“Kiçik addımlarla biz müharibədə birbaşa iştiraka getdikcə yaxınlaşırıq”.
Bu fikirləri Macarıstanın baş naziri Viktor Orban Macarıstanın almandilli “Budapester Zeitung” qəzetinə müsahibəsində deyib.
"Qəhrəmancasına döyüşən ukraynalılar Rusiyaya qarşı müqavimət göstərə bilirlər, ona görə ki, onların Avropadan böyük dəstəyi var. Lakin Avropa indi Ukraynanı elə dəstəkləyir ki, qitəmiz eskalasiya spiralına doğru çəkilir. Hər gün müharibənin Aİ ölkələrinə yayılacağı təhlükəsi artır”, - deyə Macarıstanın baş naziri bildirib.
O, qeyd edib ki, bu proses sanksiyalarla başladı, silah tədarükü ilə davam etdi və indi biz artıq Ukrayna əsgərlərini öyrədirik.
Baş nazir vəziyyətin son dərəcə təhlükəli spiral şəklini aldığına diqqət çəkərək “Kiçik addımlarla biz müharibədə birbaşa iştiraka getdikcə yaxınlaşırıq. Əgər biz bu prosesi dayandırmasaq,onda biz özümüzü hələki, istəmədiyimiz müharibənin içində görəcəyik”, - deyə o əlavə edib.
Orban bu məsələdə NATO-nun fəaliyyətinə də toxunub.
O, vurğulayıb ki, “ NATO Aİ-dən qat-qat ehtiyatlı və təmkinli davranır. Bu, təəccüblüdür, çünki hər şeydən əvvəl Aİ daha böyük təhlükə altındadır”.
Y.MƏMMƏDLİ