belə tam şəkildə yerləşdirilmir) “neft-qaz” bölümündə bu haqda məlumat verilmir. Yəni Azərbaycan vətəndaşı olaraq kimsə hətta Google axtatış sistemində “Azərbaycanda hasilatçı şirkətlər” yazsa, qarşısına dolğun bir məlumat çıxmayacaq”.
Ekspert bildirir ki, bu sahə üzrə müəyyən biliklərə sahib insanlar Dövlət Statistika Komitəsinin saytından “Hasilat Sənayesində Şəffaflıq” bölümündən müyyən məlumatlar əldə edə bilirlər: “Bu bölməyə keçid etdikdən sonra “Şirkətlər üzrə” hissədə hasilatla hansı əməliyyat şirkətlərinin (nəyə görə əvvəldə bilik məsələsinə toxundum, çünki burada qiymətli metal hasil edən şirkətlər də var, gərək onları ayırd edə biləsən) məşğul olduğunu və nə qədər neft və qaz hasil etdiklərini görmək olar. Həmin məlumatlar 3 illik müqayisə ilə verildiyindən son illərdə həmin əməliyyat şirkətinin hasilatının azalması və ya artımı ilə bağlı fikir formalaşır. Amma Statkomun açıqladığı bu məlumatlar sadəcə statistikadır. Onların əsasında nəinki vətəndaş, heç onilliklər boyu iqtisadiyyat üzrə ixtisaslaşmış alimlər belə “bu nəticələr yaxşıdır, ya qeyri-kafi” sualına cavab verə bilməzlər. Niyə? Çünki Azərbaycanda indiyə qədər imzalanmış 37 müqavilədən 3-ü Risk Servis tipli, 34-ü isə Hasilatın Pay Bölgüsü tiplidir və onların ictimaiyyət üzrə açıq olanı heç 5-ə də çatmır. Müqavilədə yazılan şərtləri, yatağı işlədən şirkət qarşısında qoyulan müqavilə tələblərini bilmədən həmin müqavilə sahəsinin effektiv və ya səmərəsiz işlədilməsi haqda kənardan müşahidəçi qismində necə nəticə çıxarmaq olar? Təbii ki, bu çox mürəkkəb və bizim halda deyərdim ki, hətta mümkünsüzdür. Çox təəssüf ki, BP şirkətinin bu sahədə cəmiyyətə verdiyi şəffaflıq və hesabatlıq töhfəsi digər əməliyyat şirkətlərində Azərbaycanda tətbiq edilmədi və nəticə göz qabağındadır - yəni real olaraq “Azəri-Çıraq-Günəşli” neft bloku və “Şahdəniz” qaz yatağının işlənməsi və bir də ümumilikdə SOCAR-ın fəaliyyətindən başqa digərləri haqda cəmiyyət faktiki məlumatsızdır. Məsələn, biz bilirik ki, AÇG-nin ehtiyatları 1 milyard tona yaxındır və Energetika Nazirliyinin amıqladığı məlumatlara əsasən təxmin edirik ki, onun ehtiyatlarının artıq 60 faizini çıxartmışıq. O cümlədən də “Şahdəniz” üzrə. Çünki həm çıxarıla biləcək ehtiyatlar, həm cari hasilat, həm də hasilatın əvvəlindən indiyə qədər çıxarılmış resurslar haqda dolğun məlumatlar var. Bəs digər əməliyyat şirkətləri üzrə? Mən bir ekspert kimi hansısa proqnoz verə bilmərəm, nəinki çətinlik çəkərəm, çünki əl altında məlumat yoxdur”.
İ.Şabanın sözlərinə görə, Hasilat Sənayesində Şəffaflıq hesabatının 2021-ci il üzrə göstəricilərinə nəzər yetirdikdə görünür ki, Azərbaycanda SOCAR-dan əlavə neft və qaz hasilatı ilə daha 15 əməliyyat şirkəti fəaliyyətdə olub: “Bunun 12-sinin fəaliyyəti Azərbaycanın quru yataqlarını əhatə edir. SOCAR-ın 2021-ci il üzrə illik hesabatındakı göstəricilərdən çıxış etsək, Azərbaycanda hasil edilən neftin cəmi 4,2 faizi, qazın isə 0,41 faizi quruda hasil edilib. Neft Fondunun 2021-ci il illik hesabatından məlum olur ki, 11 əməliyyat şirkəti üzrə daxilolmalar var. Yəni dövlət neft və qaz hasilatı üzrə 11 müqavilə üzrə MƏNFƏƏT əldə edib. Bu, isə o deməkdir ki, 4 layihədən dövlətin QAZANCI olmayıb. Amma bu haqda hökumət özünün narahatçılığını ictimailəşdirməyib. İndi baxaq görək, 2020-ci və 2019-cu illərdə Azərbaycan dövləti neçə layihədən mənfəət əldə edib? Müvafiq olaraq 11 və 12 olub. Yəni 2019-cu illə müqayisədə “Muradxanlı” layihəsi bağlanıldığından və yenidən SOCAR-ın balansına keçdiyindən say azalıb. Keçid edirik daha əvvələ - 2017-ci ilə yenə də 11... və eyni əməliyyat şirkətləri. Gəldiyimiz nəticə nədir? Azərbaycanda dövlətin mənfəətsiz işlətdiyi NEFT yataqları var.. bunlar SOCAR-ın balansında olsaydı və rentabelliyi artırmaq üçün özəl şirkətlərə verilsəydi, başadüşülən olardı. Məsələn, ötən ilin noyabrında Kürsəngi-Qarabağlı yataqlarına Azərbaycanın özəl şirkəti GL operator qismində daxil oldu və 1 illik fəaliyyətləri nətucəsində 8 faiz hasilatı artıra bildilər. Belə hal təqdirəlayiqdir. Amma dövlət bir layihədən illərlə qazanc əldə etmirsə və layihəyə də xitam vermirsə.. və bunu da ictimailəşdirmirsə.. səbəbini gərək izah etsin axı”.
Neft sənayesi mütəxəssisi, uzun illər bu sahədə çalışmış digər müsahibimiz isə bildirir ki, qurudakı yataqlarda yeni texnologiyaların tətbiqinə diqqət yetirilmir: “Onların(Əməliyyat şirkətlərini idarə edənlərin - red.) çoxusunun neft sənayesindən xəbərləri belə yoxdur. Yataqları əldə edən kimi ilk növbədə geoloji tədqiqat strukturlarındakı mütəxəssisləri kənarlaşdırdılar. İndi də prosesləri necə gəldi idarə edirlər. Məsələn, “Qarasu”da quyulara suyu naşı şəkildə vurdular, ilk mərhələdə hasilat artdı. Lakin işi qeyri-peşəkar apardıqlarına görə tezliklə əksər quyularda neft verimlilik kəskin düşdü(2019-cu ildə hasilat 100,7 min ton, 2020-ci ildə 94,5 min ton, 2021-ci ildə 91 min ton), indi çıxarılanın yarıdan çoxu su olur. İndi eyni tərkib gəlib Balaxanıya rəhbər, eyni işə başlayıblar. Yaşlanmış yataqlarda hasilatı artırmaq üçün quyulara su vurulması bütün dünyada həyata keçirilir. Lakin bunu elə dəqiq hesablayıb həyata keçirmək lazımdır ki, vurulan su laylarda qalan nefti tamamilə quyuların dibinə gətirsin. Bunu da sahə üzrə geoloq-mütəxəssislər ən azı 6-7 aylıq tədqiqatlardan sonra qərar verə bilirlər ki, yatağın hansı hissəsində yerləşən hansı quyuya su vurulsa maksimum çox neft çıxarmaq mümkün olacaq. Bunlar heç bir tədqiqat aparmadan quyuları necə gəldi seçib su vururlar. Nəticədə qısa müddətə hasilat artsa da, sonrakı dövrdə çıxarıla biləcək neft həcmləri kəskin azalır. Bu, axı xalqın sərvətidir, ona necə belə məsuliyyətsiz yanaşmaq olar?”.
Beləliklə, DSK-nın açıqladığı şəffaflıq hesabatından aydın olur ki, son 3 ildə qurudakı yataqların hamısında hasilatın azalması baş verib. İ.Şabanın da qeyd etdiyi kimi, hasilat həcmlərinin sazişlərdə nəzərdə tutulan hasilat həcmlərinə nə qədər uyğun gəldiyini müəyyənləşdirmək mümkün deyil. SOCAR indiyədək yalnız 1 dəfə - 2020-ci ildə Kanadanın “Zenith Energy” şirkəti Azərbaycan hökuməti ilə bağlanmış HPBS-dən çıxma barədə qərarından sonra şirkətin sazişdə nəzərdə tutulan hasilat planına əməl etmədiyini açıqlayıb. Digər sazişlər üzrə hasilat planlarına əməl olunma səviyyəsinə dair hər hansı açıqlama isə verilməyib...
“Təzadlar”ın Araşdırma Qrupu