Prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Yanvarın 30-da Baş prokuror Kamran Əliyev Xəzər Rayon Prokurorluğunun inzibati binasında Bakının Xəzər, Pirallahı rayonları və ölkəmizin digər bölgələrindən olan vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan Tezadlar.az-a bildiriblər ki, görüşdə iştirak edən 34 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələrə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb. Eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.
Sonra Pirallahı Rayon Prokurorluğunun tikilməkdə olan yeni inzibati binasına baxış keçirilib.