Məhəmməd Əmin Rəsulzadənin doğum günü “Məhəmməd Əmin Rəsulzadə” Məclisinin təşkilatçılığı ilə Rusiyanın paytaxtı Moskva şəhərində də qeyd olunub.
Tədbiri giriş sözü ilə açan “Məhəmməd Əmin Rəsulzadə” Məclisinin sədri Fizuli Fərəcov Rəsulzadənin Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsindən, onun Şərqdə ilk demokratik Cümhuriyyət quruculuğu uğrunda apardığı fəaliyyətindən və mücadiləsindən danışıb. “M.Ə.Rəsulzadə Şərqdə ilk demokratik parlament təsis etdi, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi və digər başqa ilklər M.Ə.Rəsulzadənin irsinin yadigarlarıdır. Rəsulzadə hamı tərəfindən sevilən, rəğbətlə anılan tarixi şəxsiyyətlərimizdəndir və biz bu gün onunla fəxr edirik”- deyə F.Fərəcov bildirib.
Sonra akademik Zahid Qocayev Azərbaycanın müstəqilliyi uğrunda yorulmaz mübariz M.Ə.Rəsulzadənin həyat və fəaliyyəti barədə ətraflı danışıb. Onun fikrincə, M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinə önəm verməyimiz gələcək nəsillərə Azərbaycanı təbliğ etmək istiqamətində çox faydalı olacaq: "Təqdirə layiq haldır bu gün M.Ə.Rəsulzadə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da kifayət qədər sevilir, qəbul edilir”.
Tədbirdə iştirak edən digər çıxışçılar da xalqımızın böyük oğlu Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan milli istiqlal hərəkatının banisi kimi xalqımızın müstəqillik ideallarının gerçəkləşdirilməsində əvəzsiz rolundan danışdılar və görkəmli ictimai-siyasi xadim olduğunu xüsusi olaraq qeyd etdilər.
A.Məmmədli