Göyərtəsində nüvə başlıqları olan Amerikanın B-52 strateji bombardmançı təyyarələri Yaxın Şərq ölkələrinin üzərində uçub.
Bu barədə “Politico” məlumat yayıb.
Hərbi Hava Qüvvələrinin generalı Maykl Kurilla, "Bu bombardmançı qrup missiyası bizim regional təhlükəsizliyə sadiqliyimizi və regiondakı tərəfdaşlarımızın döyüş qabiliyyətini nümayiş etdirir" deyib. O, ABŞ ordusunun müttəfiqləri ilə birlikdə İranın “istənilən çağırışına qətiyyətlə cavab verməyə” hazır olacağı ilə hədələyib.
Açıqlamada deyilir ki, missiya zamanı 2-ci Bomba Qanadının iki strateji bombardmançı təyyarəsi Luizianadakı bazadan havaya qalxıb. Missiyada ABŞ-ın 13 tərəfdaş ölkəsinin hərbi hava qüvvələri iştirak edib.
ABŞ Müdafiə Nazirliyinin nümayəndələri İranın qonşu İraqa qarşı hərbi təcavüzü barədə məlumat veriblər. Bununla əlaqədar ABŞ və Səudiyyə Ərəbistanının silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Həmçinin qeyd edilir ki, Tehran Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum planlaşdırır.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, İran diqqəti daxili etirazlardan yayındırmaq üçün Səudiyyə Ərəbistanına “qaçılmaz hücum” hazırlayır. Eyni zamanda sosial şəbəkələrdə İranın Qum şəhərindəki Cəmkəran məscidinin günbəzi üzərində qırmızı qisas bayrağının qaldırıldığı video müzakirə olunur. İstifadəçilər bu jestin müharibə elanı anlamına gəldiyini düşünürlər.
E.ŞİRİNOV