Həyatda bu yaşıma kimi təsadüflərə inanmamışam. Bunu özümün və başqalarının həyatında apardığım müşahidələrə əsasən əminliklə deyə bilərəm. Gec və ya tez dərk edirik ki, yaşadığımız müddətdə başımıza gələn pis və ya yaxşı hadisələrin, aldığımız qərarların, təsadüf kimi görünən, amma heç də belə olmayan və həyatımıza anidən gələn tanışlıqların belə uca yaradan tərəfindən bir hikməti var. Həyatı daha diqqətli və dərin analiz edən insanlar, əslində, hər şeyin Allah tərəfindən incə və zərgər dəqiqliyi ilə hesablandığını qeyd edirlər.

Təqribən 5-6 il öncə qiyabi tanıdığım, hətta bir dəfə belə olsun ünsiyyətdə olmadığım biri - bu gün müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Teymur Məcidzadə Tehran oğlu haqqında yazacağım ağlıma belə gəlməzdi. Pak ruhu və zəngin mənəviyyatının simasına vermiş olduğu nurla insanların qəlbinə yol tapan Teymur Azərbaycanın qəhrəmanlıq salnaməsinə adını qanı ilə yazanlardandır. Şəhidimizin yaddaşlarda qalan siması nə mənim, nə də onu tanıyanların hafizəsindən silinir. Teymuru bir dəfə görmək kifayət idi ki, onun haqqında yüksək fikrə sahib olasan və ünvanına yalnız müsbət sözlər söyləyəsən. O, xoş aurası ilə onu görən həs kəsi ovsunlayır, büllur tək pak baxışları ilə ömürlük yaddaşlara həkk olurdu. Ağlınıza gələ biləcək bütün müsbət fikirləri Teymur haqqında söyləmək mümkündür. Şəhidimiz  xoşrəftar, xeyirxah, gülərüz, niyyəti təmiz, cəsarətli, yüksək əxlaqi keyfiyyətlərə malik, səmimi, ailəsinə, qohumlarına, dostlarına bağlı və onlara qarşı daima diqqətcil olmaqla yanaşı, vətənini canından artıq sevən Azərbaycan oğulu idi.

Yalnız qiyabi olaraq tanıdığım və haqqında heç bir məlumata sahib olmadığım Teymurun mətbuatda Şuşanın azad olunması uğrunda qəhrəmancasına şəhid olma xəbərini izlərkən şəkillərdən tanıdım. Qismətdə onun haqqında məlumları “Son döyüşün son şəhidi” başlığı ilə yayımlanan reportajdan öyrənmək varmış.

Şəhid Teymur Məcidzadə Tehran oğlu 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində Teymur səkkiz aylıqkən ailəsi doğma yurdlarından didərgin salınıb. Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan Teymur ali məktəbi yüksək nəticələrlə bitirib. O, hələ orta məktəbdəykən dəfələrlə olimpiadaların qalibi olub. Güclü hafizəyə malik Teymur oxuduğu təhsil ocaqlarının fəxri idi. Hərbi xidməti bitirdikdən sonra vətənə olan böyük sevgisindən qaynaqlanan verdiyi qətiyyətli qərar onun həyatında dönüş nöqtəsi olub. Teymur hərbi hissədə qulluq edərək vətənini canı bahasına qorumağı qarşısına məqsəd qoyub və bu məqsədə doğru addımlayıb. Vətən müharibəsi başlayanda Baş leytenant Teymurun xidmət etdiyi hərbi hissə cəbhə bögəsinə yollanıb. Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərinin azad olunmasında rəşadətlə döyüşüb. Teymurun ən böyük arzularından biri də göz açdığı və hələ səkkiz aylıqkən didərgin düşdüyü Gecəgözlü kəndinin düşməndən azad etmək idi. Allah bu xoşbəxtliyi ona nəsib etdi. O, Füzuli rayonunun Gecəgözlü kəndi də daxil olmaqla ətraf kəndlərinin düşmən caynağından azad edilməsində xüsusi şücaətlə döyüşdü. Hətta Teymura doğum gününü göz açdığı Gecəgözlü kəndində keçirməkdə nəsib oldu. Teymur yüksək elmi və hərbi biliyə sahib olub. Şəhidimiz bu bacarıqları nəticəsində taborun 104 nəfər əsgərini mühasirədən tamamilə itkisiz çıxarıb. Əsgər yoldaşlarını ən qızğın döyüşlərin getdiyi məqamlarda belə qoruyub. Yaralı əsgərləri, şəhid nəşini tək başına qollarında daşıyıb. 44 günlük müharibənin 43-cü günü 2020-ci il noyabrın 8-də qələbə xəbərinə saatlar qalmış Baş leytenant Teymur Məcidzadə düşmən tərəfindən yaralanır. Ağır yaralanan Teymurun həyatını xilas etmək mümkün olmur və o, şəhidlik məqamına ucalır. Şəhidimiz bu yola çıxarkən qarşısına qoyduğu məqsədinə nail olur. Teymur qanının son damlasına kimi torpaqlarının azadlığı uğrunda xüsusi şücaətlə döyüşür və Azərbaycanın Zəfər tarixinə adını qanı ilə yazır.

Dövlətimiz Vətənimizin qəhrəman oğlunun dəfn mərasimini Fəxri xiyabanda keçirdi. Teymur Məcidzadə göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Teymurun şəhid xəbərini eşidən hər kəs çox sarsıldı. Lakin Şəhidimizin torpaqlarımızın azadlığı uğrunda göstərdiyi rəşadət, döyüşlər zamanı onlarla əsgərin həyatını xilas etməsi, əsgər yoldaşlarının onun vətənpərvərliyi haqqında böyük fəxrlə danışması bizləri qürurlandırırdı.

Bütün bu məlumatlara sahib olmağıma baxmayaraq, yenə nəsə əksik, yarımçıq idi. Sanki, mən yenə də Teymur haqqında eşitmək istəyirdim. Böyük marketlərin birində olarkən gözüm Teymura sataşır. Gözlərimə inana bilmirəm. Sanki dünya dayanır. Dizlərimin əsdiyini hiss edirəm.

- Teymur, bu, sənsən? Sən yaşayırsan? (yanına qaçıram)

- Susur, amma hər zamanki gözəl gülüşünü məndən əsirgəmir.

- Axı sən şəhid olmuşdun? Bu, necə oldu? (Ağlayaraq boynuna sarılıram)

- O, yenə də susur, təmkinli baxışlarla sanki məndən nigaran qalmayın deyir.

Hönkürüb ağlayaraq yuxudan oyananda hər şeyin fərqinə vardım. Bütün bunlar yuxu imiş. Kim bilir bəlkə də gerçək. Axı müqəddəs amal sayılan vətən uğrunda canını fəda edənlər ölmür, şəhadətə qovuşurlar. Uca yaradan tərəfindən onlar ən yüksək mərtəbəyə ucalır və cənnətlə mükafatlandırılırlar. Deməli, mənim gördüyüm yuxu elə gerçəkdir. Belə bir söz var ki, şəhidlər yalnız unudulanda ölürlər. Teymur əmindir ki, xalqımız onu unutmayacaq, daim xatirələrində yaşadacaqlar. Ona görə də mən Teymuru yuxuda sağ gördüm. Günlər keçməsinə baxmayaraq, hələ də yuxunun təsirindəyəm. İçimdə Teymurla bağlı xatirələrin yaşadığı evə getmək və ailəsini ziyarət etmək istəyi hər keçən gün daha da artır. Nəhayət, bir gün bu istəyimi gerçəkləşdirmək üçün Teymurun yaşadığı ünvana üz tuturam. Həyətə daxil olanda sakinlərin birindən evin tam olaraq yerini göstərmələrini xahiş etdim. Mənə bir bağçanın həyətində sadə, birmərtəbəli bir ev göstərdilər. Evə yaxınlaşdıqca bir zamanlar şəhid Teymurun bu yerlərə qədəm qoyduğunu düşündüm. Artıq evin qarşısındayam və məni çox mehriban və səmimi insanlar qarşılayır. Yüksək qonaqpərvərliklə məni evə dəvət edirlər. Teymurun ayaq izlərinin soyumadığı həmin evə daxil oluram. Evin hər küncündə şəkillərinin, ona aid əşyaların olduğunu görüb duyğulanıram. Bu anda emosiyalarıma hakim ola bilmirəm. Kövrək səslə Teymurun ailə üzvlərinə hər şeyi danışıram. Lap başdan. Gördüyüm yuxunu danışmağa başlayanda anası Yasəmən xanımın gözlərindən axan yaşı, atası Tehran bəyin məğrur və bir o qədər də kövrək baxışlarını görəndə özümü günahlandırmağa başladım. Danışdıqlarım göz yaşlarına səbəb olduğu üçün üzr istədim. Anamız olduqca mədəni və təmkinli səslə məni anladığını və Teymurun təkcə mənim yox, qohum və tanışların çoxunun yuxusuna sağ olaraq girdiyini, ondan nigaran qalmamağı, yerinin çox rahat və gözəl olduğunu söylədiyini dedi.

Teymur bu dünyadan ayrılmasına baxmayaraq, yuxularda onu sevənlərin üzülməsini istəmir. O, bizlərə cənnətdə olduğunun müjdəsini verir.

Teymurun ailə üzvləri ilə birlikdə onunla bağlı xatirələrdən söhbət açaraq bir xeyli söhbətləşdik. Anası Yasəmən xanım oğlunun 28 ilə bir ömür sığdırdığını  və danışmaqla bitməyəcək xatirələrin olduğunu deyir. Sonra Teymurun şəxsi otağında keçdik. Otaq Teymurun şəhid olduqdan sonra ona aid şəkillər və şəxsi  əşyalarla xüsusi ilə hazırlanmışdı. Bu məqamda anası Yasəmən xanım Teymura məxsus hərbi pencəyin cibindən hələ də Teymurun qoxusunun gəldiyi pilotkanı (əsgəri yay baş geyimi) çıxarıb mənə göstərir. Teymurun ətrinin zamanla pilotkadan itməməsi üçün onu qatlayaraq pencəyin cibində saxladığını deyir. Bu hal məni çox təsirləndirir. Gözyaşı ilə dolu gözlərimi onlardan gizlədərək Teymurla bağlı xatirələri özündə əks etdirən güşəyə nəzər salıram. Bu məqamda atası Tehran bəy Teymura aid bayrağa örtülmüş yatağın hər axşam səhmana salınmasına baxmayaraq, səhərlər kimsə yatmış kimi dağınıq olduğunu və oğlunun sanki hər gecə öz yatağında yatdığını hiss etdiyini söyləyir. Oğullarının ətrini evin hər küncündə duyan, xatirələrilə yaşayan ailə üzvlərinin tək təsəlliləri şəhidlərimizin qisasının alınması, parlaq qələbə ilə Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi və övladlarının cənnətdə olduğunu bilmələridir.

Saata baxıram. Dörd saatdan çoxdur ki, Teymurun evindəyəm. Ailəyə təşəkkürümü bildirib, vaxtaşırı gələcəyimə söz verdim və yola düzəldim. Kədər, sevinc, qürur kimi bir çox duyğuları eyni anda yaşadığımı hiss etdim. Bununla yanaşı, üzərimdə Şəhidimizin ruhu qarşısında götürdüyüm bir öhdəliyi yerinə yetirmiş olmanın rahatlığı da var. Əminəm ki, bu gün həyatımda ən yadda qalan günlərdən biridir. Şəhid Baş leytenant Teymur Məcidzadənin timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət və ruhlarının şad olmasını diləyirəm.

Onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar!

Ceyran CƏFƏRLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN