Bu günlərdə əvəzsiz aktyor və rejissor Ceyhun Mirzəyevin doğum günü idi...

Aşağıda təqdim edilən yazı "Təzadlar"ın ilyarım əvvəlki saylarında təqdim olunub... Bu ağrı dolu yazını mərhum rejissorumuzun ad gününə həsr edərək təkrar yayımlamağı özümüzə borc bildik:

...Rusiyanın Stavropol vilayətində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri, dəyərli ziyalımız Təhmasib Zeynalov, məşhur rejissor və aktyor Ceyhun Mirzəyevin yeganə qızı Camalə Mirzəyevanın Azərbaycana göndərilməsi üçün var gücünü əsirgəməyəcəyini bildirdi

“Tezadlar.az” saytının bir neçə gün öncəki buraxılışında “Ceyhun Mirzəyevin qızı Rusiyada niyə küçələrdə qalıb?” başlıqlı yazı dərc olunmuşdu. Yazı Hollandiyada yaşayan dəyərli, vətənpərvər ziyalımız Elman Mustafazadə tərəfindən Avropada yaradılmış “Ya Qarabağ, ya ölüm” “Votsap” qrupuna yerləşdirilmişdir. Onu da deyim ki, E.Mustafazadə Avropada nəşr olunan “Xudafərin” jurnalının və eyni adlı saytın təsisçisi, həm də baş redaktorudur. Həmin yazı da E.Mustafazadənin müəllifliyi ilə jurnalın saytında dərc edilmişdir.

Yazının əhəmiyyətini nəzərə alıb əlavələrlə “tezadlar.az” saytında “Ceyhun Mirzəyevin qızı Rusiyada niyə küçələrdə qalıb?” başlıqlı yazıyla dərc olundu. Yazıda göstərilirdi ki, məşhur rejissor və aktyor “Ögey ana” və “Fəryad” filmlərindən hamımıza yaxşı tanış olan Ceyhun Mirzəyev rəhmətə gedəndən sonra, tatar millətindən olan həyat yoldaşı Bakıdakı evlərini sataraq, yeganə övladları olan qızı Camaləni də götürüb Stavropol vilayətinə gedir. Bir müddətdən sonra C.Mirzəyevin həyat yoldaşı Lidiya Mirzəyeva da vəfat edir və qızı tək qalır. Hansısa bir naxələf insan “sənə evlənəcəyəm” adı ilə qızı aldadaraq, Stavropoldakı evini və Bakıdakı bağını satdırır. Eyni zamanda Camaləni narkotikaya da öyrəşdirir. Hazırda Camalə Mirzəyeva Krasnodarda evsiz-eşiksiz, küçələrdə qalıb.

Azərbaycan incəsənətində silinməz izlər qoymuş dahi bir sənətkar Ceyhun Mirzəyevin yeganə övladı olan Camalənin bu vəziyyətə düşməsini Azərbaycan oxucuları çox böyük ürək ağrısıyla qarşıladılar. “tezadlar.az” saytında dərc olunmuş bu yazı böyük rezonans doğurdu. Redaksiyamız və baş redaktor Asif Mərzili ilə çoxsaylı insanlar əlaqə saxlayaraq C.Mirzəyevin qızının acınacaqlı taleyinə biganə qalmayıblar və çox ciddi təkidlə qızın tapılıb, Azərbaycana gətirilməsinə yardımçı olmağımızı bizdən xahiş edirlər. Bu kimi təkliflərin çoxluğu təbii ki, məşhur sənətkar Ceyhun Mirzəyevə aktyor və rejissor kimi verilən dəyərin nəticəsidir.

İşi belə görüb, mən yenidən Elman Mustafazadə ilə əlaqə saxladım və yazının Azərbaycanda doğurduğu effekti ona çatdırdım. Eyni zamanda xahiş etdim ki, qızın tapılıb vətənə gətirilməsi məqsədi ilə Stavropoldakı Azərbaycan diasporası ilə bizim əlaqəmizi yaratsın. Elman bəy sağ olsun, dərhal Stavropol vilayətinin Ptiqorsk şəhərində yaşayan Azərbaycan Cəmiyyətinin sədri Təhmasib Zeynalovun əlaqə nömrələrini mənə verdi və bu sözləri də əlavə etdi: “Ürəyim lap riqqətə gəldi, əməlli-başlı kövrəldim. Çox sevinirəm və qürur duyuram ki, xalqımız Ceyhun Mirzəyev kimi sənətkarın qızının acı taleyinə biganə qalmadı. Əvvəlki yazıda da dediyim kimi, mən bunu ilk dəfə eşidəndə adını sizə verdiyim Cəmiyyətin sədri Təhmasib Zeynalovla əlaqə yaradaraq, xahiş etdim ki, o qıza sahib dursunlar. Sağ olsun, Təhmasib bəy, bir neçə dəfə onunla görüşüb, lakin qız hər hansı bir yardımdan imtina edib. İndi sizin vasiətənizlə əgər o qıza sahib çıxarlarsa, bu, olduqca alqışlanası addımdır. Ceyhun Mirzəyev kimi sənətkarın qızına sahib çıxmaq istəyən hər bir kəsə təşəkkürümü bildirirəm”.

E.Mustafazadənin verdiyi telefon nömrəsinə zəng edib, Stavropolda fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Təhmasib Zeynalovla əlaqə saxladım. Söhbət zamanı məlum oldu ki, Elman Mustafazadəylə mənim ümumi dostumuz, vətənpərvər insan, dünyasını vaxtsız dəyişmiş Ənvər Börüsoyla Təhmasib bəy də çox yaxın dost olublar. Söhbətdən də hiss etdim ki, Təhmasib bəyin timsalında vətənini, elini, obasını sevən, dəyərli bir soydaşımızla tanış oldum. Ceyhun Mirzəyevin qızı Camalə xanım barədə isə Təhmasib bəy bunları dedi: “Bəli, mən o qızı bir neçə dəfə cəhd etmişəm ki, normal həyata qaytarım. Hazırda çox acınacaqlı və yaşayış üçün heç bir şəraiti olmayan yerdə yaşayır. Əyin-başı da çox bərbad vəziyyətdədir. Mən onun üçün hər cür şəraiti olan bir ev tutdum ki, orada yaşasın. Ancaq Camalə bundan da imtina elədi. O vəziyyətdə oturub-durduğu bir kişi  var, ondan əl çəkmək istəmir. Hətta sənədlərini də itirib. Bizim uşaqlar təsadüfən həmin sənədləri taparaq gətirib mənə veriblər. Heç özünün də xəbəri yoxdur. O, hazırda Pyatiqorsk şəhərindədir. Onu da deyim ki, görkəmi çox pis təsir bağıçlasa da Camalə narkotik və spirtli içki qəbul etmir. Bu barədə yayılan məlumatlar düzgün deyil. Onun çöllərə düşməsinin səbəbi başqa ola bilər. Anasının ölümü ona çox pis təsir etmişdi”.

Mən isə öz növbəmdə bunları dedim: “Təhmasib bəy, saytımızda verdiyimiz yazıdan sonra, Camalə xanıma Azərbaycanda sahib çıxmaq istəyənlər var. Hətta inanıram ki, dövlət səviyyəsində Ceyhun Mirzəyev kimi sənətkarın qızına yiyə duran tapılacaq. Ona görə də sizdən xahiş edirəm Camalə Mirzəyeva ilə bir də görüşün. Bu dəfə iş adamı kimi yox, mümkünsə, psixoloq olun və Camaləni tam inandırın ki, onu Azərbaycanda gözləyirlər. Amma sənədlərini özünə hələ verməyin, o vəziyyətdə yenə itirə bilər. Sonra isə, Azərbaycana gəlmək üçün bilet almaq çətin olar. Siz Camalənin Azərbaycana göndərilməsini təmin edə bilsəniz, onun burada qarşılanması və yerləşdirilməsi təmin olunacaq”.

Təhmasib bəy narahatçılığa heç bir əsas olmadığını bildirərək bunları əlavə etdi: “Elçin bəy, onun normal vəziyyətə gətirilməsi, əyin-baş və bilet alınması bizim üçün qətiyyən problem deyil. Biz də çox şad olarıq ki, Camalə xanım heç olmasa, bu yaşdan sonra vətənə qayıtsın və normal həyat yaşasın. Bütün gücümlə çalışacağam ki, onu, Azərbaycana gəlməsinin vacib olduğuna, atasının dostları tərəfindən yaxşı qarşılanacağına və hər cür şəraitlə təmin ediləcəyinə inandırım. Günü sabahdan bu işlə məşğul olacağam. Hazırda o, Pyatiqorskidədir, yanına gedib Azərbaycana göndərilməsi üçün söhbətlər aparacağam”.

Təhəmasib bəyə sonsuz təşəkkürümü bildirdim. İnanıram ki, tezliklə böyük sənətkar Ceyhun Mirzəyevin qızı, 46 yaşlı Camalə xanımın Vətənə dönüşü təmin olunacaq. Təhmasib bəyə bir də ona görə təşəkkür edirəm ki, Camalə xanımın həm şəxsiyyət vəsiqəsinin, həm də xarici pasportunun surətini mənə göndərdi. İndi qalır Camalə xanımın özünü Azərbaycanda görmək. Ona da inanıram ki, Ceyhun Mirzəyevi sevən insanlar onun yeganə qız övladına sahib çıxacaq, onun müalicəsini təmin edərək, normal həyata qovuşmasına yardımçı olacaqlar.

“Təzadlar” olaraq bu işi axıra çatdırmağı özümüzə borc bildiyimiz üçün mövzunu diqqətdə saxlayacağıq.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN