Bu gün ümumi inkişafınından, təhsilə, məktəbə maraq və bağlılığından, 700 nərərə yaxın ali təhsillisinin, dünya şöhrətli alim Xudu Məmmədov və onun davamçıları olan 42 nəfər (5 nəfəri xanım olmaqla) alimindən, mədəniyyət və incəsənət adamlarından, adlı-sanlı  jurnalistlərindən, şair və yazıçılarından...  xəbərdar olan insanlar tərəfindən Mərzili kəndini ziyalılar kəndi  kimi xarakterizə edirlər.

Kəndimizin bu imici qazanmasında xüsusi rolu olan insanlarımızdan biri də Mərzilidə ilk dəfə orta məktəbin yaradılmasında, bu məktəbin təkcə rayonumuzda deyil, eləcə də respublikamızın qabaqçıl təhsil müəssisələrindən birinə çevirilməsində direktor və müəllim kimi həlledici rolu olan Bayram Məhəmmədəli oğlu Bayramovdur (1934, 27 may-2013, 7avqust). Bayram müəllim fizika və riyaziyyat elmlərinin bilicisi kimi tanınırdı. Onun rəhbərliyi dövründə kəndimizdə təhsil sahəsində əldə edilən uğurlara, bir çox alimlərimizin,  tanınmış eloğlularımızın yetişməsindəki  Bayram müəllimin inkaredilməz  zəhməti həmişə yüksək qiymətləndirilmişdir. Onun həyat və fəaliyyətinə yüzlərcə məqalələr və “Müəllimliyin Bayram müəllim zirvəsi” adlı kitab həsr edilmişdir...

Ancaq bu məqalədə Bayram müəllimin Rusiyanın Sankt-Peterburq Dövlət Univerisitetlərində dərs deyən, vətənimizi hüquq və texnika elmlərinin alimləri  kimi layiqincə təmsil edən iki oğlundan bəhs etmək istəyirəm-maraqlı həyat hekayələri olan Şakir və Əvəz qardaşlarından. Qısa məlumatlarla istəyirəm ki, bu istedadlı qardaşları xalqımıza tanıtdırım. O qardaşlar ki, çoxuşaqlı ailədə dünyaya gəliblər, Qarabağ müharibəsinin gətirdiyi köçkünlüyün sarsıntılarını yaşayıblar. Ancaq sınaqların öhtəsindən inadkarlıqla gəlməyi bacarıblar. İstedadları ilə uğur qazanıblar. Bir müdrik deyib ki, istedad da, şöhrət də inkişaf üçün hərəkətverici qüvvədir, sadəcə istedad insanı öz istədiyi səmtə aparır, şöhrətin isə hara aparacağı bəlli deyil.

Ataların "Ot kökü üstə bitər" sözünü və xalq şairi B.Vahabzadənin dediyi iki misralıq şeiri də Bayramov qardaşlarına aid edirəm:

Daşın dibindən də göyərib çıxar        

Çiçəyin toxumu dolu olanda.

Bayram müəllimin 7 övladından ikincisi Bayramov Şakir Bayram oğludur. O,  1969-cu ildə Mərzilidə dünyaya gəlib. İlk natamam orta təhsilini də kəndimizdə aldıqdan  sonra 1984-cü ildə Bakı şəhərindəki  1№-li fizika-riyaziyyat təmayüllü məktəbə daxil olub. 1986-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir. Ali təhsil almaq həvəsi  Şakir Bayramovu  Leninqrad Texnologiya İnstitutuna aparıb çıxarır. 1993-cü ildə bu ali məktəbi bitirsə də özünü humanitar sahədə görmək istəyir. Ona görə də Sankt-Peterburq Univerisitetinin hüquq fakultəsinə daxil olur. 2001-ci ildə uğurla hüquq fakultəsini bitirir və 2002-2005-ci illərdə həmin univerisitetdə  aspirantura təhsili alır. Təbii ki, çəkilən zəhməti öz bəhrəsini verməli idi. 2006-cı ildə Şakir Bayramov dissertasiyasını uğurla başa vurur və hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəyə yiyələnir.

Şakir Bayramov hələ 2003-cü ildən Sankt-Peterburq Mülki Aviasiya Univerisitetində əmək fəaliyyətinə başlamış və əsasən də Beynəlxalq Hüquq kafedrasında müxtəlif vəzifələr icra etmişdir. O, 2009-cu ildə dosent adını almışdır. Qeyd etmək yerinə düşər ki, Şakir Bayramov  dosent kimi 2006-2016-cı illərdə Beynəlxalq Hüquq kafedrasına rəhbərlik etmiş, kafedra müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda 2 il hüquq fakultəsinin dekanı olmuşdur. Ancaq 2016-cı ildə Beynəlxalq Hüquq fakultəsində  dəyişiklik olarkən  Şakir müəllim yeni yaradılan Nəqliyyat Hüququ kafedrasında çalışmalı olur və hal-hazırda da orada elmi-pedaqoji fəaliyyətini davam etdirməkdədir.

Şakir Bayramov zəngin elmi yaradıcılığa malik olan elm adamıdır. O, 70-dən çox elmi işin, 8 monoqrafiyanın, təhsildə istifadə olunan 14 dərsliyin, yüksək ali attestasiya komissiyasının jurnallarında çap olunmuş çoxsaylı məqalələrin müəllifidir. Eyni zamanda 2006-cı ildən bu günədək Şakir müəllim Beynəlxalq Hüquq fəakultəsinin aspiranturasının rəhbəridir. Bu müddət ərzində onun özü 12 nəfər aspirant yetişdirib ki, onlardan da 4 nəfəri namizədlik dissertasiya müdafiə edib.

Şakir müəllimin üzərində işlədiyi mövzuların əsas istiqaməti beynəlxalq terrorizmə və siyasi terrorizmə qarşı mübarizə mövzularıdır. Onun  yaxın günlərdə növbəti elmi əsəri kitab halında işıq üzü görəcəkdir. Şakir müəllimin bütün elmi əsərlərini internetdən izləmək mümkündür.                                                                                      ***

Ailənin 4-cü övladı olan Bayramov Əvəz Bayram oğlu  1972-ci ildə Mərzilidə anadan olub. O da Mərzili kənd 8 illik məktəbini bitirdikdən sonra Bakıdakı  1 №-li fizika-riyaziyyat təmayüllü internat məktəbinə daxil olub. Həmin məktəbdə oxuduğu zaman (1988-1990), yəni şagird olduğu dövrdə Əvəz elm sahəsində yüksək qiymətləndirilən nailiyyətlərə imza atmağı bacarıb. Belə ki, o zaman hər bir institut  əsasən  fizika və riyaziyyatdan olimpiadalar keçirərdilər. Əvəz də IX sinifdə oxuduğu zamandan vaxtının imkan verdiyi bütün olimpiadalarda iştirak edərdi. Hər dəfə də yüksək nəticə göstərərdi. Ona görə də X sinifdə oxuyarkən Əvəz 20-yə yaxın diplom və fəxri fərmanlar qazanmışdı. Onların əksəriyyətini də,  I və II yerlər olmaqla institutlar tərəfindən verilmişdi. Məsələn, Əvəz BDU-də  riyaziyyat üzrə II yeri, 1993-cü ildə respublika olimpiadasında III yeri tutmuşdur. O zaman bu cür uğurları hər kəsin əldə etməsi mümkün deyildi.  Sadalanan uğurlar xüsusi istedada malik  gənclərin  arzusu ola bilərdi.

Əvəz Bayramov 1990-cı ildə, şagird olarkən Moskvada nəşr olunan “Kvant” jurnalının riyaziyyat bölməsinin qalibi olub. Jurnalda həmişə olduqca çətin suallar qoyulardı. Əvəz “Kvant”a özünü həmişə Mərzili kənd məktəbinin şagirdi kimi təqdim edərdi. Onun bu cəhəti ailə tərbiyəsindən, el-obaya, doğma Mərziliyə bağlılığından irəli gəlirdi.

O zaman institutların keçirdikləri olipiadalar təbiət elmlərinə təkcə maraq yaratmırdı, eyni zamanda həmin elm sahələrinə gənclərin meyl etməsinin stimulu idi.

Əvəz 1990-cı ildə fizika-riyaziyyat təmayüllü məktəbi bitirir və BDU-nin fizika-riyaziyyat fakultəsinə daxil olur. O, çətinliklə sənədlərini ilk dəfə açılan mexanika və tətbiqi riyaziyyat ixtisasına verir. Çətinliyin səbəbi o zamankı içtimai-siyasi hadisələrlə bağlı idi. Belə ki, SSRİ çökməkdə, qarışıq bir dövr, əli çatan bir çox imkanı olanlar, sözü keçən insanlar da öz adamlarını həmin ixtisasa salmaq istəyirdilər.  Beləliklə,  Əvəzi çox böyük müsabiqə və maneələr gözləyirdi. Amma atası Bayram müəllimin səyi nəticəsində təşkil olunan apelyasiya nəticəsində Əvəz həmin ixtisasa düşə bildi. O, apelyasiyada iki “5” almaqla arzusunu gerçəkləşdirdi  və univerisitetin mexanika və tətbiqi riyaziyyat ixtisası üzrə ali təhsilinə başladı.

90-cı illərin əvvəlində Qarabağda düşmənlər hadisələri  fəal hərbi əməliyyatlara çevirmişdilər. Ağır müharibə dövrü idi. Əvəz də bu hadisələrdən kənarda qala bilməzdi. O, ən azından ayda bir neçə dəfə kəndə baş çəkirdi, kəndimizin müdafiəsi ilə maraqlanırdı. Hətta, bir ara təhsilini yarımçıq qoyaraq könüllü olaraq döyüşlərə qatılmaq istəmişdi. Elə bu istəklə də Əvəz Qarabağda 1991-1992-ci illərdə döyüşlərin ən qızğın çağında könüllü olaraq BDU-də yaradılan batalyona yazılmışdı. 6 ay çəkən təlim də keçməyə başlamışdı. O, bu təlimlərlə bərabər hərbi kafedrada da hərbi biliklərə yiyələnirdi. Ancaq Azərbaycanda baş verən hərbi-siyasi hadisələr Əvəz və onun kimi vətənsevər gənclərin cəbhəyə getməsinə imkan vermir. 1993-cü ildə ilk dəfə ləğv olunan Əvəz Bayramovun da yazıldığı batalyon oldu. Bununla da aldığı hərbi biliyi və cəbhəyə getmək istəyi yarımçıq qaldı.

O zaman Azərbaycandakı mürəkkəb hərbi-siyasi vəziyyətə baxmayaraq dünyanın qabaqçıl univerisitetləri  Azərbaycandakı  istedadlı tələbələrlə ciddi şəkildə maraqlanırdılar. 1993-1994-cü tədris ilində gənclər arasında intellektual səviyyənin müəyyənləşdirmək məqsədi ilə böyük bir olimpiada keçirilir. Əvəz Bayramov bu olimpiadanın qalibi oldu. Münsiflər onun riyazi ideyalarını çox yüksək qiymətləndirdilər. Çalışdılar ki, onu xaricə göndərsinlər. Heyif ki, o zamanın real həyat çətinlikləri Əvəzin bu təklifdən imtina etməsinə səbəb oldu. O, 1996-cı ildə BDU-ni qırmızı diplomla bitirdi. Dövlət imtahan komissiyasının sədri, Moskvadan təyinat alaraq gəlmiş akademik Vaqif müəllim Əvəzi özünün aspirant götürdüyünü elan etdi və BDU-dəki aspirant yerini Əvəzə verəcəyini dedi. Beləliklə, Əvəz Bayram oğlu 1997-ci ildə Vaqif müəllimin rəhbərliyi altında aspiranturaya daxil olur. Çox heyif ki, o zaman yeni mexanika ixtisası üzrə olan  BDU-kı aspirant yerini mexanika institutu təsdiq etməli idi. Mexanika institutunda da qarışıqlıq, özbaşınalıq, yerlibazlıq hökm sürdüyündən Əvəzlə Vaqif müəllimin eyni bölgədən olmasını əsas gətirərək imtina edirlər. Hətta,  Əvəzə təklif edirlər ki, bu sahədən əl çək. Əksinə, Əvəzin adına açılan yerə düşmək üçün bir çoxları dəridən-qabıqdan çıxırdılar. Onu məyus edərək başqa yolla getməyə məcbur etdilər...

Ancaq Əvəz Tanrının verdiyi istedadına, qabliyyətinə və elmi rəhbərinin ona olan ümidlərinə güvənərək arzusundan əl çəkmədi. Təəssüflər ki, zamanın əsən küləyi Əvəzin  Azərbaycandakı işlərini yarımçıq qoymasına və 1997-1998-ci tədris ilində vətəni tərk etmsinə səbəb oldu.  O, vaxtında bildi ki, ideyalarını burada həyata keçirmək, inkişaf etmək mümkün deyildir. Odur ki, buradakı işlərini yarımçıq qoyaraq Rusiyaya üz tutdu.

Əvəz Bayramov 1997-ci ildə Sankt-Peterburq şəhərinə getməyə qərar verdi. 1998-ci ildə Sankt-Peterburq Dövlət Univerisitetinin mexanika kafedrasının aspiranturasına daxil oldu. Əvəz qarşılaşdığı çətinliklərlə əlaqədar olaraq oranı tərk edir və 1999-2004-cü illərdə Leninqrad Dövlət Mülki Aviasiya Akademiyasının mexanika kafedrasının aspiranturasını bitirir. 2006-cı ildə elmi işini müvəffəqiyyətlə yekunlaşdıraraq müdafiə edir və texnika elmləri namizədi adını alır. Əvəz Bayramov hal-hazırda dosentdir və Sankt-Peterburq Mülki Aviasıyasının  Mexanika kafedrasının müdiridir.  Eyni zamanda o, univerisitetin bir neçə kafedrasında elmi şuranın üzvüdür.

Əvəz müəllim 60-dan çox elmi əsərin, yüksək qiymətləndirilən və tədris olunan, aspirantlar üçün qiymətli  mənbə olan  5 kitabın-dərsliyin  müəllifidir. Onun 25-dən çox məqaləsi elmi dərəcəsinə görə nüfuzlu elmi jurnallarda çap olunmuşdur...

Bəli, Bayramov Şakir və Əvəz qardaşları vətənlərindən çox-çox uzaqlarda xalqımızı elmi-pedaqoji fəaliyyətləri ilə yüksək səviyyədə təmsil etməkdədirlər. Onlar talelərini elmə bağlamış ziyalılarımızdandır. Deyirlər ki, taleyini xalqının taleyinə bağlayan insanların ömrü millətin ömrü qədər olur. Mən də uğurlarınız bol  olsun eloğlularım, deyirəm.

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN