“Uşaq yatanda, millət oyaq qalanda böyüyür” deyirlər. Hər millətin millətə çevrilmə yolu təxminən eyni tipli proseslərlə müşayiət olunsa da, özünəməxsusluq ştrixlərini də bu gedişata həkk eləyir. Bir millətin, var olma, özünü təsdiqetmə amili 5 əsasdan yaranır:  Dil birliyi, din birliyi, iqtisadi birlik, ərazi birliyi və mədəni birlik. Bu sadalanan xüsuslar milləti təşkil etdiyi kimi, bunlardan biri çatışmadıqda onu xalq, ikisi çatışmadıqda isə etnik qrup səviyyəsinə düşürür. Bu aspektdən baxanda görmək olur ki, zamanla millət olan Azərbaycan türkləri bu günümüzdə xalq kimi təqdim olunur. Bunun başlıca səbəbi yuxarıda qeyd etdiyim xüsuslardan, ərazi birliyi faktorundadır.

Belə ki, iki əsrə yaxın bir vaxtda Azərbaycan türklərinin taleyində ərazi birliyi bilərəkdən böyük güclər tərəfindən pozuldu. Tarixi Gülüstan və Türkmənçay müqavilələri  bir böyük məmləkəti ikiyə böldü. Bununla kifayətlənməyən Çar Rusiyası Azərbaycan ərazisidə Osmanlı türkləri ilə Azərbaycan türklərinin əlaqələrinə sədd çəkmək niyyəti ilə iki türkün arasında qaratikan kolu əkdi. Bu qaratikan İrəvan xanlığının ərazisində İrandan və Osmanlı ərazilərindən köçürməklə hayların süni şəkildə artımından təşkil edilən “erməni vilayəti” oldu. Tarixi gedişatda o dırnaqarası vilayət Ermənistan dövləti səviyyəsinə qədər çatdırıldı. Bununla da ikinci dəfə ərazimizdən böyük bir hissə qoparıldı. Bundan əlavə, Dərbəndin Rusiyaya verilməsi və Borçalının da Gürcüstana birləşdirilməsi ilə bir daha ərazi itkilərini təkrarladıq.

Çar Rusiyasının dağılması ərəfəsində Azərbaycan türklərinin milli oyanış səviyyəsi ən yüksək həddə çatdı. XIX əsrin son rübündə Şimali Azərbaycanda rus müstəmləkə əsarətinə qarşı milli azadlıq hərəkatı başlandı. Milli hərəkatın birinci mərhələsi (1875 - 1904-cü illər) milli oyanış dövrü hesab olunur. Bu dövrdə Azərbaycanın vətənpərvər maarifçi ziyalılarının fəaliyyətində üç mühüm istiqamət aparıcı yer tuturdu: xalqı maarifləndirmək, milli şüuru oyatmaq, milli dili inkişaf etdirmək. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Məhəmmədağa Şahtaxtinski kimi vətənpərvər ziyalılarımız bu dövrdə Azərbaycan və Azərbaycan milləti ideyasını geniş şəkildə təbliğ etməyə başladılar. M.F.Axundzadə ilk dəfə “millət” anlayışını irəli sürdü, mətbuatda və ictimai fikirdə “Azərbaycan milləti” ifadəsi işlənməyə başlandı. M.F.Axundzadə və H.Zərdabi fəaliyyətlərində millətimizin ilk öncə türk, sonra isə müsəlman kimliyini dərk etməsinə çalışırdılar.

H.Zərdabi Rusiya imperiyasında türk dilində ilk qəzet olan “Əkinçi”ni nəşr etdi və ilk səhnə əsərini tamaşaya qoydu. Bu böyük mütəfəkkir XIX əsr Azərbaycan ictimai fikrinə hürriyyət (azadlıq) ideyasını gətirdi. H.Zərdabi ağır müstəmləkə şəraitində bir xalq olaraq öz milli varlığımızı necə qoruyub saxlaya biləcəyimizin yollarını da göstərdi. Həsən bəy yazırdı ki, milli tərəqqi etmək istəyən hər bir xalq gərək iki şeyi bərk saxlasın. Bunların biri millətin dirəkləri olan dil, o biri isə dindir. Bunlardan biri əldən getdi, xalqın “beli sınmış” olur.

Ə.Hüseynzadə türk xalqlarının istiqlal mübarizəsinin ideologiyasını “türkləşmək, islamlaşmaq və müasirləşmək” formasında sistemləşdirmişdir. Аzərbaycan milli-azadlıq hərəkatının ideoloqları islamlaşmaq deyərkən heç də hər hansı din nümayəndəsinin islamlaşdırılmasını deyil (onlu da, onsuz da Azərbaycan əhalisi müsəlman idi.) islam dininin xürafatdan təmizlənməsini və Quranın elmi təməl üzərində inkişafını nəzərdə tuturdular. Bu şəkildə aparılan təbliğatlar öz meyvəsini- 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətini yetişdirdi. Yeni qurulmuş müstəqil respublikada parlament hakimiyyəti mütləq idi. Burada Avropada tətbiq edilməyən həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu. Azərbaycandakı milli-demokratik hərəkata, ADR-in daxili və xarici siyasəti məsələlərinə dаir respublikadan kənarda çap edilən əsərlər хüsusi əhəmiyyətə malikdir. Bu baxımdan Ə.M. Topçubaşovun, M.Ə.Rəsulzadənin, A.Ziyadxanlının, R.Vəkilovun, C.Hacıbəylinin, Y.V.Çəmənzəminlinin, M.B. Məmmədzadənin əsərləri çox qiymətli mənbələr hesab olunmalı və diqqətlə öyrənilməlidir. Cümhuriyyətin varlığına açıq işğalla son qoyan Sovet Rusiyasında guya müstəqil Azərbaycan anlayışının saxtalığı bəzilərinə gerçək kimi görünsə də, böyük ziyalılarımız faciəmizi gözəl dərk edirdilər. Məsələn, N.Nərimanov V.İ.Leninə yazırdı ki, “Üç respuplikadan biri olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan həm ərazisini, həm də müstəqilliyini itirir”.

Azərbaycan XI Ordunun işğalından sonra 29.338,2 kv. km ərazisini Ermənistan və Gürcüstana hədiyyə etmişdir. Bu ərazilərdən İrəvan (qalan hissəsi – 3.100,2 kv. km), Zəngəzur (çox hissəsi – 5.115,4 kv. km), Qazax (2.980, 3 кv. кm), Dərələyəz (1.583, 8 кv. кm) Ermənistana, Borçalı (bir hissəsi - 5.161,4 кv. кm.), Sığnaq (6.832, 6 кv. кm) və bir sıra başqa ərazilər (4.564, 6 кv. кm.) Ermənistana verilmişdir

Bütün bunlar və nəhayət, Qarabağın Ermənistan tərəfindən işğalı da bizim millətçiliklə bərabər, dövlətçiliyimizə də ağır zərbəsini vurdu. İki əsrdə itirə-itirə gəldiyimiz vətən adlanan ərazilərimiz xalq olaraq milli şüur və təfəkkürümüzdə acı bir iz buraxıb aşağılıq duyğusunu bizlərə sırımaqdaydı. Bir vətəndaş kimi hər dəfə işğal tarixləri təkrarlanıb illər ötdükcə cılızlaşıb içdən ərisək də, vətən sevdamız aşır daşır və yeni nəslə ötürülürdü. Bu gün illərdən bəridir ki, ilk dəfə vüqarımız, qürurumuz, şanımız Qarabağın erməni dığalarından paklanıb arınması ilə bərpa olundu. Nə xoşdur ki, Yaradan bizi buna şəhid və şahid qıldı. Bütün itirdiyimiz ərazilərin bərpası və Peyğəmbərimizin (s.ə.s.) təriflədiyi millət olmaq ümidi və duasıyla…

İlhamə Qurbanlı

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN