“...Yeganə çıxış yolu birləşməkdir”.
Moldova prezidenti Mayya Sandu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gəlməsinə kömək etməyə çağırıb..
Bu barədə Moldovanın “NewsMaker” nəşri məlumat yayıb.
Sandu ölkələri Ukraynaya qalib gəlməyə kömək etməyə çağırıb, əks halda onun təbirincə desək, “hər birimiz təhlükə altında olacağıq”.
"Biz demokratiyaya inanırıq, demokratiyaya dəyər veririk, azad dünyanın bir parçası olmaq istəyirik və yeganə çıxış yolu birləşməkdir. Bəli, çətindir, lakin biz Ukraynaya bu müharibədə qalib gəlməyə kömək etməliyik, çünki əks halda hər birimiz bu müharibədə olacağıq... Biz Rusiyanı yaxın gələcəkdə demokratik ölkə kimi görmürük, bu da təhlükənin qalması deməkdir”, - Sandu bildirib.
O, Moldovanın üzləşdiyi enerji böhranından da danışıb və ölkəsinin bu çətinliklərin öhdəsindən “xüsusən də Avropa İttifaqından və tərəfdaşlardan aldığımız böyük yardım sayəsində” gəldiyini vurğulayıb.
Xatırladaq ki, Moldova Prezidenti bir müddət əvvəl də verdiyi açıqlamasında Kremlin Ukraynada etdiyi hər şeydən sonra Rusiya ilə konstruktiv münasibət saxlamaq üçün heç bir yol görmədiyini və ölkəsinin onilliyin sonuna qədər Avropa Birliyinə üzv olmasının vacibliyini bəyan etmişdi.
Qeyd edək ki, Avropa ölkələrinin bir çoxu Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra onu ölkələrinə real təhlükə kimi görür və bu müharibədə birmənalı olaraq Ukraynanın qalib gəlməsini arzulayırlar. Və buna görə də Ukraynaya hərtərəfli dəstək göstərilir...
Y.MƏMMƏDLİ