"Əgər istintaq düzgün aparılarsa, bu, sübut olunacaq..."
Göyçay rayonunun Qarayazı kənd sakini, hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Əliyev Loğman Kərim oğlu redaksiyamıza şikayət ərizəsi göndərib.
Şikayətçi yazır: "Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadənin tapşırığı ilə məni şərləyib həbs ediblər. Bu qanunsuzluğa etiraz olaraq 17 sentyabr 2021-ci il tarixdən ölüm aclığı aksiyasına başlamışam.
Mənə qarşı irəli sürülən ittiham tam qanunsuzdur. Həmin pulları mən yox, icra başçısı mənimsəyib ki, buna dair əlimdə konkret və mötəbər sübutlarım var.
Mən 2015-ci il tarixdə Göyçay rayon Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsinə təyin edildim. Mehdi Səlimzadə isə 2016-cı ilin iyun ayında Göyçay rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.
Mehdi Səlimzadənin tapşırığına əsasən işə əlavə qəbul edilmiş şəxslər adları işdə getsə də, özləri heç vaxt işə gəlməyiblər. Onların əmək haqları isə birbaşa Mehdi Səlimzadəyə çatıb.
Əgər istintaq düzgün aparılarsa, bu, sübut olunacaq. Çünki çoxlu sayda işçinin bir neçə il işə gəlmədən maaş almasını Göyçay rayon Sanitar-Təmizlik İdarəsinin mühasibi Həmid Həmidov, mühəndis Fatma Hümmətova bilib və sənədlərə imza ediblər. Həmin şəxslərin işə gəlmələri barədə davamiyyət kitabına imzaları mühəndis Fatma Hümmətova özü edib. Bu cinayətləri birbaşa Mehdi Səlimzadənin sifarişi ilə ediblər. Onlar isə hazırda qorxularından susublar. Ancaq ortada konkret sübutlar var.
Mən Mehdi Səlimzadənin bu işə son qoymasını təkidlə tələb etdim deyə, məni qanunsuz işdən çıxartdı. Hətta mən işimə bərpa olunmaq üçün məhkəməyə müraciət etdim. Ağdaş rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə işimə bərpa olundum. Buna görə təlaşa düşən Mehdi Səlimzadə oğlunun köməkliyi ilə mənə qarşı qondarma cinayət işi açılmasına nail oldu. 24 avqust 2021-ci il tarixdə məni həbs etdilər. Hazırda barəmdə olan qondarma cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. 17 sentyabr 2021-ci il tarixdə cinayət işim üzrə hazırlıq məhkəməsi keçirildi. Mən məhkəmənin hazırlıq iclasında qanunsuz həbs olunmağıma etiraz olaraq ölüm aclığı aksiyasına başlamağımı elan etdim.
Bir daha mətbuat vasitəsilə elan edirəm, cinayət ittihamında qeyd edilən 250 000 manat pulu icra başçısı mənimsəyib ki, buna dair konkret və mötəbər sübutlar var. Bu gün həbsdə mən yox, o, olmalıdır.
Həmin pullar isə hazırda sürücüsü olan qardaşı oğlu Toğrul Səlimzadə vasitəsilə Mehdi Səlimzadəyə çatdırılıb. Bundan əvvəl isə onun pulyığanı Mehdi Səlimzadənin digər qardaşı oğlu Səməd idi. Aralarında pula görə narazılıq oldu deyə, onu uzaqlaşdırdı.
Mən mətbuat vasitəsilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə müraciət edib xahiş edirəm, məni qanunsuz həbs ediblər, mənim şikayətim obyektiv araşdırılsın".
Maraqlı tərəfləri dinləməyə hazırıq.
E.ŞİRİNOV