Qax rayonunun Turaclı kənd sakini Sahnidze Nəzakət Dursun qızı acınacaqlı durumda yaşadığını bildirir.
Əslən türk kökənli olan Nəzakət Sahnidze heç bir yerdən gəlirinin olmadığını yazır. Onun bildirdiyinə görə, ailəyə nə pensiya, nə də sosial müavinət verilir.
Şikayətçi dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problemi hələ də həllini tapmayıb: "Yataq xəstəsiyəm. Ürəyimdən əməliyyat olunmuşam. Qızım isə təzyiq xəstəsidir. Havanın soyuq olmasına baxmayaraq, qızım bağlardan fındıq yığır. Çünki fındığı satıb maddi ehtiyacımızı ödəməliyik. Ona görə ki, heç bir yerdən maddi gəlirimiz yoxdur. Hazırda pensiyam kəsilib, sosial yardım da verilmir. Qaldığımız daxmada donuruq. Dövlətdən yaşamaq üçün birotaqlı ev verilməsini xahiş edirik. Yerli məmurlar bizə kömək etmir. Deyirlər ki, Türkiyə vətəndaşısınız. Azərbaycanda məskən salmışıq. Beş övladım var. Bir övladım 18 yaşında dünyasını dəyişib. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Lakin heç bir dövlət qurumu bizə köməklik etmək istəmir".
E.ŞİRİNOV