"Azərbaycan  Xalq  Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümünü qeyd edirik. 105 illik yolun  ümumiləşdirilmiş ifadəsi şanlı Zəfəri ilə dünyaya səs salan Azərbaycanın  hazırkı reallıqlarıdır.

1918-ci il mayın 28-də Azərbaycan xalqı  Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da  qısa müddətdə bugünümüz üçün mühüm işlər görüldü. Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki  təbii ehtiyatlarımız, coğrafi mövqeyimiz  imkan verirdi ki, onlardan  səmərəli şəkildə istifadə edək. XIX əsrin ikinci yarısında - XX əsrin əvvəllərində dünya neft hasilatının böyük hissəsi məhz Azərbaycanda təmin edilmişdir. Əfsuslar olsun ki,  müstəqilliyi itirdik. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir".

Bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist​, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 1918-ci ildə qaldırılan  üçrəngli  bayraq 1920-ci ildə endirildi və həmin tarixdən 70 il sonra Naxçıvanda yenidən ucaldıldı: “Belə ki,  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda misilsiz cəsarətini və dönməzliyini bir daha göstərdi”.

Baş redaktor vurğulayıb ki, azad, müstəqil yaşamaq xalqımızın tarix boyu ən böyük arzusu olub: “Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da onun süqutu xalqımızın müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının  qəbulu xalqımızın bu arzusunu reallığa çevirsə də müstəqilliyin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan nəinki müstəqilliyini, hətta bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşadı.  Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedir, digər tərəfdən isə torpaqlarımız işğal edilirdi. Ölkədə nizami ordunun olmaması,  Silahlı Qüvvələrin  torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi  ərazilərimizin işğalına səbəb olmuşdu. Belə bir çətin dövrdə xalqın sabaha ümidləri tamamilə itmişdi. Səbir kasası dolan xalq ayağa qalxaraq özünün xilaskarını- Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir dövrün başlanğıcı oldu. Yeni Azərbaycan quruldu. Dövlətçiliyin əsasları yaradıldı. 1995-ci ilin 12 noyabr  tarixində  ümumxalq səsverməsi yolu ilə milli Konstitusiyamız qəbul edildi. Ölkədə sabitliyin yaradılması Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına, ən əsası  onların yatıracaqları investisiyaların  təhlükəsizliyinin təminatı ilə bağlı tərəddüdlərinə son qoydu. 1994-cü ildə Ümummilli Liderin səyləri nəticəsində dünyanın aparıcı transmilli şirkətləri ilə  tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Dahi şəxsiyyət Heydər Əliyevin bu çağırışı bu gün də dövlətimizin iqtisadi siyasətinin əsasını təşkil edir: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolu  böyükdür”.

V.Rəhimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində  Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi: “Dünyaya Günəş kimi doğan Azərbaycan qısa müddətdə müstəqilliyinin bərpasının ilk illərinin çətinliklərini arxada qoydu, inkişaf, tərəqqi yolunda inamla irəliləyərək bugünkü qalib ölkəyə çevrildi. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın hədəflərə doğru inamla irəliləməsini şərtləndirdi. Ümummilli Lider  Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli maraqlar naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur.

Dahi şəxsiyyət  Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin  toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı  faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Qarabağ münaqişəsinin əsl mahiyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.  Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri olmadı ki, Qarabağ həqiqətləri  faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmasın.  Həqiqətlərimizin təbliğində  dünyanın  müxtəlif ölkələrində yaşayan soydaşlarımızın da üzərinə böyük məsuliyyət düşdüyünü önə çəkən Ulu Öndər onların  təşkilatlanmasını qarşıya əsas hədəf kimi qoydu. Diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Ümumilikdə   Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirərək onların reallığa çevrilməsini təmin etdi”. 

Baş redaktor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan  müasir müstəqil Azərbaycan son 20 ilə yaxın dövrdə  Prezident İlham Əliyevin rəhbərliyi ilə  daha möhtəşəm uğurlara imza atır: “20 ilin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə yönəldildi. Nəhayət, 2020-ci il  105 il əvvəl əsası qoyulan Azərbaycanın müstəqillik tarixinə Zəfər ili kimi yazıldı. Bu gün qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan  üçrəngli bayrağımız azad Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə  “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutu oldu”.

V.Rəhimzadə onu da bildirib ki, tarixi Zəfərimizin reallıqları bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı: “Dövlət başçısı İlham Əliyev  2021-ci il 15 oktyabr tarixində “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyərək 28 May  Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir müstəqil  Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!”.

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN