Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 1-ci müavini Ramiz Şabanov tutduğu vəzifədən azad olunub.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ramiz Şabanov vəzifəsini “Tərtər işi” ilə bağlı itirib.
O da bildirilir ki, Ramiz Şabanov bu ilin sentyabrında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən azad olunan polis polkovniki Faiq Şabanovun qardaşıdır. YAP-ın Tərtər şöbəsinin sədri olan Ramiz Şabanovun işdən azad edilməsinin səbəbi kimi 44 günlük Vətən müharibəsi günlərində rayonda əhalinin evlərinə, təsərrüfatlarına dəymiş ziyanın doğru-dürüst müəyyən edilməməsi ilə bağlı olduğu deyilir. Qeyd edilir ki, İcra Hakimiyyətinin Aparat rəhbəri kimi Ramiz Şabanovun səriştəsizliyi, işini düzgün qurmaması müharibə günlərində düşmən mərmi və raketlərinin partlaması nəticəsində dağılmış, zərər görmüş evlərin sahiblərində ciddi narazılıq yaradıb. Ölkə rəhbərliyinə bununla bağlı çoxsaylı müraciətlər və şikayətlər göndərilib. Nəticədə, Ramiz Şabanov tutduğu vəzifədən çıxarılıb.
Fyğfu Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mətbuata açıqlamasında Ramiz Şabanovun yorulduğu üçün öz istəyi ilə vəzifəsindən azad olunduğunu bildirib: “Ramiz Şabanovun 69 yaşı var. Yaş həddinə görə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Yorulduğu üçün vəzifədən getdi”.
M.Məmmədov onu da qeyd edib ki, Ramiz Şabanovun və İcra Hakimiyyətinin “Tərtər işi” ilə heç bir əlaqəsi yoxdur.
“Ramiz Şabanov hazırda YAP Tərtər rayon təşkilatının sədri vəzifəsini icra edir”, - deyə icra başçısı sonda qeyd edib.
E.ŞİRİNOV