AMEA Naxçıvan Bölməsinin əməkdaşları hüquqlarının tapdandığını, onlara ayrılan pulların mənimsənildiyini bildirirlər.
Bu barədə ölkə KİV-lərinə bölmənin bir qrup alim və dosenti məlumat verib.
Qeyd edək ki, bu bölmə 2002-ci ildə yaranıb. Belə ki, vaxtilə ümummilli lider Heydər Əliyev Naxçıvanın vəziyyətini əsas gətirərək, bölmə əməkdaşlarının maaşının ikiqat hesablanması ilə bağlı sərəncam vermişdi.
Əməkdaşlar bildirir ki, bir müddət sonra onların əlavə maaşlarının 50 faizi, bu yaxınlarda isə, az qala hamısı kəsilib.
Bölmənin Arxeoloji Qazıntılar Şöbəsinin əməkdaşlarından biri (adını qeyd etmirik) deyir ki, AMEA işçilərinin maaşlarına edilən son 20 faizlik artım onlara şamil olunmayıb, əksinə, maaşları azaldılıb: "Heydər Əliyevin sərəncamı ilə bizə verilən əlavə maaş 2011-ci ildə kəsildi. Əsas gətirdilər ki, maaşlar qalxıb, ona görə. Əslində isə, bölmə sədri İsmayıl Hacıyev mənimsəyirdi. Səs-küyün qarşısını almaq üçün kəsilən pulun 50 faizini "paket" şəklində bizə verməyə başladılar. Bu paket hardan gəlir, mənbəyi nədir, bəlli deyil. Yəqin ki, hansısa çirkli pulları bu yolla yuyurlar. Paketi "Naxçıvan Bank"ln kartları vasitəsilə alırdıq. Deyirdilər ki, Ali Məclis verir. Bu yaxınlara kimi maaşımızın 50 faizi əlavə olaraq həmin karta vurulurdu. Bu yaxınlarda həmin 50 faiz 15 faizə endirildi. Həmin 15 faizi az qala ikiqatını bizdən məqalə və kitab dərci, mürəkkəbpulu, kağızpulu və s. adı altında tuturlar. Halbuki bunları dövlət qarşılamalıdır. Qanunla Naxçıvanda işləyən 16-cı dərəcəli əməkdaş 1098 manat almalıdır. Lakin bizə bunun yarısını, yəni 549 manat verirlər. İndiyə kimi səsimizi çıxara bilmirdik, artıq bezmişik".
Akademiya əməkdaşları deyir ki, onlara çatası olan xidməti evlər də mənimsənilib: "Qanunla haqqımız olan evləri də vermədilər. Rəhbərlik bu evləri özünə yaxın işçilər və akademiya işçisi olmayan qohumları arasında bölüşdürdü. Bir qismini də satıb, ciblərinə qoydular. Bundan əlavə, məzuniyyət və ekspedisiya pullarımızı da mənimsəyirlər. Səsin çıxaranı şərləməklə hədələyirlər. Biz ilk dəfədir ki, səsimizi çıxarıb, mətbuata şikayət edirik"
Şikayətçilər bildirir ki, bu cür haqsızlıqlara görə heç kim akademiyada işləmək istəmir: "470 yerdən cəmi 200-ü doludur. Onların da 70-80-i elmi potensiallıdır. Çoxları bu haqsızlıqları görüb, çıxdı işdən. Əksəriyyət gedib universitetlərdə işləyib, bundan 2-3 qat artıq maaş alırlar. Onların yerinə isə heç kim gəlmək istəmir. Vakansiyaların çoxu boş qalıb. Rəhbərlik baxdı ki, heç kim qalmayacaq, universitetlərə tapşırıq verildi ki, akademiyadan çıxanları işə götürməsinlər. Bu yolla bizləri məcburi saxlayırlar. Bakıda universitetlərdə iş tapanlar çıxıb gedə bilir. Ora əlləri çatmır. Bir sözlə, Naxçıvanda elmi məhv ediblər".
Xatırladaq ki, bölməyə ilk gündən İsmayıl Hacıyev sədrlik edir.
Məsələ ilə bağlı AMEA Naxçıvan Bölməsindən münasibət öyrənə bilmədik.
E.ŞİRİNOV