(Sənədli hekayə)
...İnstitutu bitirəndən sonra məni təyinatla ucqar dağ kəndinə göndərdilər. Məktəb direktorun özü kimi nimdaş görkəmli idi. Uzun illər əsaslı təmir olunmayan sinif otaqlarında avadanlıqlar, xüsusən də partalar köhnə, döşəmə dağılmış halda olsa da, şagirdlər olduqca savadlı, hazırlıqlı idi.
Gülərüz direktor məni əvvəlcə sinif rəhbəri təyin etdi. Dedi ki, sən ədəbiyyat fakültəsini qırmızı diplomla bitirmisən, kirayədə qalacaqsan, amma sinif rəhbərliyində maaşın yüksək olacaq. Mən də razılaşdım. Həm də mənimlə birgə məktəbin həyətini gəzib, sinifləri bir-bir göstərəndə direktor məni başa saldı ki, bu sinifdə bizim kolxoz sədrinin və baş aqronomunun uşaqları oxuyur. Onlar sənə qışda odun, yayda süd-qatıq, pendir almaqda təmənnasız yardım edə biləcəklər. Mən heç nəyə baxmadan dünyagörmüş direktorun təklifi ilə razılaşdım. Amma “Həmid müəllim, mən pulsuz heç nə almaram”, -deyəndə gülə-gülə “Sən pulsuz almayacaqsan, amma sənə pul ilə də verməyəcəklər! Özün bil...” demişdi.
Artıq iki ay idi şagirdlərin çoxu qızlar olan sinifdə dərslərim əla keçirdi. Şagirdlər mənim dərs keçmək üsulumdan çox razı idilər. İlk günlər dərsin bitməsini elan edən zəngin səsini həsrətlə gözləyən şagirdlər, bəzən zəng vurulsa da yerlərindən tərpənmirdilər. Mən həm də “Ana dili”ndən dərs deyirdim. Dərs keçdiyim bütün siniflərdə həftəlik dərslərin mövzusuna uyğun inşa yazdırırdım. Şagirdlərə tam sərbəstlik verirdim. Bakıdan gələndə özümlə 4 rəngdə lövhəciklər gətirmişdim. 2, 3, 4 və 5 alan şagirdlərə bu rəngli lövhəciklər paylanırdı. 2 alanlar arxa cərgədə əyləşərdi, 5 alanlar ön cərgədə. Bundan başqa, kəndin dükanında şokolad satılırdı. Hər gün həmin şokoladdan alıb gətirirdim və dərsdən 5 alan şagird bu konfetlərlə mükafatlandırılırdı.
Mən başa düşürdüm ki, əlaçılarımın sayı günbəgün artır və belə getsə, tezliklə bütün məvacimi şagirdlərimin yolunda xərcləyib müflis ola bilərəm. Lakin müdrik direktor bunu bildiyindən müəllimlərin növbəti ümumi iclasında rayon Təhsil Şöbəsinin müdiri ilə danışıb razılaşdıraraq yeni və qeyri-adi əmr imzalamışdı. Əmrə əsasən, rübün yekunlarına görə şagirdlərinin 50 faizi əlaçı olan sinif rəhbərinin məvacibinə aylıq əmək haqqının iki misli miqdarında mükafat veriləcəkdi. Mən direktorun bu təcrübəsi barədə rayon qəzetində məqalə də yazıb dərc etdirmişdim. Yəqin elə buna görə idi ki, rayonun bütün pedoqoji kollektivləri məktəbimizin iş təcrübəsini öyrənməyə çalışır, müzakirə edirdi.
Artıq şagirdlər arasında əlaçı olmaq uğrunda yarış gedirdi. Hamı ön cərgədə əyləşmək üçün bütün gücünü səfərbər etmişdi. Artıq məktəb direktoru, bütün məktəb, kənddə hamı mənim bu dərsə həvəsləndirmə üsulumdan danışırdı. Övladını gələcəyin ali məktəb tələbəsi görmək istəyən valideynlərin direktorla gizli danışıqlarını eşidirdim. Hamı övladını mənim sinfimə qoymaq istəyirdi. Və direktorla dil tapa bilməyənlər kirayə qaldığım evə ayaq açmağa başlamışdılar. Amma mən bunun texniki cəhətdən mümkünsüzlüyünü deyirdim. Çünki əvvəllər sinfimdə cəmi 18 uşaq var idisə, artıq onların sayı 30-a çatmışdı. Sinifdə isə şagird oturacaqlarının sayı 30 idi. Əlavə şagird qəbulu mümkünsüz idi.
Bir gün direktor məni yanına çağırdı. Bərk dilxor idi. Söhbətə özü başladı... Məlum oldu ki, valideynlər övladlarını başqa sinfə qoymaq istəmirlər, tələb və xahiş edirlər ki, mən onları sinfimə qəbul edim:
-Həmid müəllim, deyəsən, mənim bu məktəbə müəllim gəlməyim dinc həyatınıza narahatlıq gətirib...
Fikri uzaqlarda olan direktor qeyri-ixtiyari “Hə...” dedi. Və birdən ayağa qalxdı, mənə tərəf gəldi, -Sən nə danışırsan, bütün rayon təhsil ictimaiyyəti bizdən danışır. Sənin şagirdlərin müsabiqədə, rayon olimpiadalarında birinciliyi bu dəfə də qoruyub saxlamaqdadır. İlin yekununa görə məktəbimizə rayon rəhbərliyinin tapşırığı ilə təzə mebel, hətta ilk dəfədir ki, xidməti maşın ayırmaq tapşırığı verilib. Bu inanılmazdır... Sən sükanı belə də saxla.
***
...İlin yekununa planlaşdırdığım kimi, sinifdə “Mənim atam” haqqında inşa yazı tapşırmışdım. İstəyirdim ki, şagirdlərin ataları barədə təsəvvürünü öyrənim. Məktəbə müəllim gəldiyim ilk günlərdən öyrənmişdim ki, məndən əvvəlki sinif rəhbəri inşa mövzularını evə verirmiş. Təbii ki, şagirdlərə evdə kömək edən tapılırdı. Bu isə şagirdlərin müstəqil yaradıcılıq qabiliyyətini ortaya çıxarmağa imkan verə bilməzdi. Amma indi şagirdlərə qəsdən dedim ki, bəlkə evdə yazıb gətirəsiniz. Hamısı bir ağızdan dedilər ki, yox, burda yazmaq istəyirik. Elan etmişdim ki, ən yaxşı inşa yazısının müəllifi məndən yağışdan qorunmaq üçün çətir mükafatı alacaq. Uşaqlar kiçik ölçülü, üzərinə “Azərbaycan” sözü yazılmış bu çətiri bir dəfə məndə görmüşdülər. Odur ki, hamı səfərbər olmuşdu ki, bu çətir mükafatına layiq görülsün.
Səhər dərsə gələndə uşaqların hamısını həmişəki kimi gülərüz gördüm. Bu mənim üçün ən böyük mükafat idi. Adətən problemi olanları üzündən oxuyurdum. Xüsusən də qızlara daha həssas yanaşırdım. Çünki mənim bacım yox idi, şagirdim olan qızların səliqə ilə daranmış saçını, ütülənmiş məktəbli geyimini görəndə içimdən bir bacı həsrəti keçirdi. Bir də nə gizlədim, uşaq vaxtı anamı itirmişdim, onda 2 yaşım var idi. Biz 3 qardaş idik, atam anasızlığı bizə hiss etdirməsə də, böyüyəndən sonra bunu həyatımızın mənası kimi hiss etməyə başlamışdıq.
***
Şagirdlər yazı dəftərini hazır etmişdi. Hamı inşanın mövzusunu gözləyirdi. Fasiləyə çıxmadan bir saata yazıb təhvil verməli idilər. Mən mövzunu elan edib şagirdlərə sərbəstlik vermək üçün məktəbin həyətinə düşdüm. Hərdənbir sinfə gəlib ümumi nəzarət edirdim.
Vaxt tamam oldu. Sinfə daxil oldum. Şagirdlərin demək olar hamısı inşa yazısını tamamlamışdı. Dəftərlər yığıldı və sinifkom Zərifə tərəfindən mənə təhvil verildi. Mən təxmin edirdim ki, Zərifə bu dəfəki inşaanın qalibidir. Olduqca yaradıcı, yaddaşı iti qız idi. Şagirdlərin hamısı da ona həmişə qulaq asar, xətrini istəyərdilər. Onun sakit təbiəti, nəzakətli davranışı, səliqəli geyimi xüsusilə diqqətimi cəlb edirdi. Həmişə də ürəyimdə “Ananın südü, atanın tərbiyəsi sənə halal olsun!”, -deyirdim. Bilirdim ki, ana qayğısı olan uşaq da belə səliqəli geyimi olmalıdır.
***
...İnşa dəftərlərini evə götürdüm, gecə yarıya kimi oxuyub qiymətləndirdim. Zərifənin inşa dəftərini isə ən axıra saxlamışdım ki, digərlərinin yazı qabiliyyəti, mövzuya yaradıcı yanaşmasının fərqini daha aydın görə bilim.
Demək olar böyük əksəriyyət mövzunu bacardığı səviyyədə, uşaq təfəkkürü ilə yaxşı əhatə etmişdi.
Və nəhayət, Zərifənin dəftərini açdım. Gözlərimə inanmadım. O, dəftəri boş qaytarmışdı, heç nə yazmamışdı. Niyə? Axı... Ürəyimə yüz fikir gəldi. Həmişə ona “5” yazmışam, şokolad alan əlaçı kimi həmişə birinci olanlardan idi. İndi bu nə deməkdir? Bu, mənə qarşı təhqirdir! Xeyli düşündüm, qərara gəldim ki, yəqin bu uşaq indiyədək ona edilən hörmətdən arxayınlaşıb, bu addımı atıb.
Səhərədək gözümə yuxu getmədi. Mən onun dəftərinə iri bir “2” yazdım. Bütün düşüncələrim alt-üst olmuşdu. Əlaçı şagird sinif rəhbərinə qarşı niyə belə addım atmalı idi???
Tezdən əsəbi halda məktəbə gəlib birbaşa sinfə girdim. Şagirdlər həmişəki kimi məni gülərüz qarşıladı, salamıma xor ilə cavab verdilər. Əyləşən kimi Zərifəni ayağa qaldırdım, ilk olaraq onun qiymətini elan etdim:
-Zərifə “2”!
Sinifdən bir uğultu qopdu. Bütün şagirdlərin sifətinə ağır bir kədər çökmüşdü. Bu o demək idi ki, əlaçı şagird, sinifqom “2” alıbsa, görün qalanların qiyməti nədir...
Sükutu özüm pozdum:
-Zərifə, ayağa qalx!
O, ayağa qalxdı, başını aşağı əymişdi:
-Üzümə bax... Sənə indiyədək etdiyim güzəştlər, mükafat olaraq verdiyim şokalatlar... azlıqmı etmişdi? Niyə inşa dəftərini boş qaytarmısan? Axı sənin qabiliyyətini bilirəm, deməli, saymazlıq etmisən! Qızım, bu hərəkətinin səbəbini izah edə bilərsənmi?
Zərifə adı kimi zərif barmaqları ilə gözlərini silib əlindəki bir məktubu mənə uzatdı. Sonra çantasını götürüb sinfi tərk etdi. Mən hələ də nə baş verdiyini anlamırdım. Axı...
Zərifənin göz yaşları ilə islanmış kiçik məktub parçasını açdım. Dəhşətə gəldim. “Müəllim, məni bağışlayın, atam Qarabağda şəhid olanda mən dünyada yox idim. Ona görə də atam haqqında inşa yaza bilmədim”.
Dərhal Zərifənin arxasınca qaçdım, amma o, kəndin şəhid məzarlığına tərəf qaçaraq gözdən itmişdi...
Asif MƏRZİLİ