Əziz ƏLƏKBƏRLİ,       

Milli Məclisin deputatı, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Açar sözlər: kommunikasiya, kodlaşdırma mexanizmi, informasiya, Vətən müharibəsi, “Məlik Məmmədin nağılı”.

Summary

THE WAY OF VICTORY THROUGH FOLKLORE 

Research approves that folklore is not only the art of verbal but also it is a single system of mythological, religious, moral and other ideas and norms. Folklore is also a way of communication between man and the world, a system of connections, a coding mechanism. In other words, folklore is not only a unique historical memory of this or that ethnos but also a transmitter of information about future events. And this system, this mechanism is controlled by a whole set of codes, passwords and symbols.

The information hidden in our centuries-old tales about the Patriotic War waged by Azerbaijan for 44 days in September-November 2020 proves it once again. The article identifies sixteen such pieces of information about the 44-day Patriotic War in Azerbaijani fairy tales, especially in "Malik Mammad's Tale".

It has been shown that the number of these pieces of information is sixteen, which is itself another coded information.

Key words:communication, a coding mechanism, information, Patriotic War, "Malik Mammad's Tale".

Резюме

ПУТЬ ПОБЕДЫ ЧЕРЕЗ ФОЛЬКЛОР

Исследования доказывают, что фольклор представляет собой не только искусство речи, но и единую систему мифологических, религиозных, нравственных и других представлений и норм. Фольклор также является средством коммуникации человека с миром, системой связей, механизмом кодирования. Иными словами, фольклор является не только уникальной исторической памятью о том или ином этносе, но и передатчиком информации о грядущих событиях. И эта система, этот механизм управляется целым набором кодов, паролей, символов.

Скрытая в наших многовековых сказках информация об Отечественной войне, которую Азербайджан вел в течение 44 дней в сентябре-ноябре 2020 года, лишний раз доказывает это. В статье выявлено шестнадцать таких сведений о 44-дневной Отечественной войне в азербайджанских сказках, особенно в «Сказке Малика Мамеда».

Тот факт, что количество этих фрагментов информации равно шестнадцати, сам по себе закодирован.

Ключевые слова: коммуникация, механизм кодировании, информация, Отечественнaя война, «Сказкa Малика Мамеда».

Beş yüz ilə yaxındır ki, dünya Mişel Nostradamusun, başqa öncəgörücülərin öncəgörmələrinin sirri üzərində baş sındırır.

Dini kitablardakı bəzi tezislərin dünya elmini yüzillər, minillər qabaqlaması da alimlərin heyrətinə səbəb olmaqdadır.

Eyni fikri dünya ədəbiyyatının bir sıra dahilərinin yaradıcılığına da şamil edə bilərik.

Bir çox fantastik yazıçıların əsərlərində gələcək elmi ixtira və kəşflərin əlli il, yüz il öncədən “tətbiqini” də az görməmişik.

Belə misalların sayını istənilən qədər artırmaq olar. Bütün bunlar nədir? Bəşəriyyətin və dünyanın gələcəyi haqqında müəyyən fövqəlqüvvələr (kosmos) tərəfindən insanlara bu və ya digər məqsədlə ötürülən informasiyalar, yoxsa insan şüurunun fövqəlgücü?! Bəlkə heç tarixi inkişaf birxətli yox, dairəvi gedir, biz tarixin dərinliklərinə endikcə bu gün getməkdə olduğumuz yolun qarşısına çıxmış oluruq?! Tarixin dərinliklərinə daha çox enib, getməkdə olduğumuz gələcəyin sərhədini qarşı tərəfdən keçəndə isə bizim üçün gələcək olan informasiyalara çatırıq?! Bəlkə buradan qaynaqlanır öncəgörmələr?!

Bütün bunlar dünyanın insanlara bəlli olmayan və ya bəlli olmasına icazə verilməyən sirləri sırasındadır.

Lakin nədənsə bugünədək belə “öncəgörmələri” folklor dünyasında axtarmaq heç kəsin ağlına gəlməyib. Halbuki insanın bütün tarixi-mədəni təcrübəsinin “yükləndiyi” folklorbu məsələdə daha çox informasiya yükünə malik olmalıdır və malikdir. Bəlkə “ağıllarına gəlməyib” deməyək, bu sirrə “ağıllarının qapısı kilidlənib” deyək?! Bəlkə bu özü də bir “sirri-Xudadır”, nağıllarımızda adi insanlar üçün açılmasına həmişə qadağa qoyulmuş “qırxıncı otaq”dır?! Lakin bu gün şüurum mənə bu barədə danışmağı və bu barədə yazmağı diktə edirsə, belə hesab edirəm ki, həmin “qırxıncı otağın” açılması icazəsi artıq mənə verilmişdir.

Əvvəl oradan başlayaq ki, folklor nədir və niyə dünyanın gələcəyi və gələcək hadisələri barədə onda daha çox informasiya gizlənə bilər.

Biz alimlər, folklorşünaslar, fikir adamları bu günə qədər daha çox bütövlükdə folklorun, yaxud müxtəlif folklor mətnlərinin, onlardakı hadisə, obraz və ayrı-ayrı elementlərin estetik funksiyalarından bəhs etmişik və edirik, lakin unutmaq lazım deyil ki, folklor ən qədim zamanlardan bu günə qədər insan cəmiyyətinin yaratmış olduğu mənəvi dəyərlər sistemidir, ümumi şəkildə desək, qeyri-maddi irsdir, deməli, insanın gördüyü, eşitdiyi, etdiyi hər bir şeydir və ilk növbədə tarixi təcrübənin toplumudur. Başqa sözlə, insan gördüyü, eşitdiyi, etdiyi hər şeyi yaddaşına köçürür, orada “emal” edir və bu və ya digər formada, bu və ya digər üsullarla gələcək nəsillərə ötürür.

Bu o deməkdir ki, folklor təkcə şifahi söz sənəti deyil, şifahi nitqlə ifadə olunmaqdan və söz sənəti olmaqdan əlavə, həm də məşhur bolqar folklorşünas-etnoqrafı, professor T.İ.Jivkov demişkən, “folklor mifoloji, dini, əxlaqi və digər təsəvvür və normaların vahid sistemini, bütövlükdə götürdükdə, etnosun özünəməxsus tarixi yaddaşını, onun təbiətə və cəmiyyətə münasibətini, əxlaqi prinsiplərini, dünyaya baxışını ehtiva edir...” [1, 56].

Bundan əlavə, nəzərə almaq lazımdır ki, folklor həm də insanla dünya arasında kommunikasiya vasitəsi, əlaqələr sistemi, kodlaşdırma mexanizmidir. Və bu sistem, bu mexanizm bütöv bir kodlar, şifrələr, işarələrlə idarə olunur. Başqa bir görkəmli alim, akademik V.N.Toporov bu sistemin strukturundan danışarkən qeyd edir ki, arxaik şüurda dünyanın təsvir olunması üçün vahidləri kosmosun əsas elementləri olan müəyyən əlifba mövcuddur [2, 60-61].

Dünya folklorşünaslığının korifeylərindən olan V.Y.Propp isə folklorun bir çox sirlərini açmaq üçün mövcud tədqiqat metodlarının yetərli olmadığını dərk edərək folklor mətnlərinin araşdırılmasında yeni tədqiqat üsulları axtarırdı. V.Y.Proppun bu axtarışlarını diqqətlə təhlil edən digər görkəmli folklorşünas B.N.Putilov belə qərara gəlir ki, bu və ya digər folklor süjetinin və ya motivinin (bəzən də janrının) sirrini açmaq üçün, birincisi, onun özəyində yerləşən etnoqrafik substratı tapmaq, ikincisi, onunla bağlı təsəvvürlər sistemini aydınlaşdırmaq, üçüncüsü isə bu substratın folklor faktına çevrilməsinin qanunauyğun və ardıcıl yolunu izləmək lazımdır [3, 10]. V.Y.Propp da elə bu yolla getmiş, dünya xalqları folklorundakı saysız-hesabsız müəmmaları açmağa nail olmuşdu.

Bir folklor tədqiqatçısı kimi güclü tarixilik hissinə malik olan V.Y.Propp folklorun gerçəkliyə münasibətini təhlil edərkən belə qərara gəlir ki, “folklor gerçəklikdən törəyir. Hətta folklorun ən fantastik obrazlarının da real gerçəklikdə kökü var” [4, 115].

Bütün bu deyilənlər hamısı folklorda təkcə keçmişin yox, bütün zamanların kifayət qədər şifrələnmiş informasiyaları olduğunu söyləməyə əsas verir. Bu, başqa düşüncə sahələrinə nisbətdə folklorun gələcəkdən xəbər vermək şansının daha çox olması fikrini də təsdiq edir.

Onda sual ortaya çıxır, folklorun belə bir informasiya gücü varsa, necə ola bilər ki, tariximizin və taleyimizin son 270 ildə ən möhtəşəm hadisəsi olan 44 günlük Vətən müharibəsi barədə onda bu və ya digər şəkildə informasiya olmamış olsun?! Üstəlik, nəzərə alsaq ki, Azərbaycan xalqı dünya xalqları işərisində ən zəngin folklor irsinə malik xalqlardan biridir, onda xalqımızın tərcümeyi-halındakı 44 günlük Vətən müharibəsi kimi önəmli bir tarixi hadisənin folklorumuzun “informasiya səbəti”ndə yer alması qaçılmazdır.

Beləliklə, keçək mətləbə.

Birinci işarə

Folklorumuzda nağıl obrazlarının geniş yayılmış titullarından biri “məlik” tituludur. Tarixən “məlik” Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan olub. Həmin mahallar isə “məliyin idarə etdiyi inzibati ərazi” anlamında “məliklik” adlandırılıb və “xanlıq”, “xaqanlıq-kağanlıq”, “şahlıq”, “sultanlıq”, “bəylik” kimi titullarla sinonim təşkil edib. O cümlədən Azərbaycan tarixindəki alban-türk şahzadələri də belə adlanıb və bu ənənə Azərbaycanda Elxanlıların İslamı qəbul etməsinə (Qazan xana) qədər davam edib. Albanlar isə xristian olduqları üçün sonralar bu ənənəyə uyğun olaraq Qarabağdakı qeyri-müsəlman bəylər “məlik” titulunu, onların idarəçiliyindəki ərazi isə “məliklik” adını saxlayıb. Həmin xristian alban-türk əhali müəyyən tarixi səbəblərdən XVIII-XIX yüzillərdə erməniləşdirildiyindən “məlik titulu erməni knyazlarına verilən addır” kimi yanlış fikir formalaşıb. Buna nəzərən Qarabağ ərazisindəki xəmsə – beş məliklik də səhvən tarixən erməni məliklikləri hesab olunub. Təsadüfi deyil ki, nağıllarımızdakı Məlik Məmməd, Məlik Əhməd, Məlik Əjdər və bu kimi obraz-qəhrəmanların ermənilərlə heç bir əlaqəsi yoxdur, ola da bilməz, zatən XIX yüzilə qədər Qarabağda erməni yaşamayıb.

Amma burada bir vacib məqam nəzərdən qaçırılmamalıdır: alban xristianlığı (alban xristian kilsəsi) və “məlikliklər” 1836-cı ilə qədər öz mövcudluğunu məhz Qarabağ ərazisində saxladığından biz bu titul sahibi olan folklor obrazlarının fəaliyyət dairəsinin məhz Qarabağ coğrafiyası ilə bağlı olduğunu iddia edə bilərik. Məsələn, cəsarətlə deyə bilərik ki, “Məlik Məmmədin nağılı”nda qəhrəmanın “məlik” titulu daşıması ilə bu və bu kimi mətnlərdə hadisələrin Qarabağ ərazisində cərəyan etməsinə işarə olunur.

İkinci işarə

Nağıllarımızda (o cümlədən qismən də “Məlik Məmmədin nağılı”nda) əsas motiv (hədəf) “qızıl alma”nın əldə edilməsidir. Dünya folklorunda geniş yayılmış “qızıl alma” motivi, məsələn, yunan mifologiyasındakı “nifaq alması” deyil, Türkün inanc sistemində “qızıl alma” “cahan hakimiyyətinin simvolu” kimi başa düşülür ki, mövcud turançılıq fəlsəfəsini həmin inanc sisteminin ekvivalenti hesab etmək olar. Deməli, bu gün üçün Türk dünyasının birliyinə açılan yol “qızıl alma”nın əldə edilməsindən keçir. Qarabağ problemi Türk dünyası birliyinə açılan yolu əngəlləyən maneə idi və “qızıl alma”ya gedən yolun açılması bu maneənin aradan qaldırılmasını tələb edirdi. Elə də oldu, 44 günlük müharibədə qazanılmış Zəfərdən sonra yüz il əvvəl Türk dünyasını ayıran yolların birləşməsi imkanı yarandı və Zəngəzur dəhlizinin açılması məsələsi 10 noyabr Bəyannaməsinə möhür kimi vuruldu.

Üçüncü işarə

Bəs bu “alma”nın arxasınca kim getməlidir? Yəni Qarabağ probleminin həllini kim bacara bilərdi? Folklor təfəkkürü bu insanın sıradan biri olmasını qəbul etmir, o, mütləq şahzadə (şah/hökmdar oğlu) olmalı idi və Məlik Məmməd şahzadə idi. Son 30 ildə Azərbaycanda hakimiyyətdə bir neçə dövlət başçısı olub, lakin Prezident İlham Əliyevə qədər heç biri şahzadə olmayıb. Deməli, Prezident İlham Əliyevə qədər heç bir dövlət başçısı Qarabağ problemini həll edə bilməzdi. Folklor informasiyası İlham Əliyevi nişan verir.

Dördüncü işarə

Folklorda Şahzadə həm almanın, həm də Divin arxasınca gedəndə Şah atasının icazəsini alaraq gedir. Prezident İlham Əliyevin 44 günlük müharibənin taleyini həll edən Şuşa qələbəsindən sonra “Ata vəsiyyətini yerinə yetirməsi” barədəki açıqlaması müvafiq folklor informasiyasını təsdiq edir.

Beşinci işarə

Məlik Məmmədin “qızıl alma”nı əldə etmək (Qarabağ problemini həll etmək) cəhdi ilk cəhd deyil, ona qədər iki dəfə belə cəhd edilir, lakin bu, baş tutmur. Məlik Məmmədin cəhdi üçüncü cəhddir. Doğrudan da, 1992-1994-cü illərdə Qarabağı düşməndən azad etmək üçün iki dəfə cəhd edilir – birinci dəfə 1992-1993-cü illərdə Elçibəy hakimiyyəti dövründə, ikinci dəfə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, 1993-1994-cü illərdə. Lakin hər iki dəfədə mövcud vəziyyətdə torpaqları işğaldan azad etmək mümkün olmur. Üçüncü cəhdi 2020-ci ildə Prezident İlham Əliyev edir və prosesi Zəfərlə başa çatdırır.

Altıncı işarə

Nağıllarımızda qəhrəmanı “qızıl alma”ya aparan yolda mütləq “qardaş xəyanəti” motivi yer alır. Bu, “Məlik Məmmədin nağılı”nda qardaşlarının Məlik Məmmədin kəndirini kəsməsi şəklində təsvir olunub. Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində torpaqlarımızın işğaldan azad edilməsi yolunda öz millətimizdən olan bəzi xəyanətkarların “xəyanəti”ni az görmədik. Lakin bunların heç biri qəhrəmanı dayandıra və prosesin Zəfərlə başa çatmasının qarşısını ala bilmədi.

Yeddinci işarə

Folklorumuzda Qarabağ problemi şərin, qara qüvvələrin təmsilçisi kimi Div, Əjdaha obrazları ilə simvollaşıb. Div qırxıncı otaqda əyləşib və başını bir dünya gözəlinin dizi üstə qoyub yatıb. Biz onun nə qədər yatdığını bilmirik, amma, yəqin, 30 il beləcə yatıb. Dünya gözəlinin simvolizə etdiyi Qarabağ isə bu Divin əsiridir, oturub öz xilaskarını gözləyir.

Səkkizinci işarə

Divin yatdığı quyuya düşmək istəyən qardaşlar yolun yarısındaca “yandım, yandım” deyib iddialarından geri dururlar, quyuya enməyə cəsarət etmirlər. Yalnız folklor qəhrəmanı yanmaqdan qorxmayaraq quyuya enir. Doğrudan da, Qarabağ problemi son dərəcə çətin bir problem idi, onun həllinə girişmək böyük risk tələb edirdi və bu işin arxasında sözün hər mənasında “yanmaq” var idi. Əsas bu “yanmaq”dan qorxmamaq idi ki, bunun üçün də İlham Əliyev cəsarəti lazım idi.

Doqquzuncu işarə

Nağıllarımızda, adətən, qəhrəman otuz doqquz otaqdan keçib, qırxıncı otağa daxil olur və Divi qırxıncı otaqda yaxalayır. Qırxıncı otağa aparan bu yol birxətli yoldur, çünki otaqdan-otağa keçir, çətin yoldur, çünki maneələrlə müşayiət olunur, şərəfli yoldur, çünki hədəfə aparan yoldur. Bu, Zəfər yoludur!

Onuncu işarə

Qəhrəman qırxıncı otağa daxil olandan sonra onun üçün ən çətin döyüş başlayır – Divlə əlbəyaxa döyüş! Azərbaycan Ordusunun qəhrəman əsgərləri qırxıncı otağı – Şuşa şəhərini məhz əlbəyaxa döyüşlə aldılar.

On birinci işarə

Qəhrəman üçün burada aydın olur ki, Divin (Qarabağ probleminin) canı şüşədədir (Şuşanın da əsl adı Şüşədir!). Demək, Divin canını almaq üçün otuz doqquz otağı keçib, qırxıncı otağa – Şuşaya daxil olmaq lazım imiş. Və qəhrəman şüşəni sındırıb (Şuşa qalasını fəth edib!) şüşənin içindəki quşun başını üzür. Bununla da Div şaqqıltı, gurultu ilə yıxılıb ölür (Qarabağ problemi həll olunur).

On ikinci işarə

Folklor mətnində şüşənin içindən çıxan quş erməniləri simvolizə edir. Əlbəttə, şüşənin içindən quş yox, başqa canlı da çıxa bilərdi, lakin folklor düşüncəsində təsadüfi heç nə yoxdur, burada quş – gerbində təkbaşlı quş həkk olunan erməniləri, dünya erməniliyini və bu müharibədə onlara havadarlıq edən, gerbində ikibaşlı quş həkk olunmuş Rusiyanı simvolizə edir.

On üçüncü işarə

Qəhrəman qırxıncı otağa qədər uzun bir yol keçir, qırx otaq qırx gün deməkdir, demək, Zəfər yolu qırx günə keçilməli, Azərbaycan əsgəri qırxıncı gün Şuşanı (qırxıncı otağı) fəth etməliydi. Onda bəs niyə müharibə qırx gün yox, qırx dörd gün çəkdi? Lakin burada nəzərə alınmalıdır ki, Şuşa şəhəri noyabrın 10-da yox, 8-də azad olundu, amma bu, yenə də 42 gün edir. Halbuki folklor informasiyasına görə, bu, qırx gün olmalı idi. Əlbəttə, folklor informasiyası yanıla bilməz və biz iddia etməyə məcburuq ki, qəhrəman Azərbaycan əsgəri Şuşa qalasına (qırxıncı otağa) noyabrın 8-də yox, məhz noyabrın 6-da daxil olub, görünür, şəhərdə bir gün düşmənlə əlbəyaxa döyüş gedib və noyabrın 8-də Şuşa şəhərinin azad olunması başa çatıb. Mən bilmirəm, bu, belə olub, yəni Azərbaycan əsgəri Şuşaya ayın 6-da girib, ya yox, amma folklor informasiyası belə olduğunu iddia edir və biz bununla razılaşmağa məcburuq.

 On dördüncü işarə

Lakin məsələ Divin öldürülməsi ilə bitmir, qəhrəman geri dönəndə yolda çayın qabağını kəsib insanları susuz qoyan Əjdahanı da öldürməli olur. Həm də o Əjdahanı ki, su əvəzində insanlardan hər gün şəhərin bir gözəl qızını alıb yeyir. Burada da işğal altında olan ərazilərdəki çayların, su anbarlarının qarşısının illər boyu düşmən tərəfindən kəsilməsi, Qarabağın gözəl təbiətinin ermənilər tərəfindən məhv edilməsi simvolizə olunur. Folklor qəhrəmanı bu Əjdahanı qılıncı ilə iki parça edərək insanları və Qarabağın gözəl təbiətini bu bəladan qurtarır.

On beşinci işarə

Daha sonra Vətənə dönən qəhrəman bu çətin yolda (44 günlük Vətən müharibəsində) Vətənə xəyanət edən “qardaşlarını” cəzalandırır ki, bu da “Birinci və İkinci Qarabağ müharibələrində Vətənə xəyanət edənlərə aman olmamalıdır” anlamına gəlir.

On altıncı işarə

Nağılın sonunda mətnin qəhrəmanı Divin əsarətindən xilas etdiyi gözəlinə (gözəl Qarabağa!) qovuşur və xalq bayram edir...

P.S. Folklor düşüncəmizdə Vətən müharibəsi ilə bağlı 16 işarənin mövcudluğunun özü də bir işarədir. Çünki Zəfərə aparan yolumuz məhz 2016-cı ilin Aprel döyüşlərindən başladı.

 

ƏDƏBİYYAT:

  1. Живков Т.И. Фолклористика литературознание - БФ. 1980. Кн.3, 175 с.
  2. Топоров В.Н. О структуре некоторых архаических текстов, соотносимых с концепцией «мирового дерева» // Труды по знаковым системам (сб. ст.). Вып. 5. Тарту: 1971, с. 9-62
  3. Путилов Б.Н. Предисловие // В.Я.Пропп. Фольклор и действительность (Изб. ст.). Москва: Наука, 1976, с. 7-15
  4. Пропп В.Я. Фольклор и действительность (Изб. ст.). Москва: Наука, 1976, 327 с.

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN