2017-ci ildə "Fedek" tikinti şirkəti Nəsimi Rayon İcra Hakimiyyətindən icazə alaraq, Bakıda Azadlıq küçəsi, 80 ünvanında yerləşən memarlıq abidəsi olan yaşayış binasını söküb. Qeyd edək ki, bina 1935-ci ildə məşhur Sovet memarı Konstantin Sençixinin layihəsi əsasında tikilmişdi, hələ uzun müddət Bakının bəzəyi ola bilərdi, el arasında "Mütəxəssislər Evi" adlandırılırdı. Bu binanın yanında "Aktyorlar Evi" də vardı.
"Mütəxəssislər Evi"ndə müxtəlif elm sahələrinin ən yaxşı gənc mütəxəssisləri – uzun illər Politexnik İnstitutunun prorektoru vəzifəsində işləmiş İlsam Yusifov, memar Ənvər Kazımzadə, professorlar - Aydın İmaməliyev, Nurəddin Rzayev, Gülzar İmaməliyeva, Şamil Quliyev, Əhməd Hacıyev, həkim Emin Əfəndiyev və başqaları yaşayırdı.
Bu binanı qoruyub saxlamaq yerinə, tarixi tikili Bakının yenilənməsi layihəsi əsasında söküləcək binalar siyahısına daxil edilib. Bu layihənin mahiyyəti sağlam və keyfiyyətli yaşayış evlərini sökərək, yerində özəl şirkətlərin gəlirli çoxmərtəbəli simasız binalar tikib, böyük miqdarda pul qazanmasından ibarətdir. Sakinlərə yeni evlərdə mənzil vəd ediblər, vətəndaşlarla çox sayda müqavilələr bağlanıb. Həmin vaxtdan etibarən onlarla bakılı ailəsi mənzilsiz qalıb və onlara yeni bina tikilənə qədər vəd edilmiş müvəqqəti kirayə haqqı da ödənilməyib.
Azadlıq küçəsi, 80 ünvanındakı binada yaşayan tarixçi Nigar Maksvell Turan İnformasiya Agentliyinə bildirib ki, itaət göstərməyən sakinlər razılıqları belə alınmadan mənzillərindən qovulublar. Onlara yığışmaq üçün bir neçə həftə vaxt verilib.
“Fedek” tikinti şirkəti Naxçıvanın Kəngərli kəndində 10 manat nizamnamə balansı ilə qeydiyyatdan keçib.
“Biz tam altı ildir mənzillərimizə yerləşmək deyil – çünki onlar heç yoxdur, - amma ən azından, evimizin aqibətini öyrənmək üçün çırpınırıq”, - deyə N.Maksvell yazır.
İyulun 24-də KİV rejissor, Azərbaycanın xalq artisti, Ankaradakı Qazi Universitetinin professoru Əflatun Nemətzadənin prezident İlham Əliyevə evin taleyini həll etmək xahişi yer alan müraciətini dərc edib. Bu nəşrdən sonra prezident Ə.Nemətzadənin işinə baxılması haqqında göstəriş verib, amma ümumilikdə binanın aqibəti hələ də sual altında qalıb.
“Doğrudur, bir qədər qorxmuş İcra Hakimiyyəti başçısı Asif Əsgərov ev sakinləri ilə görüşüb. Sakinlərə bütün tələblərini təmin etməyi, habelə kirayə haqqı borclarını ödəməyi, mülkiyyət hüququmuzu göstərən yeganə sənəd olan köhnə qəbalə kağızlarını saxlamağı vəd ediblər. Bu gün təqvimdə 2022-ci ilin avqustudur. Evdən köçürüldüyümüz tarixdən, demək olar ki, altı il keçir. Bu müddət ərzində bəzi sakinlər yeni mənzillərə köçməyi gözləmədən, bu dünyanı tərk edib”, - deyə N.Maksvell bildirib.
Bakının Nəsimi Rayon İcra Hakimiyyətindən tikinti şirkətinə müraciət etməyi məsləhət görüblər, sakinlərlə müqavilələri tikinti şirkətinin bağladığını, suallara da onların cavab verməli olduğunu bildiriblər.
“Fedek” şirkətinin meneceri Ramil Qasımov isə N.Maksvellin iddialarını qəti inkar edib, evin tikintisinin uğurla davam etdiyini və bir il sonra başa çatacağını bildirib. R.Qasımovun sözlərinə görə, sökülmüş binanın bütün sakinləri vaxtlı-vaxtında müqavilə üzrə ödənişləri alırlar, mətbuata isə «2-3 müti” şikayət edir.
Amma sakinlərə inanmaq üçün əsas var. 2021-ci ilin yanvarında “Fedek” şirkətinin Azadlıq küçəsi, 80 ünvanındakı binanın sakini Həmid Əfəndiyevin ev əşyalarını məhv edən işçilərinin zorakılığı haqqında mətbuat yazmışdı. 2018-ci il mayın 16-da ev sahiblərinin evdə olmamasından istifadə edən işçilər qarajı və H.Əfəndiyevin qarajda olan əmlakını məhv ediblər. O, dörd otaqlı, zirzəmisi olan mənzilini çoxmərtəbəli bina tikmək üçün bütün binanı sökmək niyyətində olan bu şirkətə verməkdən imtina edirdi.
Sonradan qonşu mənzillər və binanın çardağı və H.Əfəndiyevin birinci mərtəbədə yerləşən mənzilinin üzərindəki bütün mərtəbələr söküldü. İnşaatçılar H.Əfəndiyevə məxsus 14 rəsm əsərini oğurlamışdılar. O, rəsmlərdən birini “Fedek”in ofisində görüb və polis vasitəsilə qaytarıb.
16.03.2020-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi iddiaçı Həmid Əfəndiyevin tikinti şirkətinə qarşı şikayətinə baxıb və birinci instansiya məhkəməsinin “Fedek” şirkətinin üzərinə 37,5 min manat ölçüsündə maddi ziyanı ödəmək öhdəliyi qoyan qərarını qüvvədə saxlayıb (iddiaçı 80 min manat tələb edirdi).
Məhkəmənin qərarı icra edilməyib, H.Əfəndiyevin Nəsimi Rayon Məhkəməsinə çoxsaylı müraciətlərinə cavab olaraq ona deyiblər ki, Apellyasiya Məhkəməsinin qərarı itirilib, qərarın icrasına görə kimin məsul olduğu məlum deyil.
25 dekabr 2020-ci il tarixində isə tikinti şirkətinin sahibi Nicat adlı şəxs sakinlərə açıq şəkildə mənzillərini “Fedek”in mülkiyyətinə verənə qədər oraya daxil ola bilməyəcəklərini bildirib.
E.ŞİRİNOV