Oktyabrın 7-də müxalifətdə olan Azərbaycan Demokratiya və Rifah Partiyası Rusiya hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması tələbi ilə Bakıda piket keçirib.

Onlar Rusiya ordusunun Qarabağdan çıxarılmasını tələb edən sözlər yazılmış plakatları, Azərbaycan və Ukrayna bayraqlarını qaldıraraq "Rədd olsun işğalçı Rusiya ordusu" şüarı səsləndiriblər. (Bu il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib)

Aksiya iştirakçıları bildirib ki, bu gün Ukraynada kütləvi qətllər törədən hərbçilər Azərbaycanda sülhməramlı ola bilməz. Onların demələrinə görə, Rusiya Azərbaycanda da çoxsaylı faciələr törədib: "Bu ordunu bura dəvət edənlər də cavab verməlidir ki, nəyə görə onlar Azərbaycana Rusiya ordusunu dəvət etdilər? Bu, Azərbaycan xalqına ən böyük xəyanət idi. Rus ordusu burada olunca, burada işğal olacaq".

Zorge parkında toplaşan və Rusiya səfirliyinin önünə doğru hərəkət edən aksiya iştirakçılarının qarşısını polis əməkdaşları alıb. Ona görə də aksiya iştirakçıları piket qətnaməsini parkda oxuyublar.

Aksiya iştirakçıları Azərbaycan hökuməti ilə bağlı "istefa" və başqa siyasi şüarları səsləndirməyə başlayandan sonra onlardan iki nəfər - Nizami Haqverdiyev və Hüseyn Məliki polis saxlayıb. Digər iştirakçılar isə parkdan çıxarılıb.

Aksiya ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyi və Rusiya səfirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma Rusiya rəsmiləri, bir qayda olaraq, Ukraynada dinc mülki insanların kütləvi şəkildə qətli ilə bağlı deyilənləri qəbul etmirlər. Onların iddialarına görə, Ukraynada bu ölkənin neytrallığına nail olmaq üçün xüsusi əməliyyat keçirilir. Amma müharibə başlayandan orada on minlərcə insanın həlak olduğu, milyonlarla insanın isə didərgin düşməsi ilə bağlı çoxsaylı rəsmi, qeyri-rəsmi məlumatlar yayılır.

Ukraynada isə müharibə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN