Oliqarxlar üçün həmişə yaşıl işıqdır, çünki onların pulu yaşıl rəngdə olur...

Xəbər verildiyi kimi, ötən günlərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərtütün” ASC-nin 85 faizlik səhm paketinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin nəticəsi açıqlanıb. Həmin səhm paketinin əldə edilməsi üzrə müsabiqənin qalibi “Tabaterra Leaf” QSC adlı şirkətdir. Şirkət səhm paketi üçün 17 milyon 281 min 464 min manat ödəməlidir, habelə daha 6.3 milyon manat dövlət büdcəsinə ödəyəcək və ümumi həcmi 8 milyon manatdan az olmamaqla investisiya proqramını təqdim edəcək.

“Azərtütün” ASC vaxtilə Azərbaycan Beynəlxalq Bankının kreditləri hesabına yaradılmış “İnter Tobaco” MMC tütün istehsalı və emalı müəssisəsinin əsasında  2018-ci ildə yaradılıb. “İnter Tobaco” MMC-nin əmlakı-1 tütün emalı zavodu və 4 tütün qurutma məntəqəsi götürülmüş kreditlərin əvəzində Beynəlxalq Banka girov qoyulmuşdu. Sonradan həmin kreditlər qaytarılmadığı üçün girov əmlak bankın kreditləri hesabına yaradılmış digər biznes aktivləri kimi “Aqrarkredit” QSC-yə (2015-ci ildə yaradılıb və Beynəlxalq Bankın toksik aktivləri bu səhmdar cəmiyyətin balansına verilib,-red.) verilmişdi. (virtualaz.org)

“Azərtütün” ASC bu ilin aprel ayında prezidentin sərəncamı ilə özəlləşdirməyə açılıb. Sərəncamda deyilirdi ki, cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə ilə həyata keçiriləcək, özəlləşdirilmədə yerli investorlarla yanaşı xarici investorlar da iştirak edəcək. Səhmlərin satışı üzrə investisiya müsabiqəsi isə bu ilin oktyabrında elan olunmuşdu.

“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC -nin  nizamnamə kapitalı 22 milyon 257 min 298,41 manat qiymətləndirilib. Onun balansında Balakən, Zaqatala, Qax və Şəkidə 266 ədəd müasir qurutma kamerası, anbarlar, ofislər, tütün istehsalı və emalı üzrə 4 məntəqə, Zaqatalada tütün emalı üzrə bir zavod fəaliyyət göstərir.

Bəs “Azərtütün ASK”-nın 85 faizlik səhm paketini alan şirkət barədə nə məlumdur?

“Tabaterra Leaf” QSC bu ilin aprel ayının 24-də (təsadüfən “Azərtütün”ün özəlləşdirməyə açıldığı vaxtlarda) dövlət qeydiyyatına alınıb. QSC Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında - “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçib. QSC-nin nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşirdir. Elman Bəşir oğlu Cavanşir həm də ölkənin aparıcı siqaret istehsalçısı olan “Tabaterra” QSC-nin qanuni təmsilçisidir. Nizamnamı kapitalı 78 milyon 10 min manat olan “Tabaterra” QSC 2017-ci ildə dövlət qeydiyyatına alınıb.

Şirkət həmin ildə də Sumqayıt Kimya Sənaye Parkında rezidentir və tütün məmulatları istehsalı fabrikini açıb. “Tabaterra”  fabrikində 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal edilir. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal edilir. Layihənin dəyəri 50 milyon dollara yaxındır. Fabrikin açılışı zamanı deyilirdi ki,  “Tabaterra” ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini qarşılaya biləcək gücdədir.

“Tabaterra Leaf” şirkətinin qanuni təmsilçisi kimi qeydiyyatdan keçmiş Elman Bəşir oğlu Cavanşir “Avromed” şirkətinin rəhbəri, deputat, adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalına (onun və ailə üzvlərinin çoxmilyonluq bank hesablarına həbs qoyulub,-red.) görə son zamanlar gündəmə gələn Cavanşir Feyziyevin qardaşı oğludur. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi.

Elman Cavanşir deputat Feyziyevin çoxşaxəli biznes imperiyasını idarə edənlərdən biridir

Qeyd edək ki, “İnter Tobaco” şirkətinə Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayətzadə başçılıq edirdi. Hidayətzadə “Beynəlxalq Bank işi” üzrə fiqurantlardan biri olub və kreditlərin mənimsənilməsində təqsirli bilinərək 2016-cı ildə  5 il 6 ay həbs cəzası alıb. O, 2019-cu ilin oktyabrında vaxtından əvvəl şərti azadlığa buraxılıb.

İ.Hidayətzadə mənimsəmə ittihamlarını qəbul etmirdi və deyirdi  ki, “İnter Tobacco”ya rəhbərlik etdiyi dövrdə Beynəlxalq Bankdan cəmi 37 milyon dollar kredit götürüb. Və həmin vəsait təyinatı üzrə xərclənib, 1 tütün zavodu, 4 məntəqə yaradılıb.

“Həmin kredit hesabına tikinti aparılıb, avadanlıqla təchiz olunub. Bu gün də həmin müəssisələr işləyir. Biz “Inter Tobacco”ya görə götürülən kreditin bir hissəsini ödəmişdik. Qalan məbləği də o müəssisələri satıb ödəmək olar. O müəssisələr də “Aqrarkredit”ə verilib. Hələ o vaxt zavodu və məntəqələri bank 90 milyon dollar qiymətləndirmişdi”, - Hidayətzadə belə deyirdi.

***

“Təzadlar” xatırladır ki, bu yaxınlarda xarici KİV-lərin yazdığına görə, Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan 15 milyon funt-sterlinq (34,7 milyon AZN) pulu “çirkli pul” saydığından müsadirə etmək niyyətindədir. Cinayətkarlıqla Mübarizə Agentliyindən BBC News Azərbaycancaya bildirilib ki, təhqiqat qrupu “kifayət qədər sübut topladığından” iş məhkəməyə gedib, amma qurum məhkəmə prosesi getdiyi üçün hələlik təfərrüata vara bilməyəcəklərini açılayıb. Milli Məclisin deputatı Cavanşir Feyziyev hazırda Azərbaycanda deyil, köməkçisi Akif Salamov BBC News Azərbaycancaya onun noyabrın 10-dan sonra ölkəyə qayıdacağını söyləyib. “Ya Strasburqdadır, ya da Londondadır”, - o deyib və cənab Feyziyevin “dövlət tapşırığı ilə” getdiyini vurğulayıb.

Britaniyada Azərbaycanla bağlı daha bir məhkəmə: 15 mln funt sterlinq mübahisəsi...

Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan 15 milyon funt-sterlinq (34,7 milyon AZN) pulu “çirkli pul” saydığından müsadirə etmək niyyətindədir. Cinayətkarlıqla Mübarizə Agentliyindən BBC News Azərbaycancaya bildirilib ki, təhqiqat qrupu “kifayət qədər sübut topladığından” iş məhkəməyə gedib, amma qurum məhkəmə prosesi getdiyi üçün hələlik təfərrüata vara bilməyəcəklərini açılayıb.

Milli Məclisin deputatı Cavanşir Feyziyev hazırda Azərbaycanda deyil, köməkçisi Akif Salamov BBC News Azərbaycancaya onun noyabrın 10-dan sonra ölkəyə qayıdacağını söyləyib. “Ya Strasburqdadır, ya da Londondadır”, - o deyib və cənab Feyziyevin “dövlət tapşırığı ilə” getdiyini vurğulayıb.

***

Cinayətkarlıqla Mübarizə Agentliyi isə hesab edir ki, Feyziyevin ailəsinə məxsus olan vəsaitlər Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) tərəfindən 2017-ci ildə aşkar edilmiş geniş pul köçürmə sistemi vasitəsilə yuyulub.

Nə Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı hər hansı ittiham irəli sürülüb, OCCRP-nin saytında yayılan məlumatda deyilir. Cavanşir Feyziyev çirkli pulların yuyulması və ya hər hansı qanunsuz fəaliyyətdə iştirakını qəti şəkildə inkar edir.

BBC News Azərbaycanca Cavanşir Feyziyevlə əlaqə saxlaya bilməyib.

Bu həftə Londondakı keçirilən mülki məhkəmə dinləmələrində NCA nümayəndəsi isə maliyyə vəsaitlərinin ölkəyə “Azərbaycan Camaşırxanası” (“Azərbaycan landromatı”) sxemi ilə gətirildiyini əsaslandıran ətraflı təhlil təqdim edib. NCA-ya əsasən, bu pulların mənbəyi “qeyri-qanuni” olub, çünki onları Azərbaycandan çıxarmaq üçün vəsaitin mənşəyini gizlətmək məqsədilə saxta sənədlər və bir neçə ofşor şirkətdən istifadə olunub. 15 milyon funt-sterlinqin 7,86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın, 6,4 milyonu isə onun oğlu Orxan Cavanşirin əlindədir, məlumatda deyilir. Bu pulun bir hissəsinin ölkədə yaşamaq imkanı verən investisiya vizası proqramına yatırıldığı qeyd olunur. Ümumi məbləğin daha kiçik bir hissəsinin, bir milyon funtdan bir qədər artıq məbləğin Feyziyevin qardaşı oğlu Elman Cavanşirin əlində olduğu bildirilir, Böyük Britaniyanın The Evening Standart saytı yazır. NCA-nın nümayəndəsi Collingwood Thompson Westminster məhkəməsində deyib ki, Azərbaycanda “iri “Avromed” əczaçılıq şirkətinin həmtəsisçisi doktor Feyziyevin özü” müsadirə prosesinin “subyekti olmasa da”, o “bu işin mərkəzində dayanıb”, çünki müsadirə olunması istənilən vəsaitlər onun “nəzarətindəki bank hesablarından” gəlib. Cənab Thompson deyib ki, pul vəsaiti deputatın Latviyada bankındakı hesabından gəlib, bu hesaba isə təxminən 34,5 milyon dollarlıq köçürmə Feyziyevin həmtəsisçi olduğu “Avromed” şirkətinin eyni bankdakı hesabından edilib.

O, məhkəmədə bildirib ki, “Avromed”in bu hesabına Azərbaycan “camaşırxana sxeminin fəaliyyətinin əsasını təşkil edən iki şirkətdən - Hilux və Poluxdan ayrı-ayrılıqda, ümumi məbləği 36 milyon dollar” olan vəsait daxil olub.

Cənab Thompson deyib ki, bu köçürməyə “haqq qazandırmaq üçün göstərilən əməliyyatlar” həqiqi deyil. O, əlavə edib ki, deputatın arvadı və oğluna pul köçürməsinin məqsədi onlara investisiya vizası çərçivəsində hazırda daimi yaşadıqları Britaniyaya köçmək imkanı yaratmaq olub.

Cənab Thompson-un açıqlamasına görə, doktor Feyziyev 2013-cü ildə viza müraciətində özünü “camaşırxana sxeminin mərkəzində duran “Avromed” şirkətinin icraçı direktoru kimi təqdim edib, amma sonradan onun şikayəti üzrə baxılan böhtan iddiasına dair Ali Məhkəmədə keçirilən dinləmədə deyib ki, o, 2010-cu ildə şirkəti tərk edib. Feyziyevlərin vəkili Çarlz Bott məhkəmədə bildirib ki, NCA bu iddianı “üç milyonçunun hesabına edilmiş köçürmələrin təbiəti barədə “yanlış təsəvvürlər”, “ümumiləşdirilmiş ehtimallar” və “şişirdilmiş nəticələr” əsasında hazırlayıb. O əlavə edib ki, Agentlik sözügedən vəsaitlərin hər hansı “cinayət pozuntusu” ilə bağlı mənbədən gəldiyinə dair “heç bir əsaslı sübut” təqdim etməyib və vəkilin qənaətincə, “qanuni yolla alınmış mülkiyyət” çirkli pulların yuyulması kimi “qanunsuz prosesdən keçməklə əldə olunub” səbəbi əsasında müsadirə oluna bilməz.

Məhkəmədən kənarda ailənin yaydığı bəyanatda da NCA-nın iddiaları rədd olunur və vurğulanır ki, sərvət Cavanşir Feyziyevin “uğurlu biznes karyerası”ndan əldə edilib və onun özü “çirkli pulların yuyulmasına qarşı olaraq bununla mübarizə aparıb”.

Londonda keçirilən məhkəmənin 3 həftəyə yaxın davam edəcəyi gözlənir...

“Təzadlar”

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN