"Bu gün söhbət Ermənistanın taleyindən gedirsə, yüz Qarabağ da olsa, ondan imtina etməliyik. Onsuz da Qarabağın taleyi həll olunub və Azərbaycan öz məqsədinə addım-addım yaxınlaşır".
Bu sözləri erməni dilində yayımlanan “Kinolenta 24” internet televiziyasının təşkil etdiyi telekörpünün iştirakçılarından biri, İrəvan sakini Meri deyib.
Ağlı kəsəndən “Dağlıq Qarabağ” ətrafında gedən rəsmi erməni təbliğatı ilə razılaşmadığını bildirən Meri öz arqumentlərini bu cür əsaslandırır: “34 ildir “Qarabağ bizimdir” deyənlərə mənim bir cavabım olub. Danışanda “dünya da bizimdir” deyirsiniz, lakin bir həqiqətlə razılaşmaq istəmirsiniz ki, hüquqi cəhətdən sənin olmayan nəyəsə sahiblənmək istəyinizi dünya qəbul edə bilməz”.
Meri qeyd edib ki, “özünün olmayan torpaqlara görə kifayət qədər qurbanlar vermiş” Ermənistan dövlətinin taleyinə hisslərlə yanaşmaq gələcək qarşısında ən böyük və bağışlanılmaz səhv olar.
Telekörpünün digər iştirakçısı, niderlandlı Nuneyə son zamanlar erməni təbliğat maşınının beynəlxalq ictimaiyyəti manipulyasiya etmək məqsədilə yayılan dezinformasiya barədə məlumat verilir. Telekanalın yaradıcısı Roman Bağdasaryan Laçın, Zabux və Sus ətrafında aparılan söhbətin düzgün təqdim olunmadığını etiraf edərək deyib: “Həmin məsələ 10 noyabr Bəyanatına xüsusi bənd kimi salınıb və Azərbaycan öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də Ermənistan hələ işə başlamayıb. Bu, Azərbaycan tərəfinin hüququdur ki, ona aid ərazidə məskunlaşdırılan ailələrin köçürülməsini tələb etsin”.
Vaxtilə Laçın və işğal altındakı digər yaşayış məntəqələrinin məskunlaşdırılmasının Ermənistandakı Qarabağ klanının varlanmaq istəyindən irəli gəldiyini deyən R.Bağdasaryan bu prosesin zərurətdən deyil, çirkli pulları yumaq üçün “ən yaxşı vasitə” olduğunu xatırladıb.
Sözügedən telekörpü həqiqətə işıq salmaqla bərabər, onu da göstərir ki, təkcə Ermənistanda yox, harada yaşamasından asılı olmayaraq, “günəş altında yer axtaran” ermənilər arasında öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın haqq işini başa düşənlərin sayı artmaqdadır.