Gürcüstanda dövlət bayraqları endirilib.
Bu gün Gürcüstan və Rusiya arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibədən 14 il ötür.
Gürcüstan KİV-nin məlumatına görə, müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq prezident sarayı, hökumət administrasiyası, parlament binası və digər dövlət idarələrində bayraqlar yarıyadək endirilib.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibədir. Rusiya müharibədən sonra - avqustun 26-da Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.
***
....Rusiya qoşunları qeyri-qanuni olaraq Rusiya-Gürcüstan dövlət sərhədini keçdi və 7 avqustda gürcülərin cavab həmləsindən əvvəl Cənubi Osetiya münaqişə zonasına daxil oldu. Rusiya hökuməti Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqqresiyada" təqsirləndirdi və 8 avqust tarixində "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma başladı. Rusiya və Cənubi Osetiya qoşunları ilə gürcü qoşunları arasında Cənubi Osetiya daxilində və ətraf ərazilərdə baş vermiş bir neçə günlük toqquşmalardan sonra gürcülər geri çəkilməyə məcbur oldu. Rus və abxaz qoşunları isə Gürcüstanın nəzarəti altında olan Kodori vadisinə hücum edərək ikinci cəbhə açmağa müvəffəq oldu. Rusiya Hərbi Dəniz Qüvvələri Gürcüstan sahillərinin bir hissəsini blokadaya aldı.
12 avqustda Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatmışdır.
Müharibədən sonra Rusiyanın beynəlxalq əlaqələri çox da zərər görməmişdi.
Statistik məlumatlara görə, Gürcüstan Silahlı Qüvvələrinin tərkibindən 170 nəfər həlak olmuş və ya itkin düşmüş, 2 minə qədəri isə xəsarət almışdır.
Qeyd edək ki, ötən il qərb ölkələrinin bir çoxu Rusiyanı Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasını geri götürməyə çağırıb. Həmin hadisələrinin ildönümünə həsr edilən birgə bəyanat Fransa, ABŞ, Böyük Britaniya, Norveç, İrlandiya, Estoniya və Albaniya tərəfindən yayılmışdır.
JASMİN