“Müharibə xəbərini sevinclə qarşıladım. Çünki neçə ildir deyirdilər ki, müharibə olacaq, torpaqlarımızı geri alacağıq, amma olmurdu. Şəxsən mən sevindim ki, əsgərlikdə olduğum vaxtda müharibə başladı və mən də iştirak etməyə gedirəm”.
Füzuli və Xocavənd rayonları istiqamətindəki hərbi əməliyyatlara qoşulan Cavid İsaqov 32 gün döyüşüb. Müharibənin bitməsinə cəmi üç gün qalmış - noyabrın 5-i səhər saatlarında isə o, yanına atılan iki minaatanın zərbəsi ilə yerə çırpılır: “Qəlpələr məni tutdu, yerə yıxıldım. Başım yerə dəydi, silkələndi. O gündən etibarən həyatım xəstəxanalarda keçir”.
Müharibənin bitməsindən iki ilə yaxın vaxt keçsə də, sağlamlığını itirmiş, 21 yaşlı Cavid İsaqov hələ də xəstəliyinə görə əlillik dərəcəsi ala bilməməsindən şikayətçidir.
O, deyir ki, sadəcə, haqqını istəyir.
“Kimin pulu varsa, heç bir xəstəliyi olmadan gedib, 5-10 min manat verib, əlillik dərəcəsi alır. Komissiya mənə rəy verdi ki, psixiatriya şöbəsində yatıb, müalicə almalısan. İmtina cavabını alandan sonra vəziyyətim daha da pisləşdi. 6 ay əvvəl baş ağrılarım, qıc olmalarım, əsməyim, özümdən getməyim yox idi, əsəblərim daha sakit idi. İndi cüzi bir şeyə görə əsəbləşirəm, əl-ayağım əsir. Kənarda kimsə dalaşsa, mən onların yanından keçsəm, dərhal həyəcanlanıram, əsməyə başlayıram”, - deyə C.İsaqov bildirir.
Cavid İsaqov deyir ki, Bakıya müalicəyə gəldiyində bir müddət 7 tələbə ilə bir evdə qalmalı olub - gah stolun üstündə, gah kresloda, gah da divanda yatıb.
C.İsaqov deyir ki, müalicə üçün Bakıya qayıtmalı olsa da, orada qalmağa yeri yoxdur: “Bakıda döyüş yoldaşım Babəklə mənim tələbə tanışlarımız var. Bir müddət onlarla birlikdə - 7 nəfər bir evdə qaldıq. Tələbələr çox idi deyə, gah stolun üstündə, gah kresloda, gah da divanda yatırdım”.
C.İsaqovun anası 41 yaşlı Sevinc İsaqova deyir ki, oğlu bir il Mərkəzi Klinikada davamlı olaraq, müalicə alsa, sağalacaq: “Bunu oranın həkimi özü deyib bizə. Mənim pəhlivan kimi balam gözümün qabağında əriyib, gedir”.
“Oğlumun bədənində 26 qəlpə var, biz onu heç vecimizə də almırıq. Əsas insanı idarə edən başdır, balamın da başı pozulub. İki ildir mənim balam zülüm çəkir. Mən o uşağa görə evimdə qab-qacaq saxlamıram. Vurub, dağıdır hər şeyi. Mən ona görə ancaq plastik qab işlədirəm. İndiki dövrdə insan qonağın qarşısına plastik qab qoyar? Xəstəliyi tutanda qardaşını vurur, məni qaldırıb, elə yerə çırpır ki...” - deyə, o, əlavə edir.
C.İsaqovun atası “AZFEN” şirkətində qəlibçi işləyirmiş. Sevinc İsaqova deyir ki, həyat yoldaşı işləyəndə, az da olsa, oğlunun müalicəsinə kömək olurmuş. Davamlı müalicə alanda isə Cavidin vəziyyəti düzəlirmiş: “Atasını fevralda işdən çıxardılar, hardasa 6 ay müalicəyə heç imkanımız olmadı, ona görə oğlumun vəziyyəti lap pisləşdi. Cavidin adından şirkətə məktub yazdım ki, onun müalicəsi üçün atasını işdə saxlasınlar, amma cavab gəlmədi”.
“Atamı ixtisara salanda, rəhbərliyə deyib ki, mən xəstə uşağa, qaziyə baxıram, məni işdən çıxarmayın, evdə işləyən bircə mənəm. Atama cavab veriblər ki, nə edək ki, oğlun qazidir? Yaxşı, mən bu ölkədə necə yaşayım?” – C.İsaqov sual edir.
“Mən halal dərəcəmi istəyirəm. Nəyə görə mənim bədənimdə 26 dənə qəlpə olmalıdır? Nəyə görə çıxarmırlar bu qəlpələri? Mənə deyirlər çıxara bilmərik, çünki qəlpə sinirlərdədir. Mən nəfəs ala bilmirəm, Allaha and olsun ki, mən nəfəs ala bilmirəm. Bir dövlətin ki, qazisinə haqsızlıq olur, bir dövlətin ki, məmuru dövlətin malını yeyir, amma ölməyə kasıbın balası gedir. Bu, necə yaşayışdır. Bax, bütün bunlardan sonra mən necə ola bilərəm?”- deyə o, əlavə edir.
AZFEN şirkətindən bildiblər ki, Cavid İsaqovun məktubunda ünvan və əlaqə telefonu göstərilmədiyi üçün şirkət ona cavab yaza bilməyib: “Hazırda şirkətimizdə işçi yığımı prosesi yoxdur. Yeni layihələrimiz olarsa, vətəndaşın xahişi nəzərə alınacaq və o, işlə təmin olunacaq”.
S.İsaqova oğlunun əlillik dərəcəsi ala bilməməsinin səbəbinin Tovuz Rayon Poliklinikasının həkim-psixoloqu Sona Hüseynovanın verdiyi mənfi rəy olduğunu söyləyir: “Cavidlə birlikdə 5 nəfər döyüş yoldaşı Sona həkimin qəbuluna gediblər. Deyiblər ki, bizə niyə imkan vermədiz dərəcə alaq? O da həmin qaziləri çox ağır formada təhqir edib”.
Keçmiş döyüşçü danışır ki, o, psixoloqun qəbuluna Gəncə Psixiatriya Şöbəsində yata bilmək üçün göndəriş sənədini almağa gedibmiş: “Sona həkim bizə dedi ki, siz bura mitinq etməyə gəlmisiniz. Biz mitinq etmək istəsək, onun yanına niyə gedək? Ondan niyə əlillik istəyək? Sonra bizi söyməyə başladı. Mən də dilləndim ki, xanımsan, danışığına fikir ver. Bizi təhdid və təhqir edərək, otaqdan qovdu”.
Füzuli və Xocavənd rayonlarının alınmasına görə medal və fəxri fərmanlar almış müharibə iştirakçısı deyir ki, Sona Hüseynova onun döyüşdüyünü də şübhə alıtına alıb:“Qayıdıb, mənə dedi ki, sən nə döyüşmüsən ki? Sən nə qazisən ki?”
Çarəsizlikdən bezdiyi üçün əsəbiləşib, intihara cəhd etdiyini deyən müharibə iştirakçısı hazırda reseptini almağa pulu olmadığını bildirir: “Bu dəqiqə əlimdə 144 manatlıq resept var, daha yüksək dozalı dərmanlar almalıyam. Amma imkanım yoxdur. Ötən ay çarəsiz qalıb, əsəbdən damarlarımı doğradım. Müharibədən təzə gəldiyim vaxtlarda bir dəfə Yaşat Fondundan maddi köməklik etdilər, müalicəmi etdim. Amma sonradan oradan da dedilər ki, əlillik dərəcəniz yoxdursa, müalicənizi edə bilmərik. Mən bilmirəm, necə edim...".
Keçmiş döyüşçünün dediyinə görə, sonuncu diaqnozuna əsasən, o, aldığı dərman müalicəsi ilə yanaşı, yenidən psixoloqla seanslar keçməlidir. Cavid deyir ki, o, daha əvvəl heç vaxt dövlət hesabına psixoloji yardım almayıb: “Müharibədən gələndə, dilim tutulmuşdu, danışanda kəkələyirdim. Həmin vaxt dövlət hesabına yox, “Nəfəs” İctimai Birliyinin maddi dəstəyi ilə Qüsursuz Nitq Korreksiya Mərkəzində 3 ay psixoloq seansları keçdim. Üç aydan sonra həm dilimin kəkələməyi düzəldiyinə, həm də özüm hər gün iynə-dərmandan yorulduğuma görə, rayona qayıtdım”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Qurbanov deyib ki, Cavid İsaqov bu ilin yanvar ayında qurum tərəfindən əyani müayinə edilib: “Müayinə zamanı vətəndaşa dair Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən şəhadətnamədə qeyd edilən diaqnoz və şəxsin hazırki vəziyyətinin əlillik səviyyəsində olmadığı müəyyən edilib. Belə ki, Cavid İsaqovda psixoproduktiv əlamətlər izlənilmədiyi, qeyd olunan diaqnozun ağırlaşmaları əyani müayinə zamanı təsdiqini tapmadığı üçün mövcud qanunvericiliyə uyğun olaraq, diaqnozun əlillik təyinatına əsas verməməsi barədə qərar qəbul edilib”.
“Yaşat” Fondundan isə bildiriblər ki, Cavid İsaqovun əlilliyinə imtina verildiyi üçün o, qurumun subyekti sayılmır. Çünki fond yalnız Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün əlilliyi təsdiq olunmuş şəxslərə dəstək verə bilir: “Fond yarandığı vaxtda müharibə yeni bitdiyindən və əlillik dərəcələri hələ təyin olunmadığından yaralanmış bütün şəxslərə təqdim etdikləri ilkin yaralanma sənədi ilə tərəfimizdən dəstək tədbirləri göstərilib. Sözügedən sənəd əsasında Cavid İsaqova da məişət şəraitinin yaxşılaşdırılması üçün müraciətinə əsasən 2021-ci ilin 18 mart tarixində 2 500 AZN vəsait ayrılıb”.
Fonddan onu da deyiblər ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər bütün ölkə ərazisində ödənişsiz təşkil olunduğundan Cavid İsaqov müalicəsi ilə əlaqədar yaşadığı ərazi üzrə dövlət tibb müəssisələrinə müraciət edə bilər.
Hazırda günü 10-15 manata Tovuzdakı istixanalarda işləyən ana bəzən evlərə təmizliyə də gedir, deyir ki, təki, oğlunun müalicəsinə az da olsa, köməyi dəysin: “İki ay sərasər iş tapmaq üçün Tovuz Rayon icra başçısının qəbuluna getdim. Yalvar-yaxar etdim ki, mənə xadimə, yol süpürgəçisi işi ver, amma bilim ki, maaşım var. O da göndərdi baxçaya, orada da müdirə dedi vakansiya yoxdur. Xəstəxanaya göndərdi, direktor Paşa Muradov dedi ki, bizdə işə qəbul dayandırılıb”.
Sözlərini bitirməyə göz yaşları imkan verməsə də, o, özünü toparlayıb, oğlunun hazırki vəziyyətini izah etməyə davam edir: “İnanırsınız ki, oğluma ən çox təsir edən, ona stress yaşadan gördüyü laqeyd münasibətdir. Deyir, ay ana, baxıram ki, yıxılıb, ayağı burxulan adamlar 2-ci qrup əlillik dərəcəsi alıb, amma mənim vəziyyətimdə olan adam dərəcə ala bilmir. Hara müraciət edirsə, rədd cavabı alır. Ona psixoloji olaraq bütün bunlar çox pis təsir edir”.
Tovuz Rayon Şəhər Xəstəxanasının direktoru Paşa Muradov Sevinc İsaqovanın iş üçün ona müraicət etdiyini təsdiqləyib. Ancaq o əlavə edib ki: “Bizdə 2 ildir ki, işə qəbul dayandırılıb. Ona görə də onu işə götürə bilmirik. Mən onu Məşğulluq İdarəsinə yönləndirmişəm ki, orada özünə uyğun iş haqda məlumat alsın”.
“Yaşadığım bütün haqsızlıqlara rəğmən, müharibə xəbərini eşitdiyim günə qayıtsaydım, yenə də həmin hissləri keçirərdim”, - Cavid İsaqov deyir.
“Yenə də müharibəyə gedərdim. Mənə 3-5 manat verilməsinə, müalicə edilməyimə görə döyüşməmişəm. Mən ailəm üçün, ailəmin namus-qeyrəti üçün döyüşmüşəm. Mən torpaqlarımızı işğaldan azad etmək üçün döyüşmüşəm”, - deyə C.İsaqov fikrini yekunlaşdırır.
E.ŞİRİNOV