“Doğum günün mübarək olsun, ŞƏHİD ATASI, ELM ADAMI, NURLU ADAM...”

...Bəzən elə müsahiblər olur ki, onları təqdim etməyə ehtiyac olmur. Çünki hər hansı bir səbəbdən məşhur və ya tanınmış olurlar. Məşhur və tanınmış olmaq fərqli bir məfhumlardır.

  Bu dəfəki müsahibim də təqdimata ehtiyacı olmayan, cəmiyyətə verdiyi töhvələrlə və ən əsası, şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası kimi tanıdığımız, ziyalı, professor, müəllim və bir zamanlar Azətbaycan Respublikası Baş nazirinin müavini olmuş İzzət Əşrəf oğlu Rüstəmovdur.

...Professorla görüşüm onun yaşadığı ünvanda, elə şəhid oğlu- Milli Qəhrəman Məzahir Rüstəmovun adına olan küçədə, yaşadığı binanın mənzilində oldu. Gedərkən ilk ağlıma gələn keçmiş nazir müavinin evini dəm-dəstgahlı görəcəyimi xəyal edirdim... Lakin qapı açılanda gördüyüm mənzərə bütün təsəvvürümü alt-üst etdi...

Qısa tanışlıq: Rüstəmov İzzət Ərşad oğlu, 1932-ci ildə Gədəbəy rayonunun Şınıx mahalının Düz Rəsullu kəndində çoxuşaqlı ailədə anadan olub. 1949-cu ildə Çay Rəsullu kəndində orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tarix fakültəsi nəzdindəki fəlsəfə şöbəsinə daxil olub, 1954-cü ildə universiteti Fərqlənmə Diplomu ilə bitirib. 1961-ci ildə “Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri” mövzusunda namizədlik dissertasiyasını, 1972-ci ildə “Azərbaycanda təbii elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)”  mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıbdır. Əmək fəaliyyətinə Bakı Dövlət Universitetində başlamışdır. Ailəlidir, 3 oğlu, 1 qızı var. Oğlu Məzahir Rüstəmov şəhid Milli Qəhrəmandır.

Söhbətə keçirik:

- İzzət müəllim, xoş gördük sizi 90 yaşın astanasında. Necəsiz?

- Xoş gəlmisiz, Sevinc xanım. Mən çox şadam ki, hər sayını həvəslə oxuduğum “Təzadlar” qəzetinin rəhbərliyi, şəxsən Asif Mərzili məni yad edib. Mən o qəzetin hər səhifəsini diqqətlə oxuyuram. Bir fikrim də olanda həmişə zəng vurub bildirirəm. Bu yaxınlarda Asif Mərzili mənim tələbəm İkram Kərimovla görüşüblər. Və mənə zəng etdilər, danışdıq. Yubileyim olacağını bildilər, məni təbrik etdilər. Mən çox şadam ki, elm adamlarını unutmurlar...

- Professor, tərcümeyi-halınız o qədər zəngindir ki... Bakıya gəlməsəydiniz bu uğurları əldə edə bilərdinizmi?

- Mənim Bakıya gəlişim asan olmayıb. Çoxuşaqlı ailədə böyümüşəm. Atamla anam kolxozda çalışırdılar. Biz də hamı kimi dolanırdıq, hər gün qayğılarımız artırdı. Ailədə 7 qardaş, 1 bacı idik. 1939-cu ildə Gədəbəydə Düz Rəsullu kəndində birinci sinfə getmişəm. Lakin orta məktəbi Çay Rəsullu kəndində bitirmişəm. O vaxt bizim kənddə orta məktəb yox idi. Hər səhər 6-7 km məsafə qət edərək məktəbə gedirdik.

Təsəvvür edin ki, mənim Bakıya gəlişim də çətinliklə olub. Ali təhsil almağa gələndə də çox ciddi problemlə rastlaşdım. 1949-cu ildə orta məktəbi əla qiymətlərlə bitirdim. Artıq dərs ilinin sonudur, hamı universitetə sənəd verməyə gedir. Mənim isə nə attestatım, nə “Qızıl Medal”ım hazır deyildi. Getdim məktəb direktorumuz Qədim Mustafayevin yanına ki, bəs mənim sənədlərimi verin, mən də sənəd verməliyəm. Direktor mənə dedi ki, narahat olma, artıq sənin sənədlərin Bakıdadır. Məni qatarla Bakıya yola saldılar. Cibimdə də 9 manat pulum var idi. Mən gəldim Sabunçu vağzalında düşdüm. Əmimoğlu dedi ki, 2 nömrəli tramvayla gələcəksən universitetə. Təbii ki, yolu tanımırdım. Tramvayda soruşdum ki, universitet hardadır? Ora çatanda mənə dedilər... Amma mən maraq üçün tramvaydan düşmədim. Fikirləşdim ki, bir az şəhəri görüm. Yaxşı yadımdadır, tramvay Nərimanovun indiki heykəlinin yanından dönüb geri qayıtdı. Orda mən yenə universiteti soruşanda dedilər ki, ötüb keçmisən. Gəldim universitetinin qarşısında düşdüm tramvaydan. Müharibədən çıxmış bir dövlətdə yaşayan kasıb bir ailənin uşağı idim. Əlimdə portfelə oxşayan çanta var idi. Gəldim universitetin qarşısında dayanıb 3-4 saat günün altında əmim nəvəsi Tofiq Rəsulovu gözlədim. O məndən 2 yaş böyük idi, fəlsəfə fakültəsində oxuyurdu. O da gəldi ki, gün məni elə vurub çox pis haldayam. Yolun kənarında yəhudi bacı-qardaş su satırdı, orda 4-5 stakan şirin qazlı su içdik. Biz getdik sənədlərimi yoxlatmağa və məlum oldu ki, mənim nə attestatım, nə “Qızıl Medal”ım göndərilməyib Bakıya. Biz  Gədəbəyə xəbər göndərdik ki, mənim sənədlərim Bakıya göndərilməyib. Ordan saxtalaşdırılmış qiymətlər gəldi. Çox pis vəziyyət alınmışdı. Mənim qiymətlərim 3-4 yazılmışdı.

Təhsil Nazirliyi o vaxt Bağırovun yaşadığı, ya da işlədiyi binada yerləşirdi. Qardaşım gətirib o saxta qiymətlər yazılan sənədi ora təqdim etdi. Daha sonra universitetin rektoru Abdulla Qarayevin qəbuluna girdi. Mənə avqustun 4-də arayışla imtahanda iştirak etməyə icazə verdilər. Mən tarix və coğrafiyadan “əla” qiymət alıb, rus dilindən isə “3” alaraq tarix fakültəsi nəzdində fəlsəfə şöbəsinə daxil oldum. Bu fakültə böyük filosof Heydər Hüseynovun səyi və zəhməti nəticəsində açılmışdı. Mənim qiymətlərim saxtalaşdırılması artıq göz önündə idi. Çünki mən dövlət imtahanında müəllimin yanında oturub cavabları yoxlamağa köməklik edirdim. Mən rus dilini bilməsəm də bu dilə böyük həvəsim, sevgim var idi. Mən çalışıb o dili öyrəndim və hətta rus bölməsində uzun illər dərs dedim, böyük elmi əsərləri rus dilinə tərcümə etdim. Təbii ki, hər şey insandan asılıdır.

- Sonrakı həyat yolunuz da maraqlı keçib yəqin...

- Artıq mən partiya sıralarına qəbul olmaq üçün sənəd hazırlayırdım. Biz namizədlik kitabçamızı götürüb getdik raykom katibinin yanına. O vaxt partiyaya keçmək, sanki bir kosmonavtı uçuşa hazırlamaq kimi çətin idi. O, mənim qiymət kitabçama, sənədlərimə baxıb bir xeyli üzümə baxdı. Və mən narahat olmağa başladım ki, görəsən nə olub ki, mənə belə baxırlar. O uca səslə dedi ki, məncə İzzət Rüstəmova heç bir sual verilməməlidir. Çünki o bütün suallara əla cavab verib... Mən fikirləşirdim ki, universiteti bitirib aspiranturaya qəbul olum, lakin bölgü komissiyasından gələn bir nəfər məndən gədəbəyli olduğumu bilərək “Gədəbəyə işləməyə gedərsənmi?”, -deyə soruşdu. Əlbəttə, yox deyə bilməzdim. Ürəyimdən olmasa da mən razılaşdım. Amma arayışı almağa gec getdim. Təsəvvür edin çox könülsüz halda getdim göndəriş almağa. Həmin adamın qəbuluna getdim. Dedim ki, bəs mən Gədəbəyə getməyə göndəriş almağa gəlmişəm. O qaşqabaqla, mənə cavab verdi ki, daha yer yoxdu. İnanın o adamı biabır etdim kabinetində. 1954-cü ilin sözünü danışıram sizə. Gördü məni sakitləşdirə bilmir, qonşu otaqda Əlibala adlı adamı köməyinə çağırdı. Və elə orda akademik Firudin Köçərli mənim yanıma gəlib dedi ki, kafedranın laborantı Gəncəyə getmək istəyir, yer boşdur... Tez ərizə yazdırdılar, məni ora işə götürdülər. Laborantlığın bütün prinsiplərinə əməl edirdim. Ora təyin olanda da bütün minimumları əla verdim. Bircə alman dili qalırdı. Amma alman dilini də əla öyrəndim...

***

...Əslində çox sual verəcəkdim. Çünki baş nazirin müavini olmuş bir adamın evinə gedirdim. Lakin gördüyüm mənzərədən mən o sualları verməyə utandım. Çünki bu evdə “Rüşvət sizin üçün nədir?” deyə sual vermək fikrində idim, amma bu evdə rüşvət sözünü belə dilə gətirmək günah olardı. Çünki belə sadə bir ailədə, baxmayaraq ki, atası Baş Nazirin müavini idi, rüşvətlə böyüyən oğul Şəhid Milli Qəhrəman ola bilməzdi Vətən üçün... Dediyim kimi, oğlu Məzahir Azərbaycanın Şəhid Milli Qəhrəmanıdır. Bu evdə rüşvət olsaydı, o oğulun boğazından haram tikə keçsəydi, o oğul Şəhid ola bilməzdi. Evin sadə görkəmi, 4 otaqlı köhnə dəbdə təmirli mənzil, sanki dil açıb bu ailə haqda nəsə danışmaq istəyirdi... Mən artıq qarşımdakı insana bir kəlmə də olsun baş nazirin müavini olduğu haqda da sual vermədim. Və qapıdan girdiyim andan buna qərar verdim.

...Qarşımda Şəhid atası, ziyalı, elm fədaisi İzzət Rüstəmov əyləşmişdi. Mən müəllim sənətinə həmişə müqəddəs sənət kimi qiymət vermişəm. İndi həm də bu müqəddəsliyə müqəddəslik qatan Şəhid atası var idi qarşımda... İzzət müəllim danışır və mənim xəyallarım evi, otaqları gəzir, bu evdəki səmimiyyəti, sevgini, sanki ciyərlərimə çəkirdim... Şəhid ocağındaydım həm də...  Müqəddəs bir məkanda...

***

Sözü Şəhidimizə gətirirəm... İzzət müəllim kövrələrək üzümə baxır:

-Məzahir Şəhid olanda mən Bakı Dövlət Universitetində işləyirdim. O, hüquq fakültəsinə qəbul olmaq istəyirdi. Lakin mənə görə oğluma maneələr yaratdılar. Məzahir 1 il Lampa zavodunda fəhlə işlədi, sonra yenə universitetə qəbul oldu... Məzahir çox savadlı idi. Tarix fakültəsini bitirdi. Şəhid olan vaxt yeni ailə qurmuşdu. Özündən sonra 1 övladı qaldı...

***

...İzzət müəllim oğlu haqda göz yaşlarıyla xatirələrini danışır... Və bu gün bu atanın 90 yaşı tamam olur, ad günüdür...

***

Doğum günün mübarək olsun, ŞƏHİD ATASI, ELM ADAMI, NURLU ADAM...

Sevinc Muradxanlı

(“Təzadlar”ın xüsusi müxbiri)

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN