…Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə bir neçə gün qalmış Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və İNK-nin rəhbər üzvləri, həmçinin ölkənin tanınmış ziyalıları bir araya gələrək Fəxri Xiyabanda ziyarət törəninə imza atdılar. Çoxsaylı ziyarətçilər Ulu Öndərin xatirəsini tər güllər və qərənfillərlə yad edərək məzarını ziyarət etdilər.
Sonra ziyarətçilər DAMM-nin və İNK-nin «Azərbaycan» nəşriyyatındakı Mətbuat Evində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-publisist Ramiz Duyğunun “Qalibiyyət Dastanı” adlı şeirlər və poemalar kitabının təqdimatına gəldilər. İNK rəhbərliyinin təşəbbüsü ilə reallaşan və təqdimatı keçirilən kitabda toplanmış, neçə illər əvvəllər yazılmış, lakin öncəgörənliklə müəllif tərəfindən qələmə alınmış çoxsaylı şeirlər və poemalar əsasən Qarabağ müharibəsinə, erməni vandalizminə və tezliklə Azərbaycan Ordusunun bu işğala son qoymasına və s. həsr edilib.
Adı Azərbaycan oxucusuna yaxından tanış olan Ramiz Duyğunun yaradıcılığının əsasını da elə vətənpərvərlik duyğuları, Vətənə məhəbbət və yurd sevgisi təşkil edir. Şairin “Qalibiyyət Dastanı” kitabında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin timsalında Azərbaycan xalqının əzəməti tərənnüm edilmişdir. Ramiz Duyğun 16 il Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi işləmişdir deyə, o, Azərbaycan Ordusunun və Azərbaycan xalqının nəyə qadir olduğunu gözəl bilirdi. Elə bu bilgi və ordumuza inam ruhunda yazılmış kitab da bu möhtəşəmliyinin ifadəsidir.
…Bu sətirlərin müəllifi tədbirin açılışını edəndən sonra söz təqdimatın təşəbbüskarı olan İNK sədri Rasim Məmmədova verildi. Törəndə iştirak edən Milli Qəhrəman, şəhid və qazi ailələrinin üzvlərini, hərbçilərimizi, həmçinin Azərbaycanın tanınmış ziyalılarını salamlayan natiq hamını şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla dualar oxuyub yad etməyə dəvət etdi. Bir dəqiqəlik duyğulu sükutdan sonra R.Məmmədov Ramiz Duyğun haqqında ürək sözlərini söylədi.
Daha sonra şair sözünü söyləməsi üçün gözəl şair Adil Cəmilə söz verildi. Ramiz Duyğun yaradıcılığına ətraflı ekskursiya edən A.Cəmil müəllifə uzun ömür və cansağlığı arzularını çatdırdı.
Sonra Azərbaycanın peşəkar poliqrafçısı, professor Şəddat Cəfərov, Xalq Artisti Məleykə Əsədova, Əməkdar jurnalist Akif Cabbarlı, Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan Xəlilova və başqaları çıxış edərək müəllifə ürək sözlərini, arzularını çatdırdılar. “Qalibiyyət Dastanı” kitabının təqdimatına isə məktəbli uşaqların müəllifin ayrı-ayrı illərdə yazdığı şeirlərindən nümunələrlə alovlu çıxışlar etməsi və ardınca onların xor ilə «Qarabağ bizimdir!» nidaları zalda alqış sədaları ilə qarşılandı. Təqdimatın sonunda müəlliflə xatirə şəkli çəkdirildi, şairlə canlı ünsiyyət yaradıldı, müsahibələr alındı.
Qeyd edək ki, “Qalibiyyət Dastanı” kitabına həsr olunmuş tədbir AzTV, SƏS-TV, «Təzadlar» və digər media orqanları tərəfindən işıqlandırıldı.
Sevinc MURADXANLI