Cənubi Koreya paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində ölənlər və xasərət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Cənubi Koreyadakı səfirliyindən bildiriblər.
“Diplomatik nümayəndəliyimizin əməkdaşları hadisə baş verəndən sonra Cənubi Koreyada, xüsusən də Seulda yaşayan Azərbaycan vətəndaşları ilə, habelə yerli səlahiyyətli qurumlarla davamlı əlaqədədir və məsələni nəzarətdə saxlayır. İndiyədək səfirliyə daxil olmuş məlumatlara əsasən ölən, xəsarət alan və itkin düşmüş hesab olunanlar arasında Azərbaycan vətəndaşı yoxdur”,-deyə məlumatda bildirilir.
Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi İtavon adlı ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan vətəndaşları da daxil olmaqla 19 əcnəbi də var. Hadisədə ölənlərin çoxunun 20 yaş civarındakı gənclər olduğu bildirilir. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Seul hökumətinin məlumatına görə, hadisədən sonra 355 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Bu rəqəmə dair dəqiqləşdirmələr aparılır.
Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib. Artıq faciə ilə əlaqədar Cənubi Koreyada milli matəm elan olunub. Dövlət başçısı xalqa müraciətində hadisənin nəticələri aradan qalxanadək olan müddətin matəm dövrü elan edildiyini deyib. O, faciənin detallı araşdırılacağını və gələcəkdə oxşar hadisələrin olmaması üçün əsaslı qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib. Prezident Yun Sok Yol hadisə yerinə baş çəkib, səlahiyyətli qurumlara müvafiq tapşırıqlar verib. Avropada səfərdə olan Seul meri Oh Se-hun hadisə ilə əlaqədar səfərini yarım qoyaraq ölkəsinə qayıtmağa qərar verib.
Bu, Cənubi Koreyada 2014-cü ildə çoxu məktəbli olmaqla 304 nəfərin ölümü ilə nəticələnən bərə qəzasından sonra kütləvi insan tələfatına səbəbə olan ilk hadisədir. Bildirilir ki, çox sayda insan tələfatına səbəbə olan şənlik COVID-19 pandemiyası başlayandan sonra keçirilən ilk Hellouin şənliyidir.
TEZADLAR.AZ