Rusiya Baş Prokurorluğu qadınların prezidentlə görüş tələb etməsindən sonra “V Kontakte” sosial şəbəkəsində “Analar və qadınlar şurası” qrupunu bloklayıb.
Görüş baş tutub, amma hamı buna nail ola bilməyib. Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, Qrup üzvləri bir şeyə əmindirlər: Kreml onlardan sadəcə qorxur. Xatırladaq ki, “Analar və qadınlar şurası” səfərbər olan rus gənclərinin ən yaxın qohumlarından ibarətdir (89 şəhərin qadınlarından ibarətdir). Onların əsas vəzifəsi səfərbər edilmiş hərbçilərin evə salamat qayıtmasıdır. Bundan başqa, bu qrupun üzvləri “ölkəni qanlı silahlı münaqişəyə sürükləyən hakimiyyət sisteminə” inamsızlıq haqqında “qətnamə” qəbul ediblər”. Bu barədə Qərb mediası da yazır. Qərbli politoloqların fikrincə, məhz bu qətnamə Şuraya hökumət tərəfindən inzibati təzyiqlərə səbəb ola bilər. Sənəddə VK qrupuna daxil olan qadınlar Rusiya ordusunda oğurluğun geniş vüsət aldığını və mövcud hakimiyyətə tam inamsızlıq olduğunu bildiriblər. Sitat: “Biz görürük ki, ölkə və ordu rəhbərliyi korrupsiyaya düçar olub. KİV-in məlumatına görə, Putinin klanı dünyanın ən zənginidir. Rusiya ordusu, demək olar ki, dağılıb və son həddə çatdırıldı...".
Qərb informasiya mənbələri bildirir ki, qruplaşma fəalları cəbhə bölgəsinə göndərilməzdən əvvəl səfərbər olunanların döyüş sursatları və döyüş hazırlığının olmaması ilə bağlı problemlərin həlli ilə əlaqədar müxtəlif səviyyəli hakimiyyət nümayəndələrinə dəfələrlə müraciət ediblər. Qrup üzvlərinə məlumat verən mənbələr barədə məlumat verilmir. Məlumdur ki, qrup üzvləri səfərbər olunanların cəbhə xəttindən çıxarılmasına nail olmaq üçün Ukraynada döyüş bölgəsinə səfər ediblər.
Rusiya Federasiyasının Baş Prokurorluğu isə “Analar və Qadınlar Şurası” təşkilatının ABŞ kəşfiyyat xidmətləri tərəfindən dəstəkləndiyini açıqlayıb. Qeyd olunur ki, Putinlə səfərbər olan əsgər anaları arasında 25 noyabr 2022-ci ildə baş tutan görüşdə “Analar və Qadınlar Şurası”nın üzvü olan qadınlarından heç biri iştirak etməyib.
A.Məmmədli