Müharibə! Bu söz deyilən kimi onda olan soyuqluq ilk andan insanı necə də üşüdür. Dağıntı, fəlakət, qapıları döyən şəhid və itkin düşənlərin acı xəbərləri gəlir gözümüz önünə. Ölənini “unudub”, itkinini axtarmağı da Mərzili kəndinin tarixində ilk dəfə İmran Niyaz oğlunun ailəsində 1992-ci ilin sentyabrında görməyimiz müharibənin yazdığı acı reallıq kimi, dahi Xudu Məmmədovun “...oğullar müharibədə ataların çiynində gedir” deməsi də müharibə faciələrinin başqa bir üzü deyilmi? “İtkin” sözündə də dünya boyda ağırlıq, ürəkləri yandıracaq həsrət, könülləri sızladacaq nisgil və insanın ömrünü yeyəcək qəm, kədər var...
Mənfur qonşularımız olan ermənilərin xalqımıza qarşı torpaq iddiaları ilə cəlb edildiyimiz Birinci Qarabağ müharibəsi illərində soydaşlarımızdan 3890 nəfər itkin düşmüşdür ki, onlardan 3171 nəfəri hərbci, 719 nəfəri mülki əhalidir.
1993-cü ilin iyul ayının 23-də Ağdam şəhərinin işğal edildiyi gün itkin düşənlərdən biri də Mərzili kəndindən, Milli Ordunun əsgəri Hikmət Zili oğlu Əliyevdir.
Ümumiyyətlə, Qarabağ müharibələrində mərzililərdən 39 nəfər hərbçi şəhid və itkin, 16 nəfər isə mülki şəhid olmuşdur.
Məlumdur ki, Müzəffər Ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi (27.09.2020-08.11.2020) və 2023-cü ilin sentyabr ayındakı bir günlük antiterror əməliyyatı nəticəsində işğal olunmuş bütün torpaqlarımız azad olundu. Bununla da 1988-ci ildən bəri itkin düşən həm hərbi, həm də mülki vətəndaşlarımızın kütləvi məzarlıqlarda aşkar olunması və onların taleyinə aydınlıq gətirilməsi imkanı yaranmış oldu. Eləcə də Hikmət Zili oğlu Əliyevin.
Oğlu Hikmətin dərdindən ürəyi qubar bağlayan atası Zili kişi “Hikmət sağdır, yəqin erməni əlindədir, əsir düşüb...” inamı ilə 2017-ci ilə qədər yaşaya bildi. Ürəyi müharibə faciələrinə tablaşa bilmədi. Anası Həqiqət Mürsəl qızı isə, bəlkə də çəkdiyi oğul həsrətinin ağrı-acılarını 31 il göz yaşları ilə “yuya bildiyindən” bu günlərdə oğlu Hikmətin nəşinin tapılması xəbərini almaq qismətini yaşamış oldu. Yəqin ki, bundan sonra onlarca şəhid anaları kimi, Həqiqət xanım da rayonun Quzanlıda yerləşən “Şəhidlər xiyabanı”nda olacaq oğlunun müqəddəs şəhid məzarını ziyarət etməklə az da olsa, təsəlli tapacaq...
Hikmət Əliyev Mərzilidə anadan olub (01.01.1974), ailənin ikinci övladı idi (Cavad, Hikmət, Kamil, Adil, Pərvanə, Yeganə). Hikmətin müəllimi olmuşam, dərs demişəm. O, sakit təbiətli, məntiqli danışığa malik, sözünün də, davranışının da yerini bilən gənc kimi formalaşmışdı. Vaxtında hərbi xidmətinə başlamışdı. Hikmət Milli Orduda ilk gündən hərbi qayda-qanunlara, nizam-intizama əməl etməsi, döyüş əməliyyatları zamanı göstərdiyi şücaəti ilə nümunə olmuşdu. Onun Abdal-Gülablı və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdəki fəaliyyəti belə düşünməyə əsas verir.
***
1993-cü ilin iyulunda, Ağdam ətrafında qızğın döyüşlərin getdiyi günlərdə nümunəvi xidmətinə və döyüş zamanı ayağından aldığı çox da ağır olmayan yaraya görə Hikmətə bir həftəlik məzuniyyət verilir. Ancaq evlərində olduğu vaxt düşmənin Ağdam üzərinə genişmiqyaslı hücum etməsi xəbərini alır. O, valideynlərinə döyüş bölgəsinə yola düşəcəyini bildirir. Bu barədə fikrini qətiləşdirərkən atası dəfələrlə “a bala, getmə, sən icazəlisən, hələ bir yaralısan...” deməsi də onu fikrindən döndərmir. “Mən hazırda yoldaşlarımın, dostlarımın yanında olmalıyam” düşüncəsi ona yarasının ağrısını da, atasının sözünü də “unutdurur” və yola düşür. Hikmət iki gün Ağdam şəhəri uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olur. Hərbi-texniki baxımdan düşmən qüvvələrinin qarşısını 23 iyul 1993-cü ildə almaq mümkün olmur və Qarabağın ürəyi adlanan Ağdam erməni-rus hərbi birləşmələri tərəfindən işğala məruz qalır...
Hikmət Zili oğlunun döyüş dostları onun son döyüşdəki qəhrəmanlığını belə xatırlayırlar: “Biz Ağdama yaxın Sarcalı kəndi ərazisində, bağ-bağatlı bir yerdə mövqe tutmuşduq. Düşmən qüvvələri lap yaxınlığımıza qədər irəliləyə bilmişdi. Hiss olunurdu ki, düşmən bir neçə növ silahla bizim olduğumuz yeri hədəf seçib. Bizim isə ancaq avtomat silahımız var idi. Ermənilər açıq-aydın görünən zaman Hikmət ayağa qalxdı, dilimizdə adiləşmiş “köpəkuşağı” sözünü deyərək ardıcıl atəş açmağa başladı. Hikmət bizdən bir göz qırpımında uzaqlaşdı. Amma özü də məhv etdiyi ermənilərə yaxın bir məsafədə yerə əyildi. O anda onun vurulduğunu anladıq...”.
Döyüş dostlarının xatırladıqları bu hadisədən 31 keçib. Elə Sarcalı kəndi ərazisindəki kütləvi məzarlıqdan itkin şəhidimiz Hikmət Əliyevin də nəşi aşkar edilib...
***
Dinimizdən gələn bir fikir var, orada deyilir ki, şəhidlik və qazilik peyğəmbərlikdən sonra gələn addır. Şəhidlərdən, itkinlərdən söz düşəndə bütün şəhid anaları kimi, hər dəfə Hikmətin anası Həqiqət xanımın oğlunu yana-yana yada salması, kövrəlib göz yaşlarına hakim ola bilməməsi həmişə yadıma aşağıdakı bayatını salır:
Sel gələr lilləndirər,
Bağcanı gülləndirər.
Dərdlidən söz soruşma,
Dərd özü dilləndirər.
Hikmət Əliyev kimi, kaş bütün itkinlərin taleyinə aydınlıq gətirilə. Gözləri on illərlə oğul yolu gözləyən anaların ürəyinə təsəlli ola bilən xəbərlər verilə...
Onu da qeyd etmək yerinə düşər ki, Hikmət Əliyevin mərhum əmisi Baxşeyiş Əliyev 1988-ci ildə Qarabağda separatizm baş qaldırandan sonra Mərzilidə yaradılan ilk yerli özünümüdafiə dəstəsinin üzvü olmuş, sonralar şərəfli döyüş yolu keçmişdi. Kiçik əmisi Fikrət Əliyev isə dövlət qulluğunda olmaqla bərabər, düşmənə qarşı fəal mübarizənin önündə olanlardan idi...
Bu gün Əliyevlər ailəsində hələ orta məktəb şagirdi olan bir Hikmət də var. Azərbaycanın müharibə tarixinə şəhid qəhrəman kimi adını yazdırmış əmisi Hikmətin adını daşıyan Hikmət Cavad oğlu! Nəhəng bir çinarın pöhrəsi kimi böyüyən balaca Hikmətin daşıdığı adın məsuliyyətini bu yaşından hiss etdiyini duymamaq mümkün deyil...
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yusif Millətoğlu,
şair-publisist, AYB-nin üzvü