Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində ötən ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olmuş, sözügedən qəzetin redaktoru, beynəlxalq siyasi məsələlər üzrə ekspert və Meksikada keçmiş Ermənistan-Azərbaycan münaqişəsi haqda ən çox məlumatlı olan jurnalistlərdən biri Qabriel Moyssenin “Azərbaycan bərpa edir” (“Azerbaiyán, en busca de la reconstrucción”) başlıqlı geniş məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyinin yaydığı məlumata görə, işğaldan azad edilmiş Fizuli, Cəbrayıl, Ağdam və Şuşa, həmçinin Gəncə şəhərlərində səfərdə olmuş jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanmadan bəhs edərək, 44 günlük müharibədən sonra bu günədək yüzlərlə hərbi və mülki azərbaycanlının erməni minalarının qurbanı olduğunu bildirir. Bu xüsusda, Latın Amerikasından olan bir qrup jurnalistlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində ANAMA tərəfindən aparılan minatəmizləmə işlərinin şahidi olduğunu qeyd edir. Jurnalist həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə minanın yerləşdirildiyi, Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyi barədə məlumat verir, bunun isə həmin ərazilərdə aparılacaq bərpa və yenidənqurma işlərini, habelə bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtma prosesi qarşısında ən böyük maneə olduğunu vurğulayır.

Jurnalist yazısında Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Elnur Məmmədovdan götürdüyü müsahibəyə istinad edərək, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin və sərhədlərin delimitasiyasının Azərbaycan hökuməti qarşısında duran prioritet məsələlərdən olduğunu, lakin Ermənistan tərəfindən bu məsələlərlə bağlı konstruktiv yanaşmanın olmadığını bildirir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə istinad edən jurnalist, sadəcə Ağdam şəhəri ətrafında 97 min partlamamış minanın olduğunu qeyd edir. Yazıda L.Abdullayevanın “Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinə üçtərəfli bəyanatı dəstəkləmələri və yeni reallıqları nəzərə alaraq təkliflərin verilməsi barədə müraciətinə baxmayaraq, onlar tərəfindən bugünədək heç bir təklif verilməyib” fikrinə istinad olunur. Latın Amerikası ilə əlaqələrdən bəhs edən L.Abdulayevanın Azərbaycanın 2019-cu ildən etibarən Sakit Okean Alyansında müşahidəçi statusunu aldığını xatırladaraq “coğrafi məsafələrin artıq turizm, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafına maneə yaratmamalıdır” deyə vurğuladığı bildirilir.

Jurnalist həmçinin Cəbrayıl, Ağdam və məqalədə Azərbaycanın mədəniyyət beşiyi kimi istinad etdiyi Şuşaya səfərindən bəhs edir, orada yaşayış məskənlərinin dağıdıldığını, tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qaldığının şahidi olduğunu təəssüflə qeyd edir. Cəbrayılda müsəlman qəbiristanlığının ermənilər tərəfindən dağıdılaraq, burada qəbir daşlarının sındırılmasının, qəbirlərin qazılaraq cəsədlərin çıxarılmasının şahidi olduğunu qeyd edən jurnalist, bu mənzərədən çox təsirləndiyini və bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayır. O həmçinin yazısında, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər etdikləri və hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən bu şəhərin ermənilər tərəfindən ballistik raketlərlə zərbə endirilməsi nəticəsində günahsız insanların öldürüldüyü, yüzlərlə insanın yaralandığı və böyük dağıntıların yarandığı barədə məlumat verir.

Meksikalı ekspert işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən artıq intensiv şəkildə bərpa və yenidənqurma işlərinin həyata keçirdiyini və bu şəhərlərin tezliklə əvvəlkindən də gözəl, baxımlı hala gətiriləcəyini qeyd edir. Məqalədə həmçinin, yaxın zamanda açılmış Füzuli beynəlxalq hava limanı və “ağıllı şəhər” konsepsiyası sayəsində bu ərazilərə yatırılan investisiyaların miqdarının çoxalacağı və geniş iqtisadi imkanların yaradılacağı qeyd olunur.

Yazıda müasir Azərbaycanın iqtisadi nailiyyətləri, bu xüsusda, həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, Azərbaycan ərazisində əlverişli biznes imkanları barədə məlumat verilir.

Sonda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə istinad edən meksikalı jurnalist, ABŞ, Fransa və Argentinadakı nüfuzlu erməni diasporu tərəfindən dəstəklənən revanşist qruplaşmaların səylərinə baxmayaraq, Ermənistanla Azərbaycan arasındakı gərginliyin müharibənin yenidən başlanmasına səbəb olacağının istisna edildiyini və Azərbaycanın münaqişəyə birdəfəlik son qoyduğunu bildirir.

Qeyd olunmalıdır ki, “El Universal” qəzetinin internet portalında məqalə ilə əlaqədar videosüjet yayımlanıb. Həmçinin, məqalədə reallıqları əks etdirən foto və infoqrafik məlumatlar öz əksini tapıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN