...2000- ci ildə Moskvada “Bütün dünyanın şirniyyatı” adlı qalın bir kitab nəşr olunub. 40 min tirajla buraxılmış, dünya xalqlarının 500-dən çox şirniyyatını əks etdirən “külliyyatın” tərtibçisi V.N.Rodionovadır.

İşi, peşəsi, ixtisası, sənəti barədə bir kəlmə də yazılmamışdır. Ancaq hansı yuvanın quşu olduğu göz qabağındadır. Kitabda erməni dəst - xəttinə diqqət yetirin: Suriyasayağı Palmira”, bolqarsayağı paxlava, ispan şokoladı, yunansayağı badam vaflisi, ərəbsayağı “Sultan”, Amerika “Kolubosu”, erməni “Ayparası”, fransızsayağı “Respublika”..., erməni sıyığı, Arsax sıyığı... Demək, Yer üzündə arsax xalqı da mövcuddur! Bəs “Arsax sıyığı”nın “erməni sıyığı”ndan fərqi nədir? Mayanın, unun, yağın və şəkər tozunun qram fərqində! Başqa sözlə, Azərbaycan xəzinəsindən doşabı çıxarıb, şəkərlə əvəz edərək, erməni və arsax sıyığı icad etmişlər.

     Kitabda Türkiyə şirniyyatı nümunəsi yoxdur. “Aypara” ermənilərə məxsusdur. Bəs Azərbaycan şirniyyatı? 520-ci səhifədə oxuyuruq: “Azərbaycansayağı “Aranc”. Xəmir üçün: 300 qram un, 3 ədəd yumurtanın sarısı, 1 qram duz, 52 qram konyak və ya araq”. Beləliklə, kitabın tərtibçisi Azərbaycan xalqı üçün qondarma bir şirniyyat növü uydurur və xəmirimizə araq qatır. Bəh-bəh! Ermənilər “aypara” hazırlayır, quymaq bişirir, xəşil çalırlar, biz isə təamımıza araq qatırıq! İki ildir ki, Moskvanın “Royal klassik” nəşriyyatı tərəfindən buraxılmış bu kitab Azərbaycanda yayılmaqdadır. Bakıda erməni gəlinlərinin xanımlıq etdiyi mətbəxdə “Arsax sıyığı” yüksək statusa malikdir...

     Tarixi mənbələrdən məlumdur ki, Arsak və ya Arsax – Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimdir. “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. Lakin, hələ də Qarabağ sözü ilə paralel olaraq işlədilməkdədir. Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir. Mənbələrdə Arsax "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. Türkcə izah olunduğu halda, bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna vermir. 

       VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi-Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında "Arşax" və ya "Arsax" adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları "arşax", VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə arşax "aranşax" adlanmışdır. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy gətirib Qandsazar monastrında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban katalikosları bu monastır kompleksinin ərazisində dəfn olunmuşlar.

     Erməni tarixçiləri bildirirlər ki, guya Azərbaycanın və bir millət kimi azərbaycanlıların yaranmasından bir əsrdən az vaxt keçmişdir və XX əsrin əvvəlinə qədər bu ərazidə olub-keçənlərin onlara heç bir aidiyyəti yoxdur. Görünür, bu cür sərsəm bəyanatların müəllifləri adi bir məsələ üzərində fikirləşməmişlər: bürokratik direktiv - məmur etnogenezi ilə adi insan biologiyası arasında nə əlaqə var? Əgər çoxəsrlik tarixə malik olan bir xalqın adını dəyişməyi qərara almış partiya rəhbərinin öz kabinetində bircə dəfə "qələm çalması" əsasında millət yaradıla bilərsə, bu o deməkdirmi ki, "yeni yaradılmış" xalqın ilk nümayəndələrinin nə ataları, nə babaları, nə də ulu babaları olmuşdur və onlar hamısı sınaq şüşəsində klonlaşdırılmışdır?

     Bu gün Azərbaycanda keçən əsrin 30-cu illərində doğulmuş yaşlı nəsil yaşayır. Bu nəslin nümayəndələrinin çoxunun valideynləri hələ sağdır. Onlar Azərbaycan türklərinin adlarının dəyişdirilərək azərbaycanlılar adlandırılması barədə qərar qəbul ediləndən əvvəl dünyaya gəlmişlər. Erməni "intellektualları"nın məntiqinə görə belə çıxır ki, bu iki nəsil etnik baxımdan müxtəlif millətlərə aiddir, çünki görün ha, yaşlılar azərbaycanlı hesab edilmək üçün kifayət qədər gənc deyil, onların 30-cu illərdə doğulmuş uşaqları isə özlərinin "bioloji" əcdadlarının minillik irsi ilə mənəvi və mədəni-tarixi əlaqəyə layiq görülmək üçün kifayət qədər qoca deyillər? Belə çıxır ki, bir xalqa yeni ad verilən gündən həmin xalqın çoxəsrlik tarixi dayanır və "sahibsiz" olur, başqa bir xalqın tarixi başlanır, üstəlik, nəinki atalar və oğulların iki "sərhəd" nəsli arasında əlaqə, hətta indi artıq "müxtəlif" sayılan millətlər arasında əlaqə də qırılır.

      Hələ orta əsrlərin ərəb müəllifləri Qafqaz Albaniyasının ərazisini çox vaxt "Azərbaycan", "Yuxarı Azərbaycan" adlandırırdılar. Məsələn, Əl-Kufi Azərbaycan hökmdarının Şəkidə olmasından bəhs edərək yazır ki, xəlifə əl-Cərraha "Azərbaycanda dayanmağı" əmr etmiş, "Azərbaycan vilayətindəki əl - Baba (Dərbəndə) çatmış", "Azərbaycan ölkəsinə yola düşmüş və Baylakanda düşərgə salmış...", "Azərbaycan ölkəsinə yola düşmüş və Bərdədə dayanmışdır".

      Əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur. Bizim dildə mənası olan bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu toponimlər haraya yox olmuşdur? Şübhə yoxdur ki, elə həmin tarixi saxtalaşdırmaq laboratoriyaları bu suala cavab axtararkən  Basarkeçər  (Vardenis) ,  Qaranlıq (Martuni), Hamamlı (Spitak), Cəlaloğlu (Stepanavan), Qarakilsə (Sisyan), Qarakilsə (Vanadzor), Keşişkənd(Yexeqnadzor), Uluxanlı və ya Zəngibasar (Masis),  İstibulaq və ya Karvansara (İcevan), Dəvəli (Ararat qəsəbəsi) ,Gözlü  (Metsamor),  Üçmüədzin (Eçmiədzin), Alagöz (Araqats), Göyçə (Sevan), Arpaçay (Axuryan) və yüzlərlə başqa keçmiş Azərbaycan toponimləri üçün yüzlərlə yeni "vararakn"lar icad edəcəklər.

     Az qala Nuh əyyamından qalmış yeni "qədim erməni" adlarının guya qeydə alındığı saxta "salnamələr" üzə çıxacaqdır. Elə həmin laboratoriyalar işğal edilmiş şəhərlər və kəndlər üçün yeni adlar fikirləşib tapmış və bir müddətdən sonra Ermənistan rəhbərləri yüksək tribunalardan çıxış edərək yeni "vararakn"lar barədə dünyaya car çəkəcəklər.

     Indi də Teyyub Qurbanın “Düşmənlərindən Güclü Şəxsiyyət” kitabının 3-cü cildinin 196 - cı səhifəsindən oxuyaq:

     “ARPİİSSA - dakı sənədi olduğu kimi oxuculara təqdim edirəm:

     “SSRİ  EA  Azərbaycan Filialı tərəfindən nəşr olunmuş T.İ.Ter - Qriqoryanın “IX əsrdə ərəb işğalçılarına qarşı Arsaqın mübarizəsi” kitabçası barədə Azərbaycan K(b)P MK Bürosu qeyd edir ki, “IX əsrdə ərəb işğalçılarına qarşı Arsaqın mübarizəsi” kitabçasında bir sıra çox ciddi nöqsanlara və tarixi təhriflərə yol verilmişdir. Kitabçanın müəllifi T.İ.Ter - Qriqoryan Azərbaycan xalqının ərəb işğalçılarına qarşı ümumi mübarizəsinə kölgə salmış, bu mübarizəni Azərbaycanın ən qədim məskənlərindən biri olan Arsaqın timsalında göstərmişdir. Kitabçanın müəllifi tarixi faktları təhrif edərək, Səhl - ibn Sumbatı xəlifət işğalçılarına qarşı mübarizə aparan milli qəhrəman kimi qələmə verir, halbuki hamıya bəllidir ki, o, Azərbaycanın xalq qəhrəmanı Babəkə xəyanət etmiş mənfur satqın olmuşdur.

      SSRİ EA Azərbaycan Filialının Tarix İnstitutu, ilk növbədə institutun direktoru İsmayıl Hüseynov yoldaş kitabçanı nəşrə hazırlayarkən, elmi işçilər arasında onun müzakirəsini keçirməmiş, SSRİ  EA AF-nın Rəyasət Heyəti isə yoxlama aparmadan gözüyumulu, mexaniki olaraq, zərərli bir kitabçanın çap olunmasına icazə vermişdir.

 Azərbaycan K(b)P  MK  Bürosu qərara alır:

      1. T.İ.Ter - Qriqoryanın Zaqafqaziya xalqlarının tarixi məsələlərində dolaşıqlığa yol verilmiş, ciddi nöqsan və təhriflərlə dolu “IX əsrdə ərəb işğalçılarına qarşı Arsaqın mübarizəsi” kitabçası ləğv edilsin.

      2. SSRİ EA Azərbaycan Filialı Tarix İnstitutunun direktoru İsmayıl Hüseynov bir sıra çox ciddi və kobud səhvlərlə dolu “IX əsrdə ərəb işğalçılarına qarşı Arsaqın mübarizəsi” kitabçasının nəşrə hazırlanmasına məsuliyyətsiz münasibətinə görə ona töhmət elan edilsin.

     3. “IX əsrdə ərəb işğalçılarına qarşı Arsaqın mübarizəsi” kitabçasının məzmunu ilə əvvəlcədən tanış olmadan nəşrinə qeyri - ciddi münasibət göstərdiyinə görə SSRİ EA Azərbaycan Filialı Rəyasət Heyətinin sədr müavini Heydər Hüseynov yoldaşın nəzərinə çatdırılsın və ondan tələb edilsin ki, bu hadisədən nəticə çıxararaq gələcəkdə SSRİ  EA Azərbaycan Filialı tərəfindən nəşrə hazırlanan hər bir kitab və kitabçaya Rəyasət Heyətinin məsuliyyətini və nəzarətini artırsın.

     4. Kobud qüsurlarla dolu olan “IX əsrdə ərəb işğalçılarına qarşı Arsaqın mübarizəsi” kitabçasının nəşrinə və buraxılmasına məsuliyyətsizcəsinə icazə verdiyinə görə Qlavlitin rəisi Cəfərov yoldaşın nəzərinə çatdırılsın.

     5. Azərbaycan K(b)P MK-nın Təbliğat və Təşviqat şöbəsinə (Q.Məmmədov yoldaş) tapşırılsın ki, SSRİ EA Azərbaycan Filialı işçilərinin müşavirəsində bu qərarla əlaqədar çıxış etsin.

                       Azərbaycan K(b)P MK katibi M.C.Bağırov

                                   7 aprel 1942-ci il”.”

 Təqdim edəni:  Füzuli Baratov

("Təzadlar", 27.02.2017)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN