Əgər Almaniya hökuməti icazə versə, 12 ölkə 100-ə yaxın Alman “Leopard” tankının Kiyevə verilməsinə hazırdır.
Bu barədə ABC telekanalı yüksək vəzifəli ukraynalı məmura istinadən xəbər verib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, müvafiq razılıqlar Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında Ukraynaya dəstək üzrə təmas qrupunun görüşündə əldə olunub.
Finlandiya və Polşa artıq Kiyevə hərbi texnika ötürməyə hazır olduqlarını açıqlayıblar, İspaniya, Danimarka və Hollandiya müəyyən sayda tank köçürmək istəyir. Rəsmi vurğulayıb ki, Ukraynanın silaha ciddi ehtiyacı var, çünki öz ehtiyatları tükənib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, alyans ölkələri Ukraynaya göndərilmək üçün “Leopard” tanklarının hazırlanmasına başlaya bilər. Onun fikrincə, NATO yaxın vaxtlarda Kiyevə avadanlığın tədarükü ilə bağlı qərar qəbul edəcək, çünki “indi buna ehtiyac var”.
E.ŞİRİNOV