Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası bu gün davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nadir Məmmədovun vəkili Cavanşir Süleymanov müdafiə çıxışı edib.

Vəkil bildirib ki, cinayət işində əsas məsuliyyət Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın üzərinə düşür: "Nadir Məmmədov dəymiş ziyanın 50 faizini ödəyib. İndi Əli Həsənov ödəyib ya oğlu ödəyib, onun bir fərqi yoxdur".

Daha sonra təqsirləndirilən şəxslərə son söz verilib.

Prosesdə son sözlə çıxış edən T.Xəlilov, T.Yaqubova və Ş.İbrahimov məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

V.Səfərli və digərləri çıxışlara hazır olmadıqları üçün məhkəmədən vaxt istəyiblər.

Məhkəmənin növbəti iclası dekabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı V.Səfərlinin 11 il, B.İsmayılov 7 il, Ə.Vəliyev 7 il, N.Məmmədov 7 il, B.Fətullayev 2 il, T.Xəlilov 2 il, T.Tahirov 7 il, V.Orucov 2 il, T.Yaqubova 6 il şərti, Ş.İbrahimov 2 il və N.Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN